Ermənistanın Respublikası Xarici İşlər naziri Edvard Nalbandyanın dediyinə görə, görüşlərdə Vyanada nail olunmuş razılıqların  həyata keçməsi ilə bağlı məsələlərin müzakirə edilməsi nəzərdə tutulur. Erməni nazir deyib ki, İlham Əliyev və Serj Sarkisyanın görüşü zamanı  sənədlər imzalanmayacaq. “Bu görüş danışıqların sonrakı mərhələsinə imkan verəcək. Daha yüksək səviyyəli görüşlər ola bilər. Vyana razılaşmasında yüksək səviyyəli görüşlərə məhdudiyyət qoyulmayıb. Amma biz müzakirələrin bərpa olunması haqqında danışarkən hər hansı bir razılaşmanın imzalanması haqqında danışmaq nəinki tezdir, hətta imzalanmalı olan hər hansı bir sənəd belə yoxdur. Danışıqların məqsədi də məhz münaqişənin yeni həll yollarının hazırlanmasıdır”.

Nalbandyan deyib ki, Azərbaycan və Ermənistan arasında danışıqların yeni mərhələsi barədə razılıqlar iyun ayında əldə olunacaq. “Hələ ki, görüşlərin keçirilmə yeri təyin edilməyib. Ümumilikdə ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqların bərpası üçün şərtləri açıqlayıb. Monitorinqin imkanlarının yaradılması və ATƏT-in şəxsi nümayəndəsinin səlahiyyətlərinin genişləndirilməsi baş verəcəksə, o zaman danışıqlara başlamaq mümkün olacaq. İndi bütün səylər məhz bu istiqamətdə aparılır”.

Ermənistanın Qarabağ ultimatumuna Azərbaycan XİN-dən cavab

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev E.Nalbandyanın bəyanatını şərh edərkən deyib ki, Vyana görüşünün nəticəsi olaraq irəli sürülən təkliflər bir-biri ilə bağlıdır: “Atəşkəs rejiminin məqsədi hərtərəfli və substantiv danışıqlara başlamaq üçün zəmin yaradılmasıdır. Münaqişənin həllinə dair hərtərəfli siyasi prosesin tərkib hissəsi kimi isə qəbuledilməz və qeyri-davamlı olan status-kvo dəyişdirilməli və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Əgər Ermənistan atəşkəs istəyirsə, atəşkəsin pozulmasının səbəbi olan Ermənistanın işğal faktına və Ermənistan qoşunlarının Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğuna son qoyulmalıdır. Münaqişənin həllinin əsasları artıq çoxdan məlumdur. Ermənistan xarici işlər naziri öz xalqını sülhə hazırlamalı və münaqişənin həlli prosesi barədə düzgün məlumatlandırmalıdır. Təəssüf ki, biz yalnız bunun əksini görürük”.

XİN rəsmisinin sözlərinə görə, Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişənin həlli ilə əlaqədar hərtərəfli və substantiv danışıqlar prosesinə hazırdır: “Bu ayın axırında xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub”.

Aprel hadisələrindən sonra Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə danışıqlar masası arxasına mayın 16-da Avstriyanın paytaxtı Vyana şəhərində əyləşiblər.

Həmin görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə təşkil edilib.  Prezidentlərin görüşündə ATƏT-in Minsk qrupunun həmsdərləri, ABŞ dövlət katibi Con Kerri, Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro iştirak edib. Görüş iki saatdan artıq davam edib.

Toplantının sonunda ATƏT-in Minsk qrupu bəyanatla çıxış edib. Sənəddə deyilir ki, prezidentlər atəşkəsə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiqləyiblər. Tərəflər həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə itkin düşmüş şəxslər barəsində məlumatların mübadiləsini davam etdirmək barədə razılığa gəliblər.

 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın