DİN-dən Açıqlama: Karantində çimərliklərə getmək olar, yoxsa qadağandır?

Bu gün sərt koronavirus (COVID-19) pandemiyası ilə bağlı olaraq karantin rejimində yaşayan bir çox vətəndaş çimərlik mövsümünün açılmasını arzulayır.

Bildiyiniz kimi, epidemioloji durumun pisləşməsi səbəbindən Azərbaycanda iyunun 21-dən avqustun 5-dək davam edəcək ikinci dəfə sərtləşdirilmiş karantin rejimi tətbiq edilib. Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax, Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında bu rejim fəaliyyət göstərir.

Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə sərt karantin rejiminin yenidən tətbiq olunduğu bölgələrdə çimərliklərə getmək də qadağandır. Operativ Qərargahın son brifinqi zamanı Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi Məsələlər və İnnovativ İnkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov vurğuladı ki, sərtləşdirilmiş karantin rejimi avqustun 5-dən sonra uzadılmayacaq və məhdudiyyətlər tədricən qaldırılacaq.

Ancaq bu tarixə qədər çimərliklərin açılacağını gözləmək üçün heç bir əsas yoxdur. Ş.Mövsümovun sözlərinə görə, bu, koronavirusla mübarizə üçün bu günə qədər görülən işləri poza bilər.

“Buna görə də bu məhdudiyyəti hələ ləğv edə bilmərik. Çimərlikləri açmaq çox risklidir. Burada üç məqamı vurğulamaq gərəkdir. Birincisi, insanlar böyük bir izdiham şəraitində sosial məsafə saxlaya bilməyəcəklər və bu yoluxmaların sayının artmasına gətirib çıxaracaq. İkincisi, oradakı insanlar özlərinə yemək və su alıb ümumi əşyalardan istifadə edəcəklər ki, bu da risklidir. Üçüncüsü, şəhərin müxtəlif yerlərindən gələn vətəndaşların eyni çimərliyə yığışmasıdır ki, bu da virusun başqa bölgələrin sakinlərinə ötürülməsi riskini artırır”, – deyə Ş.Mövsümov bildirib.

O, bu prosesi planlaşdırmaq və təşkil etmək mümkün olacağı təqdirdə məhdudiyyətin qaldırılacağını vurğulayıb: “Təəssüf ki, avqustun 5-dək buna nail olmaq mümkün olmayacaq. Ancaq qəbul edilmiş qaydaların riskləri azaldacağına əmin olsaq, avqustun 5-dən sonra bu məsələyə baxılacaq”.

Ancaq bir sıra vətəndaşların çimərliklərə getmələri və dəniz sahilində istirahət etmələri heç kimə sirr deyil. Media.Az bunun indiki karantin rejiminin pozub-pozmadığını Daxili İşlər Nazirliyi ilə dəqiqləşdirmək qərarına gəlib.

“Sərtləşdirilmiş karantin rejiminin bir hissəsi olaraq ictimai çimərliklərdən istifadə qadağandır. Ancaq bir vətəndaşın evdən çıxmaq icazəsi varsa, dəniz sahili ilə gəzə, təmiz havada ola bilər. Bu, karantin rejiminin pozulması deyil”, – deyə DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Media.Az-a bildirib.

O yada salıb ki, karantin rejimi şəraitində ictimai yerlərdə beş nəfərdən çox adamın toplaşması qadağandır.

Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi bu ilin 31 avqustuna qədər uzadılıb.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir