E.Məmmədyarov: Suriyadan Qaçan Ermənilər Qanunsuz Olaraq Qarabağda Yerləşdirilir

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi (xarici işlər naziri) Pol Riçard Qalaqerin (Paul Richard Gallagher) başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən YALAN.info Online Xəbərlər və İnformasiya Saytına verilən məlumata görə, tərəflər Azərbaycan və Vatikan arasında əlaqələrin inkişafından məmnun olduqlarını bildiriblər. 24-27 sentyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin və 6 mart 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vatikana rəsmi səfərlərinin, eləcə də Roma Papası II İoan Pavelin 2002-ci ilin may ayının 22-də və Papa Fransiskin 2016-cı il oktyabr ayının 2-də ölkəmizə həyata keçirdikləri tarixi səfərlərin Azərbaycan-Vatikan əlaqələrində yeni mərhələ açdığı xüsusilə qeyd olundu.

Azərbaycanın tarixən müxtəlif mədəniyyətlər və dinlərin nümayəndələrinin sülh şəraitində birgə yaşadığı məkan olduğunu bildirən nazir Elmar Məmmədyarov Azərbaycanın milli tolerantlıq ənənələri əsasında dünyada sülh şəraitində birgə yaşayış, qarşılıqlı hörmət və multikulturalizm ideyalarını təşviq etdiyini diqqətə çatdırdı. Bu xüsusda, ölkəmizin təşəbbüsü ilə keçirilən Beynəlxalq Humanitar Forum və Mədəniyyətlərarası və Dinlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulandı.

Ölkəmizdə olmasından məmnunluğunu bildirən P.R.Qalaqer Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanı çox faydalı müzakirələrin aparıldığını bildirdi. Azərbaycanda katolik icmasına göstərilən dəstək və qayğıya görə öz təşəkkürünü bildirən arxiyepiskop ölkəmizdə tolerantlıq səviyyəsini və başqa dini icmalara sayğını yüksək dəyərləndirdi.

2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunduğunu bildirən nazir Elmar Məmmədyarov Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” başlıqlı beynəlxalq konfransın keçirildiyini və Vatikan nümayəndəsinin sözügedən konfransa qoşulacağını təqdirəlayiq bir hal kimi dəyərləndirdi.

Müqəddəs Taxt-tacın Mədəniyyət üzrə Pontifik Şurası ilə Heydər Əliyev Fondu arasında sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edən tərəflər bu sahədə əməkdaşlığın daha da inkişafında Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın müstəsna rolunu qeyd etdilər. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Vatikanda bir sıra tarixi abidələrin, ələlxüsus katakombaların bərpası məsələsi yüksək dəyərləndirildi.

Ölkəmizin orta yüzillik tarixi ilə bağlı Vatikanın arxivlərində çoxlu sayda dəyərli sənədlərin olduğunu yada salan nazir Elmar Məmmədyarov sözügedən yazıların üzrə çıxarılmasında göstərdiyi dəstəyə görə Vatikana öz dərin təşəkkürünü bildirdi və bu sahədə əməkdaşlığın davam etdirilməsinin önəmliyini vurğuladı.

Görüşdə nazir Elmar Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, Azərbaycanın haqlı və ədalətli mövqeyi, habelə, Ermənistanın Azərbaycanın işğal olunmuş torpaqlarda Azərbaycan xalqının maddi-mədəni və dini irsin talan və yox edilməsi siyasətiylə bağlı bilgilər verdi. Habelə, Ermənistan tərəfindən Suriyadan olan erməni əsilli qaçqınların qanunsuz olaraq işğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirilməsinə toxunan nazir Elmar Məmmədyarov bildirdi ki, işğal olunmuş torpaqlarda məskunlaşma siyasətinin aparılması və məqsədyönlü şəkildə demoqrafik tərkibin dəyişdirilməsi çalışmaları beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Nazir Ermənistanın işğalı nəticəsində bir milyondan artıq azərbaycanlının etnik təmizlənmə ilə qarşı-qarşıya qaldığını diqqətə çatdırdı.

Görüşdə bu gün dünyada artmaqda olan rasizm, ksenofobiya, etnik və dini zəmində nifrət meylləri, münaqişələrə dini don geyindirmək çalışmalarına münasibətdə qarşılıqlı rahatsızlıq ifadə edildi.

Həmçinin, tərəflər Azərbaycan və Vatikan arasında əlaqələrin inkişafı, yüksək səviyyəli qarşılıqlı səfər mübadiləsi kimi məsələlər ətrafında düşüncə mübadiləsi apardılar.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir