Aprelin 8-də Daxili İşlər Nazirliyində “Uçot-qeydiyyat intizamına riayət edilməsi”nin, “Mülkiyyət əleyhinə olan, xüsusən soyğunçuluq, quldurluq və avtonəqliyyatın qaçırılması cinayətlərinin qarşısının alınması və açılması”nın, həmçinin, “Cinayətlərin profilaktikası” sahəsində görülən işlərin vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikanın Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov gündəliyə keçməzdən əvvəl, cari il aprelin 2-nə keçən gecə Ermənistanın Silahlı Qüvvələri tərəfindən təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı yaşayış məntəqələrinin və Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin bütün cəbhə boyu iriçaplı silahlardan, minaatanlardan, qumbaraatandan və artilleriya qurğularından intensiv atəşə tutulduğunu xatırladıb. O, xüsusilə vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun gördüyü cavab tədbirləri, həyata keçirdiyi döyüş əməliyyatları və endirilmiş sarsıdıcı zərbələr nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi, döyüş texnikası və hərbi infrastrukturu məhv edilib, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri tam azad olunub. Cəbhəboyu rayonlarda əhalinin təhlükəsizliyinin təmin olunmasında polis orqanları üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib.
Təəssüflə qeyd olunub ki, döyüş əməliyyatları bizim üçün də itkisiz ötüşməyib. Cənab Ramil Usubov ordumuzun göstərdiyi şücaətin, qəhrəmanlığın xalqımızda, xüsusən gənclər arasında böyük ruh yüksəkliyi yaratdığını, şəhid olmuş əsgər və zabitlərimizin böyük coşğu ilə dəfn olunmasının, minlərlə insanın qatıldığı həmin mərasimlərin xalqımızın öz dövləti, Prezidenti ilə sıx birliyinin, vətən və torpaq sevgisinin, sülh danışıqlarının heç bir nəticə verməyəcəyi təqdirdə işğal altındakı torpaqlarımızı hərb yolu ilə azad etmək əzminin növbəti əyani təzahürü olduğunu diqqətə çatdırıb.
Daha sonra iclasın gündəliyinə toxunan daxili işlər naziri müzakirəyə çıxarılan hər üç məsələnin aktual olduğunu, fəaliyyətin mühüm istiqamətlərini əhatə etdiyini bildirib.
Gündəlikdəki birinci məsələ barədə məruzə ilə Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi, polis general-mayoru Elşən Kazımov çıxış edib. O deyib ki, aidiyyəti fəaliyyət sahəsi daim diqqət mərkəzində saxlanılmaqla hüquqi statistika, əməliyyat-sorğu, kriminal yönümlü məlumatların toplanılması, emalı və arxivləşdirilməsi sürətləndirilib, yeni informasiya bankları formalaşdırılıb. İstismar edilən avtomatlaşdırılmış sistemlər və proqram təminatları mütəmadi yenilənib, cinayətkarlığa qarşı mübarizədə onlardan geniş istifadə edilib.
Ölkədə cinayətkarlığın vəziyyətini, dinamikasını, müvafiq sahədə ayrı-ayrı uçot subyektlərinin fəaliyyətinin nəticələrini, mövcud nöqsan və çatışmazlıqları, onların aradan qaldırılmasına dair tapşırıqları özündə əks etdirən analitik materiallar və hesabatlar, icmal-arayışlar və istiqamətləndirici göstərişlər hazırlanıb icraya yönəldilib.
Məruzəçi bildirib ki, bununla yanaşı, kollegiyaqabağı araşdırmalar bəzi şəhər, rayon polis orqanlarında uçot-qeydiyyat intizamına riayət olunmasına, fəaliyyətin müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkilinə lazımi diqqət yetirilmədiyini göstərib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə mülkiyyət əleyhinə cinayətlər törətmiş 2009 nəfərdən ibarət 742 qrup, o cümlədən 83 nəfərdən ibarət 15 mütəşəkkil dəstə zərərsizləşdirilib. Bütövlükdə, mülkiyyət əleyhinə olan 9443 cinayətin, o cümlədən 4597 şəxsi əmlak oğurluğunun, 239 soyğunçuluğun, 167 quldurluğun, 225 avtonəqliyyatın qaçırılması faktının açılması təmin olunub. Həmin cinayətlərə görə 5179 nəfər məsuliyyətə cəlb edilib, axtarışda olan 1678 təqsirləndirilən şəxs tutulub. Bilavasitə Baş İdarə əməkdaşlarının iştirakı ilə mülkiyyət əleyhinə olan 300-ə yaxın cinayət açılıb, onları törətmiş 67 nəfər müəyyən edilərək saxlanılıb.
Məruzəçi qeyd edib ki, məqsədyönlü islahatlar cinayətlərin profilaktikası sahəsində mühüm funksiyaları həyata keçirən polis sahə rəisləri və inspektorları institutunu da əhatə edib, onların peşəkarlıqlarının artırılması məqsədilə respublika toplantısı, zonalar üzrə virtual seminar-məşğələlər keçirilib. Polis sahə məntəqələrinin işinin təkmilləşdirilməsi, əhali ilə əlaqələrin genişləndirilməsi, vətəndaşların polis sahə məntəqələrinə müraciət etməsinin asanlaşdırılması istiqamətində işlər davam etdirilərək sahə məntəqələrinin ünvanları, telefon nömrələri, vətəndaşların qəbul günləri və saatları, orada xidmət aparan əməkdaşlar barədə zəruri məlumatlar və onların əlaqə telefonları Nazirliyin veb saytına yerləşdirilib. Görülmüş tədbirlərlə təkcə ötən il müxtəlif məsələlərlə bağlı polis sahə məntəqələrinə 87.233 vətəndaş müraciət edib ki, bu da 2014-cü illə müqayisədə 3 faiz çoxdur.
Həyata keçirilən bu və digər tədbirlər əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də cinayətlərin profilaktikasında müsbət nəticələri şərtləndirib. 2014-cü illə müqayisədə qəsdən adam öldürmələr 7,3 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 6,7 faiz, xuliqanlıqlar 4,5 faiz, avtonəqliyyatın qaçırılması 26,6 faiz, mal-qara oğurluqları 17,1 faiz, əzab vermələr 26,3 faiz, yetkinlik yaşına çatmayanların cinayətləri 2,4 faiz, ictimai yerlərdə baş vermiş cinayətlər 2 faiz, yol-nəqliyyat hadisələri 15,7 faiz, qəzalarda ölənlərin sayı 20,5 faiz, yaralananların sayı 15,4 faiz azalıb.
O, gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, eyni zamanda, bəzi ərazi orqanlarında müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu da qeyd etməklə, onların dərindən təhlil edilərək aradan qaldırılması üçün adekvat tədbirlər görülməsini, müvafiq istiqamətlərdə qısa müddətdə əsaslı dönüş yaradılmasını tələb edib, əməliyyat-xidməti fəaliyyətin bir sıra vacib istiqamətlərinə, aktual məsələlərə dair konkret tapşırıq və tövsiyələrini verib.
Daxili işlər naziri son günlər cəbhəboyu zonada yaşanan hadisələrə bir daha toxunaraq təmas xəttində döyüş əməliyyatları zamanı polisin üzərinə müharibə dövrünün tələblərinə uyğun mühüm vəzifələr düşdüyünü, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 sentyabr tarixli müvafiq Sərəncamına, onun icrası ilə bağlı Nazirliyin tədbirlər planına uyğun olaraq cəbhəboyu rayonlarda zəruri tədbirlərin məqsədyönlü surətdə davam etdirilməsini tapşırıb.