BakıKartla işləyən avtobusların sayı artdıqca dayanacaqlardakı aparatların (BKSYA) önündə növbələr də uzanır. Buna səbəb ödəmə aparatlarının sayının az olması, eləcə də, ödəniş kartı kimi yalnız “BakıKart”dan istifadə edilməsidir. Belə ki, bəzi hallarda bir dayanacaqda aparat tapmayan vətəndaş başqa dayanacağa qədər piyada getməli olur. O cümlədən “BakıKart”ını zəlzələdənmi-vəlvələdənmi evdə, ya da cibində unudan vətəndaş yeni kart almaq məcburiyyətində qalır, ya da kimdənsə yerinə ödəniş etməsini xahiş edir. Bəs durumdan çıxış yolu nədədir?

İqtisadçı-Ekspert Samir Əliyev
İqtisadçı-Ekspert Samir Əliyev

Oxu.Az-a durumu açıqlayan iqtisadçı-ekspert Samir Əliyev bildirdi ki, Bakı Metropolitenində belə aparatların sayı çox olsa da, avtobus dayanacaqlarında onların sayı birdən çox deyil:

“Bəzən dayanacaqdakı aparatlarda texniki problem olur və bu, durumu daha da çətinləşdirir. Bir sıra dayanacaqlarda quraşdırılan MilliÖn aparatlarının dəstəyi də yetərli deyil”.

Şəhər nəqiyyatında nağdsız ödənişə keçidin təqdirəlayiq olduğunu deyən S.Əliyev bildirir ki, əhali bu sistemə tam öyrəşib:

“Müəyyən qədər infrastruktur da qurulub. Ancaq bu infrastruktur köhnəldikcə daha çox yatırım tələb edəcək. Təsəvvür edin, bir dayanacaqda aparatın bir neçə saat işləməməsi sərnişinlərin işini nə qədər çətinləşdirir. Xarici ölkələrdə də dayanacaqlarda, adətən, 1-2 aparat quraşdırılır. Ancaq orada bizdəki kimi növbələr yoxdur. Niyə? Səbəb çox sadədir. Xarici ölkələrdə differensial tarif sistemi tətbiq edilir. Adətən, tarif bir gedişlik, günlük (sutkalıq), həftəlik, aylıq, hətta illik olur. Gediş sayı artdıqca bir gedişin dəyəri də aşağı düşür. Məsələn, bir gedişin haqqı 1 avrodursa, aylıq ödəniş zamanı tarif aşağı düşür və bir gediş haqqı təxminən 50 sentə qədər ucuzlaşır. Əhalinin xərcləri azalır və aparatların qarşısında vaxt itirmirlər. Nəqliyat şirkətlərinin qazancı isə qısa müddətdə böyük məbləğdə birdəfəlik vəsait əldə etmələri olur. Azərbaycanda da, nəhayət ki, sərnişindaşımada differensial tarif sisteminə keçilməlidir. Əgər birdəfəlik gediş haqqı 20 qəpikdirsə, niyə aylıq gediş 15 qəpiyə olmasın?”

Ekspert ödənişin rahatlığı məsələsinə də toxundu:

“Əhali hələ də “BakıKart”dan asılı vəziyyətdədir. İtirdikdə və ya təsadüfən evdə unutduqda yenisini almaq məcburiyyətində qalır. Halbuki çıxış yolu ödəniş sistemini başqa kartlara da uyğunlaşdırmaqdır. Bunun üçün debet (maaş, pensiya və b.) və kredit kartları, eyni zamanda, mobil telefon vasitəsilə ödənişə imkan verən NFC (Near-field communication) sisteminin tətbiqinə başlanmalıdır”.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr bölməsinin sektor müdiri Mais Ağayev isə vurğuladı ki, indi prioritet məsələ paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşımada nağdsız ödəniş sisteminin tam tətbiqinə nail olmaqdır:

“BNA-nın bu istiqamətdə apardığı işlər nəticəsində 20 marşrut xətti üzrə 478 avtobusda nağdsız ödəniş sisteminə keçid təmin edilib. Qarşıdakı il üçün daha 700 avtobusun bu sistemə qoşulmasını planlaşdırırıq. Yalnız bütün marşrut xətləri üzrə nağdsız ödəniş sistemi tam tətbiq edildikdən sonra müəyyən yeniliklərin aparılmasından danışmaq olar”.

O ki qaldı aparatların sayının azlığına, M.Ağayevin sözlərinə görə, Bakı Metropoliteninin stansiyalarında 145, avtobus dayanacaqlarına 54 aparat quraşdırılıb:

“Eləcə də, 186 ədəd MilliÖN aparatı ilə kartların yüklənməsini həyata keçirmək olur”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın