Tanınmış müğənni Elnarə Xəlilova solisti olduğu bəstəkar Vaqif Gərayzadənin keçmiş “W-Trio” qrupu, ifaçı həmkarları Röya Ayxan və Natavan Həbibi haqqında düşüncələrini Axsam.az saytına bölüşüb:

“Bəstəkar Vaqif Gərayzadə “W-trio” qrupuna əvvəlcədən proqnoz qoymuşdu ki, iki il davam edəcək. Elə də oldu, iki ildən sonra qrup dağıldı.

Biz Vaqif Gərayzadənin ilk triosu deyildik. Bizə qədər o, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Almaz Ələsgərli kimi ulduzları estradamıza bəxş etmişdi. O, bir çox ulduzları parıldatdı. Mənə elə gəlirdi ki, bizim qrup on il davam edəcək. Qrupu ilk Röya tərk etdi ki, solo oxumağa başlayacağam. Röya gedəndən sonra qrupun bütün ağırlığı mənim üstümə düşdü.

Onlar arasında tək musiqi savadı olan, not bilən mən idim. Qızlara bir sıra şeyləri mən öyrədirdim. Vaqif müəllimin ilk tapşırığı Röyanın yerinə adam gətirmək oldu. Səidə Sultanı tapdım, iki ay onu öyrətdim. Halal xoşu olsun. Daha sonra mən getdim. Natavan Həbibi “kapitan” oldu, sona kimi qaldı”.

E.Xəlilova “Sizin qrupun qızlarının Aygün Kazımovanın bek-vokalçısı olduğu deyilir. Bu ifadəyə başqa iki müğənni əsəbləşsə də, siz normal qəbul edirsiniz” sözlərinə belə münasibət bildirib:

“Bu ifadə məni qıcıqlandırmır. Bek-vokal oxumaq fitri istedad tələb edir. Müğənni nəyisə səhv oxuyursa, onu bek-vokalçı düzəldir. Tarkan, Ebru Gündeş, Sertap Erener nə vaxtsa kiminsə bek-vokalçısı olublar. Hər adam bunu bacarsaydı, özü oxuyardı da, məni niyə çağırırdı? Vaqif Gərayzadənin mahnılarının 90 faizinin bek-vokalını mən və Natavan oxuyub. Röya bek-vokal oxumağı bacarmır. O konsertlərdə oxumurdu, ancaq yanımızda dayanıb, bizi güldürürdü.

Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Ağadadaş Ağayev, Brilliant Dadaşova kimi ulduzların mahnılarında bek-vokal oxumuşuq. Bu eyib deyil, bacarıqdır, istedaddır. Bu işdən utanmıram, əksinə, sevinirəm ki, musiqiçi kimi özümü təsdiq etmişəm”.

Xatırladaq ki, Elnarə Xəlilova 2006-cı ildə teleaparıcı Rövşən Cahangirovla ailə həyatı qurub. Qızı Burla Xatun (9 yaş), oğlu Tuğər Harun (7 yaş), üçüncü övladı Öndərdən (5 yaş) sonra bu il dördüncü dəfə ana olub. Müğənninin dördüncü körpəsi oğlandır. Ulduz oğlunu Ərtoğrul adlandırıb.

 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın