Vüqar Həşimov Memorialının qalibi, şahmat üzrə Dünya çempionu, Norveçli qrossmester Maqnus Karlen ShamkirChess 2018 superturnirinin rəsmi saytına müsahibə verib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı həmin müsahibəni diqqətinizə çatdırır.

– Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess superturnirində qələbə münasibətiylə sizi təbrik edirik. Şəmkirə gəldiyiniz hər il yarışı çempion kimi başa vurursunuz…

– Təbrikə görə çox sağ olun. ShamkirChess superturnirində qalib olduğum üçün çox xoşbəxtəm. Yarışın başlanğıcında istədiyim oyunu göstərə bilmədim. Yalnız son turlarda bir qədər rahat oynadım. Anış Giri üzərində qələbə qazandığım partiya bəlkə də Şəmkirdə ən yaxşı oyunum oldu. Başqa halda etiraf etmək gərəkdir ki, istədiyim Maqnusu görmədim. Yəni maksimum bacardığım oyunu sərgiləyə bilmədim. Bununla belə sonda əsas mükafata sahib çıxdığıma görə sevinirəm.

– Bu sizin Şəmkirdə üçüncü qələbəniz oldu. Hansı qələbəni daha çətin sayırsınız?

– İlk dəfə 2014-cü ildə Şəmkirə gəlmişəm. Çox güclü heyət var idi. İki partiyada məğlubiyyətdən sonra özümə gəldim. Həmin turnirdə iki dəfə məğlubiyyət acısı yaşadım. Ardıcıl qələbələr yarışı ilk yerdə başa vurmağa yardım etdi. 2014-cü ildəki yarış həm də birinci turnir oldu. Ona görə özəlliklə çətin mübarizəylə yadımda qalıb. 2015-ci ildə də asan mübarizə olmayıb. Vişvanatan Anandla oyunumu xatırlayıram. Çətin durum var idi. Anandla oyunumuz xüsusi maraq kəsb edirdi. Həmin ildə də birinci oldum. Bu il fərqli oldu. Ardıcıl üç tur heç-heçə oynadım. Sanki qələbə qazana bilmirdim. Turnirin əvvəlində bütün şahmatçılar eyni vəziyyətdə idi. 3 turdan sonra hamı 1.5 xal toplamışdı. Mənim üçün ardıcıl 3 oyunda qələbə qazanmamaq normal deyil. Bir qədər pis olmuşdum. Yaxşı ki, sonda istəyimə çatdım.

ShamkirChess2018 qalibi Maqnus Karlsen
ShamkirChess2018 qalibi Maqnus Karlsen

– Deyirlər Maqnusun qoşulduğu turnirlərdə əksər hallarda başqa şahmatçıların qələbə qazanmaq şansı yoxdur. Bu düşüncəylə razısınız?

– (gülür) Kim söyləyib? Belə düşüncə səsləndirmək doğru deyil. Sadəcə bütün yarışlarda qalib olmaq istəyirəm. Çox vaxt istəyimə çatsam da, inanın bu heç də asan olmur. Bunun üçün gərgin məşqlər çox vacibdir. Eyni zamanda mənimlə çalışan insanların – komandamın uğurumda böyük payı var.

– Şəmkirdə Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədovla qarşılaşdınız. Daha çox deyəsən sonuncuyla oyunda əsəbləşmişdiniz?

– Yox, əsəbləşməmişəm. Adlarını çəkdiyiniz şahmatçıların oyunları bir-birindən fərqlənir. Maraqlıdır ki, Azərbaycanlı şahmatçılarla partiyalarım heç-heçə bitdi. Əslində qalib gəlmək istəyirdim, sadəcə alınmadı. Bəlkə Şəmkir havası onlara kömək oldu. Məmmədyarov, Rəcəbov, Məmmədov yetərincə diqqətli oynadılar. Raufla partiyada fürsət əldə etmişdim, sadəcə üstünlüyü reallaşdıra bilmədim. Rauf yaxşı oynadı.

– Həmin partiyadan sonra mətbuat konfransına gəlmədiniz…

– Çox yorulmuşdum. Təəssüflənirdim ki, qalib gələ bilmədim. Üstəlik mətbuat konfransları bəzən çox vaxt aparır. Partiyadan sonra mətbuat konfranslarında suallara cavab vermək insanı daha da yorur. Raufla oyundan sonra dərhal otelə gedərək növbəti tura hazırlaşmağa başladım.

– Şəmkirə şəxsi aşbazınız da gəlib. Bu an çox maraqlıdır. Bəlkə oteldə təqdim olunan Azərbaycan mətbəxindəki yeməkləri bəyənmirsiniz?

– Oteldə həm Azərbaycan, həm də Avropa mətbəxindən olan yeməklər verilir. Yeməklə bağlı heç bir problem yoxdur. Çünki təşkilatçılar ən xırda detalı belə dəqiqliklə düşünüblər. Buna görə Təşkilat Komitəsinə təşəkkür etməyə borc bilirəm. Menyuda olmayan, ancaq istədiyim yemək olsaydı, onu da hazırlayardılar. Sadəcə bir neçə il öncə aşbazla çalışmağa başladım. Bəzən getdiyim ölkədə yeməklə bağlı problem yaşanır. O zaman aşbaz yardım edir. Azərbaycan və Türkiyə mətbəxləri çox oxşardır. Türkiyə mətbəxində bəyəndiyim yeməklər var. Sadəcə çox yağlı yeməklərdən qaçıram. Eyni zamanda şirniyyatı sevməyimə baxmayaraq çalışıram az yeyim.

– Fiziki hazırlığınız diqqət çəkir. Şəmkirdə basketbol da oynadınız, futbol da. Hansını daha çox sevirsiniz?

– Ümumiyyətlə idmanı çox sevirəm. Sağ olsun şərait yaratdılar. Şəmkirdə şahmat oynamaq üçün bütün şərait var. Düşünürəm ki, turnirlər adətən belə sakit yerlərdə keçirilməlidi. Futbolda “Real”ın oyunlarını izləyirəm. Basketbolla da maraqlanıram. İstirahət günü Şəmkirdə futbol turniri keçirildi, həmin yarışda bizim (əcnəbi şahmatçıların dünya yığması) komanda qalib gəldi. Orada bacarığımı göstərdim.

– “Real” uduzanda Maqnus Karlsenə şahmat oynamaq çətin olmur?

– Bu klubu çox sevirəm. Ancaq şahmatla qarşılaşdırmaq çətindir. Əlbəttə “Real” uduzanda təəssüflənirəm. Ona görə şahmat oyununa daha ciddi hazırlaşıram.

– Futbolu da oynamağı yaxşı bacarırsınız. Bəlkə Norveç yığması sizin timsalınızda güclü futbolçunu itirib?

– (gülür) Artıq gecdir. Ancaq çağırsalar 7-ci divizionda çıxış edə bilərəm. Hər halda bu səviyyədə oynamağa gücüm çatar.

– Şəmkir – Azərbaycan yadınızda necə qalacaq?

– Paytaxt Bakıda və yarışın keçirildiyi Şəmkirdə olmuşam. Şəmkirdəki dağlar xoşuma gəlib. Sanki insan rahatlaşır. Həmin dağlar Norveçi yada saldı. Ona görə də turnirdən sonra iki gün Şəmkirdə qalmağa qərar vermişdik. Yəni Şəmkirdə rahat şahmatla bağlı düşünmək olar.

– Noyabrda şahmat tacı uğrunda ABŞ təmsilçisi Fabiano Karuanayla görüşəcəksiniz. Hazırlığa nə vaxtdan başlamaq istəyirsiniz?

– Şəmkirdə bununla bağlı çox soruşurlar. Bütün məsləhətlərə hazıram. Bu barədə komanda düşünür. Belə məsələləri adətən mətbuata açıqlamaq düzgün deyil. Qarşıda bizi Norveçdə keçiriləcək daha bir turnir gözləyir.

– Berlində keçirilən İddiaçılar Turnirində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun udmaq şansları yüksək idi. Yarışı izləyirdinizmi?

– Vaxt olanda baxırdım. Şəhriyar yaxşı şahmatçıdır, turnirin başlanğıcında inamlı görünürdü. Ümumiyyətlə, Berlində maraqlı partiyalar çox oldu.

– Maraqlıdır Maqnus Karlsenin xanım pərəstişkarları da çoxdur? 

– Şahmatı həm xanımlar, həm bəylər izləyir. Ona görə bu normaldır. Şahmat həvəskarları bütün turnirlərlə maraqlanırlar. Xanımların da şahmatla maraqlanmasına yaxşı baxıram. Pərəstişkarlarıma, yarışlarda mənə görə həyəcan keçirən insanları yüksək dəyərləndirirəm. Udanda mənim kimi onların da sevinməsi çox yaxşıdır.

– Özəl həyatınızla bağlı sual vermək istərdim. Maqnus indi yalnız şahmatı sevir, yoxsa onun ürəyində gözəl xanım da var…

– Özəl həyatla bağlı danışmağı sevmirəm. Onsuz da media sürətlə inkişaf edir. İstənilən xəbər dərhal yayılır.

– Şəmkir turniri Vüqar Həşimovun adıyla bağlıdı. Onunla bağlı hər hansı xatirənizi danışmağınızı istərdik…

– Bir qədər düşünməliyəm. Vüqarla turnirlərdə tez-tez oynamışıq. Pozitiv insan idi. Bu xəbəri eşidəndə çox pis oldum. Həşimovu yaxşı şahmatçı kimi tanıyırdım. Debüt seçimləri fərqli idi. Onunla şahmatda rahat mübarizə aparmaq olmurdu. Hər an durumu dəyişə bilərdi. Vüqarın adına belə superturnirin keçirilməsinı müsbət amil sayıram. Deməli Azərbaycan Vüqarı unutmur. Şəmkir turniri onun adına layiq keçirilir.

– Sonda müsahibəyə görə çox sağ olun deyirəm. 

– Şəmkirdə olduğum müddətdə mənə və komandama köməklik göstərən insanlara çox sağ ol deyirəm. Şəmkirdə üç dəfə qalib gəlmişəm. Ona görə həmişə bura qayıtmağa hazıram. Şəmkirdə, ümumiyyətlə Azərbaycanda şahmatı çox sevirlər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın