ABŞ-da keçirilən Prezident seçkiləri Respublikaçılar partiyasının namizədi Donald Trampın qələbəsi ilə başa çatıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Donald Tramp (Donald Trump) son olaraq Viskonsin ştatında da qalib gələrək seçənlər kollegiyasının bu ştat üzrə 10 səsini alıb. Bununla da Donald Tramp ABŞ-ın 45-ci prezidenti seçilib.

Yeni Prezident qələbədən sonra Nyu-Yorkda tərəfdarları ilə görüşdə çıxış edərkən bildirib: “Dünyanın ən güclü iqtisadiyyatına sahib olacağıq. Eyni zamanda, bütün xalqlarla mehriban münasibətləri davam etdirəcəyik”.

1946-cı ildə Nyu-Yorkda anadan olan Donald Tramp ABŞ tarixində ən yaşlı prezident olacaq. Forbes jurnalının 2016-cı ildə “Dünyanın ən zəngin 400 insanı” siyahısında yer alan Donald Trampın sərvətinin 3,6 milyard dollar dəyərində olduğu təxmin edilir.

İlham Əliyev ABŞ-ın yeni prezidentini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Trampa göndərdiyi təbrik məktubunda yazıb:

Hörmətli cənab Tramp,

Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərdə qazandığınız qələbə dost Amerika xalqının Sizə olan etimadının və dəstəyinin göstəricisidir.

Ümid edirəm ki, Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlər bundan sonra da uğurla inkişaf edəcəkdir. Ölkələrimiz arasında əlaqələrin 25 illik tarixi var. Bu müddət ərzində yoldaşlıq və əməkdaşlıq münasibətlərimiz yüksək səviyyəyə qalxmışdır. Siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrində, o cümlədən beynəlxalq terrorizmə qarşı mübarizədə və NATO-nun Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəal əməkdaşlıq edirik.

Uzun illərdir ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkir. Torpaqlarımızın 20 faizi işğal altındadır, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün durumuna düşmüşdür.

Azərbaycanın ərazi bütövlüyü bütün dünya birliyi və beynəlxalq qurumlar tərəfindən tanınıb. BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, Ermənistan buna məhəl qoymur. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi, o cümlədən BMT-nin Baş Məclisi, ATƏT, Avropa Şurası, NATO, Avropa Parlamenti, İƏT, Qoşulmama Hərəkatı və başqa beynəlxalq qurumların qərar və qətnamələri yerinə yetirilməlidir. Münaqişə beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Ümidvaram ki, ABŞ Minsk qrupunun həmsədri kimi Sizin rəhbərliyiniz altında bu münaqişənin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə öz töhfəsini verəcəkdir.

Bir daha Sizə səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Amerika xalqının rifahı naminə qarşıdakı işlərinizdə uğurlar diləyirəm.

Sayğılarla,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 9 noyabr 2016-cı il

Obama: “Hilari Klintonla öyünürəm”

ABŞ prezidenti Barak Obama bildirib ki, o, Hilari Klintonla öyünür.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının məlumatına görə, bununla bağlı o, Ağ Evdəki çıxışında bildirib.

Obama deyib ki, o, Klintonun namizədliyinin dövlət başçısı postuna irəli sürülməsini və prezident seçkilərinə qoşulmasını tarixi olay sayır.

“Bir gün öncə Klintonla danışdım. Mən onunla və Hilari Klintonun dövlət qarşısındakı xidmətləri ilə öyünürəm ” – deyə Obama qeyd edib.

Onun sözlərinə görə, Hilari Nyu-York ştatından çox gözəl senator və ən yaxşı dövlət katibi olub: “Onun prezidentliyə namizədliyi tarixi olay oldu və bu, ölkənin bütün qızları üçün siqnal rolunu oynadı”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın