“US News” dərgisi dünyanın ən yaxşı universitetlərinin reytinqini yayımlayıb.
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, dünyanın 60-da çox ölkəsinin ali təhsil ocaqlarının yer aldığı reytinq sıralamasına 100 balla ABŞ-ın Harvard Universiteti başçılıq edir.
Ardınca siyahıda 97,6 balla Massaçusets Texnologiya İnstitutu gəlir. İlk üçlüyü 93,8 balla daha bir ABŞ ali təhsil ocağı – Stenford Universiteti tamamlayır.
İngiltərənin dünyaca tanınmış Oksford Universiteti 87,6 balla beşinci, Kembric Universiteti isə (85,8 balla) yeddinci yerdə yerləşdirilib.
Reytinq cədvəli hazırlanarkən 13 meyar, o sıradan, təhsil ocaqlarının akademik uğurları və onların qlobal, ya da bölgədəki nüfuzu nəzərə alınıb.
Siyahıda toplam 1250 universitet yer alır. Türkiyədən siyahıya (toplam 27) Boğaziçi Universiteti (234-cü), İstanbul Texniki Universiteti (367-ci), Ankara Universiteti (597-ci), İstanbul Universiteti (663-cü) və başqa adlı-sanlı ali təhsil ocaqları salınıb.
Şimal qonşumuz Rusiyanın isə 14 universiteti reytinqdə yer alır. Ən yüksək göstəricisi olan M.V.Lomonosov adına Moskva Dövlət Universiteti 275-ci yerdə göstərilib.
Gürcüstandan siyahıya İvan Cavakaşvili adına Tbilisi Dövlət Universiteti düşüb (48,7 bal, 435-ci yer).