Dini tolerantlıq və multikulturalizm: qarşılıqlı çəkişmələrin məhsulu kimi

İnsanı başqa canlılardan fərqləndirən başlıca əlamət əmək, ikincisi şüur və nitq, üçüncusü mədəniyyətdir ki, bunlar da latınca uyğun olaraq “homo habilis”, “homo sapiens” və “homo culturalis” adlandırırlar. Ancaq mədəniyyətin özü də Şərq ve Qərb dünyasında fərqli başa düşülür. Belə ki, “kultura” dedikdə qərbli istehsalı, şərqli isə əxlaq qaydalarını və adət-ənənəni başa düşür. Yəni, qərbli üçün mədəniyyət ilk növbədə ağlın, şərqli üçünsə hissin məhsuludur.

Multikulturalizm isə məhz bu iki mədəniyyətin, Qərbin əqli mədəniyyəti ilə Şərqin ruhi mədəniyyətinin sintezi kimi meydana çıxıb. Əlbəttə ki, qlobal mənada. Çünki lokal anlamda bir dövlətin, bir millətin, bir xalqın daxilındə də etnik-mədəni əlaqələr həmişə olub. Belə bir ifadə var: “çəkişməsən, bərkişməzsən”. Qəribə olan odur ki, multikulturalizmin yaranmasında da bu ifadə öz təsdiqini tapıb.

Qərblə Şərqin mədəniyyətlərinin ortaq bağları Xaç və ya Səlib yürüşlərinin yekunundan sonra üzə çıxdı. 175 il davam etmiş xristian-müsəlman qarşıdurması sonda onunla əlamətdar oldu ki, hər iki dinin daşıyıcıları nə qədər böyük səhvə yol verdiklərini anladılar və gec də olsa başa düşdülər ki, savaşmaq yerinə mədəniyyət mübadiləsi etməliymişlər. Çünki həmin yürüşlər nəticəsində xaçlılar, yəni Qərb, müsəlmanlardan gigiyenik qaydalara riayət etməyi, müsəlmanlar isə onlardan elmi bilikləri sistemli şəkildə inkişaf etdirməyi öyrəndilər. Halbuki antik dövrdə bunun əksi Şərqdə və Qərbdə mövcud olmuşdu. Bir sözlə, təhtəlşüurun mədəni oyanma prosesi başladı.

Təəssüf ki, indi də dini tolerantlığın və multikulturalizmin aktual olmasına dünyada baş verən siyasi proseslər, yəni “elan olunmamış yeni xaç yürüşləri” səbəb olub. Avropada peyğəmbərin karikaturalarla təhqir olunması, müsəlman şərqində isə buna cavab olaraq İslam pərdəsi altında baş verən terror aktları Hüseyn Cavidin təbirincə, qan izini kəsə bilən dahilərə və hər şeydən ulu güc-mədəniyyətə ehtiyac olduğunu bizə göstərməkdədir.

Sevindirici haldır ki, bizdə dini tolerantlıq və multikulturalizm öz mənbəyini belə savaşlardan almayıb.

Respublikamızın 28 universitetində multikulturalizm fənn kimi tədris olunur. Həm Avropa, həm də Asiya İslam həmrəylik oyunları eyni şəhərdə keçirilir. Klassik Avropa musiqisi paytaxt Bakıda deyil, ondan 225 kilometr uzaqda yerləşən qədim Albaniya paytaxtı Qəbələdə səslənir. Fərqli məzhəbdən olan sünnilər və şiələr eyni məsciddə namaz qılırlar. Xristian və yəhudi bayramlarının keçirilməsinə məhdudiyyət qoyulmur. Bir sözlə, “Uzaq sahillərdə” filmində deyildiyi kimi: “ burada yalnız qardaşlıq dininə inanırlar”.

Buna Oxşar Xəbərlərdən:

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir