ABŞ Prezidenti Donald Tramp koronavirusla (COVID-19) bağlı Ümumdünya Səhiyyə Qurumu (ÜSQ) rəhbərliyini sərt tənqid edib. Tramp ÜSQ rəhbərliyinin pandemiya ilə bağlı onlara yanlış bilgilər verdiyini, vaxtında xəbərdar etmədiyini bildirib.

Prezident Tramp özünü Twitter hesabında ÜSQ-nu daha çox Çini dəstəkləməkdə günahlandırıb. Sitat: “Yaxşı ki, ÜSQ-nun sərhədlərimizin Çinə açıq olması ilə bağlı tövsiyələrini geri çevirdim. Niyə bizə belə yanlış tövsiyə verdilər?”

ABŞ prezidentinin tənqid hədəfində olan qurum indi dünyanın diqqət mərkəzindədir. Bu gün dünyada koronavirus pandemiyasına qarşı qlobal mübarizənin planlayıcısı məhz ÜSQ-dur. Ancaq göründüyü kimi, qurumun çalışmaları heç də hər kəsi razı salmır. ABŞ prezidenti isə, faktiki olaraq, ÜSQ-na “müharibə elan edib”.

Tramp deyib ki, ÜSQ-na ən çox vəsait ödəyən ölkə ABŞ olmasına baxmayaraq, beynəlxalq qurum daha çox Çini dəstəkləyir. Trampın bu iddiası birmənalı qarşılanmayıb. Ancaq o da var ki, ÜSQ-nun Çinə qarşı çox loyal yanaşdığını iddia edən ilk adam Tramp deyil.

Bəs ABŞ prezidentinin “qəzəb oxlarına tuş gələn” ÜSQ ilə bağlı nə bilirik? Bu qurumun dünya ölkələrinə nə qədər təsiri vardır? Çin və ÜSQ arasında hansı bağlar var, Tramp nəyə eyham vurur?

Ümumdünya Səhiyyə Qurumu BMT yanında fəaliyyət göstərən, səhiyyə sahəsində beynəlxalq bğlantıları təmin edən və dünya əhalisinin sağlamlığı ilə bağlı problemlərin həlli üzrə ixtisaslaşmış qurumdur. Qurumun təsis olunması üzrə işlər daha öncə başlasa da, ÜSQ-nun nizamnaməsi 1948-ci il aprel ayının 7-də qəbul olunub. Bu tarix sonradan Dünya Sağlamlıq Günü və ÜSQ-nun yarandığı gün kimi keçirilməyə başlayıb. İndi qurumun bütün dünyada altı bölgə və 150 ölkədə yerli bölmələri, 7 000 əməkdaşı var. ÜSQ-nun baş düşərgəsi İsveçrənin Cenevrə şəhərində yerləşir.

193 ölkənin qoşulduğu ÜSQ-nun ali orqanı bütün üzv dövlətlərin qoşulduğu Ümumdünya Səhiyyə Assambleyasıdır. Hər il çağırılan Assambleya qurumun ümumi siyasətini, fəaliyyət istiqamətini müəyyənləşdirir, səhiyyə sahəsində proqramlar hazırlayır, İcraiyyə Şurasının və Baş direktorun hesabatlarını dinləyir, ÜSQ-nun büdcəsini müzakirə və qəbul edir.

Assambleyalararası dövrdə ÜSQ-nun çalışmalarını Ümumdünya Səhiyyə Assambleyası tərəfindən üç il müddətinə seçilən və 31 dövləti təmsil edən İcraiyyə Şurası həyata keçirir. İcraiyyə Şurası Assambleyanın qərarlarını həyata keçirir, onun gündəliyini hazırlayır, komitələr yaradır, fövqəladə xarakterli tədbirlər görür. ÜSQ-nun inzibati orqanı başda Baş direktor olmaqla, Katiblikdir.

Qurumun baş orqanları Ümumdünya Səhiyyə Assambleyası, İcraiyyə Şurası və Katiblikdir. ÜSQ-na İcraiyyə Şurasının təqdimatı üzrə Assambleyadan təyin olunan Baş direktor başçılıq edir. 

ÜSQ üzv dövlətlərlə əlaqələrini regional ofisləri ilə həyata keçirir. Qurumun altı regional ofisi var. Bunlar Afrika, Avropa, Cənub-Şərqi Asiya, Amerika, Şərqi Aralıq dənizi sahili, Qərbi Sakit okean regional ofisləridir.

Yeri gəlmişkən, Azərbaycan 2 oktyabr 1992-ci il tarixində ÜSQ-na üzv qəbul olunub, bu qurumla Bakı arasında yaxın tərəfdaşlıq bağlantıları vardır. Əməkdaşlıq həm qurumun Baş düşərgəsi, həm də Avropa üzrə regional ofisi ilə həyata keçirilir. Eyni zamanda, ÜSQ-nun ölkəmizdə ofisi vardır.

Azərbaycan ÜSQ ilə vərəm xəstəliyi ilə bağlı birbaşa həkim nəzarəti altında qısamüddətli müalicə kurslarının keçirilməsi, poliomielitin ləğv edilməsi, uşaq və anaların qorunması, difteriyaya nəzarət, ailə planlaşdırılması, ruhi sağlamlıq üzrə proqramlar və Cənubi Qafqaz Səhiyyə İnformasiya Sistemi layihəsi üzrə əməkdaşlıq edir.

İndi ÜSQ-nun Baş direktoru Tedros Adhanom Qebreyesusdur. O, həmin vəzifəyə 2017-ci ildə ÜSQ-nun 70-ci Assambleyasında beş illik müddətə seçilib. ÜSQ Baş direktoru seçilməzdən öncə Qebreyesus 2005-2012-ci illərdə Efiopiyanın səhiyyə naziri, 2012–2016-cı illərdə isə xarici işlər naziri postlarında çalışıb. İxtisasca bioloq olan Qebreyesusdan qabaq bu postda Çin Xalq Respublikasının nümayəndəsi doktor Marqaret Çan 11 il çalışıb.

Maraqlıdır ki, Qebreyesusun seçilməsinə Çin dövlətinin lobbi dəstəyi təsir edib. Buna görə də, ÜSQ Baş direktorunun Çin hökuməti ilə münasibətləri istidir. Bunu koronavirus pandemiyasının yayıldığı ilk günlərdən açıq şəkildə duymaq olurdu. ÜSQ rəhbəri Çinə səfər edərək, Pekinin virusa qarşı çalışmaları yüksək dəyərləndirmişdi. Hətta ticarət və istehsalın davam etdirilməsi çağırışını etmişdi. Ancaq xəstəlik geniş yayılandan sonra ÜSQ xəbərdarlığı daha da ciddiləşdirdi.

Buna görə də, indi Qərbdə bir çoxları, o cümlədən prezident Tramp ÜSQ-na qarşı qəzəblidir. Burada həm də söhbət Çinin nüfuzlu qurumda mövqelərini gücləndirməsindən gedir. ABŞ prezidenti ÜSQ-nun əsas donorlarından biri olduğu halda, Çinin nüfuz sahibi olmasından qəzəblidir.

Məsələ ondadır ki, ÜSQ ABŞ hökumətinin qəzəbinə tuş gəlmiş ilk qurum deyil. Rəsmi Vaşinqton 2019-cu ilin yanvar ayının 1-dən başalayaraq UNESCO-dan çıxıb. Bununla bağlı qərar hələ 2017-ci ilin oktyabrında ABŞ hökuməti tərəfindən elan olunub. Tramp administrasiyasının qərarının ardınca İsrail hökuməti BMT-nin nüfuzlu qurumundan çıxacağını elan etmişdi.

ABŞ və İsrailin bu addımına səbəb kimi UNESCO-nun İsraili tənqid edən qərarları və Fələstinin 2011-ci ildə quruma üzv kimi qəbul olunması göstərilirdi. Sözügedən qərar 2017-ci ildə UNESCO-da keçirilən səsvermədə İsrailin Şərqi Qüdsü işğal etməsinin tənqid olunması, qədim yəhudi məbədlərinin Fələstinin mirası olduğuna dair qətnamənin qəbul edilməsindən sonra verilmişdi. İsrail hökuməti quruma etiraz notası göndərmiş, ardınca isə Vaşinqton UNESCO-dan çıxdığını bəyan etmişdi.

BMT-nin dünya ölkələrinin çoxunun qoşulduğu və qərarların səs çoxluğu ilə qəbul olunduğu qurumlarında bu cür anlaşmazlıqlar yaranır. BMT Təhlükəsizlik Şurasından fərqli olaraq, bu cür qurumlarda qərarlar səs çoxluğu ilə qəbul olunur. Buna görə də, son illərdə bir neçə dəfə ABŞ-ın maraqlarına zidd qərarlar qəbul edilib. Vaşinqton isə həmin qurumların əsas sponsoru kimi belə qərarlardan narazı qalır. 

İndi analoji durum ÜSQ ilə münasibətlərdə yaranıb. Trampın beynəlxalq qurumla bağlı reaksiyası yəqin ki, bir müddət gərginliyə gətirib çıxaracaq. Çünki ABŞ prezidentinin bildirdiyinə görə, ÜSQ məsələsi ilə daha sonra məşğul olacaq. Bu isə beynəlxalq qurumlara, özəlliklə də BMT qurumlarına olan inamı azaldır.

Rəşad Quliyev

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın