Dağlıq Qarabağdakı gərginliklə bağlı kim nə dedi

Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Təmas xəttində yerləşən mövqelərimizə hücum çəkmiş, təmas xəttinə yaxın yerlərdə yerləşən yaşayış məntəqələrini atəşə tutmuşlar.

Bu, Ermənistanın ölkəmizə qarşı növbəti silahlı təxribatıdır. Birinci dəfə deyil ki, Ermənistan bu cür təxribatlara əl atır. Bu gün erməni təxribatı Azərbaycan Ordusu tərəfindən layiqincə cavablandırıldı. Düşmənə çox böyük zərbələr endirildi və düşmən böyük itkilər verdi. Bununla bərabər, bizim qəhrəman döyüşçülərimiz nəinki təxribatın qarşısını ala bildilər, eyni zamanda daha əlverişli hərbi mövqelərə malik oldular.

Təxribata cavab olaraq aparılmış əməliyyat nəticəsində biz böyük hərbi qələbə qazandıq. Əminəm ki, bundan sonra da düşmənin bütün təxribatları cavabsız qalmayacaq. Düşmənə bundan sonra da layiqli cavab veriləcək. Azərbaycan Ordusu buna qadirdir. Azərbaycan övladları öz doğma torpağını müdafiə edirlər, Vətən uğrunda vuruşurlar, şəhid olurlar. Bütün şəhidlərimizin xatirəsi bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaq.

Ermənistanın bu hərəkətlərinin də səbəbi mənim üçün sirr deyil. Mən dəfələrlə həm Azərbaycan ictimaiyyətinə, həm bu məsələ ilə bağlı olan vasitəçilərə, vasitəçilik edən ölkələrin başçılarına öz fikirlərimi bildirmişdim. Ermənistan sülh istəmir. Ermənistan işğal edilmiş torpaqlardan çəkilmək istəmir və bütün səyləri ona yönəldib ki, status-kvonu maksimum saxlaya bilsin. Bu sözlərin kifayət qədər çox sübutları var. Danışıqlar prosesi iyirmi ildən artıqdır ki, aparılır. Bu iyirmi il ərzində həlledici məqamlarda Ermənistan həmişə təxribatlara əl atırdı. Təmas xəttində Ermənistan tərəfindən daim gərginlik yaradılır. Eyni zamanda, keçən əsrin sonlarında Ermənistan parlamentində terror aktının törədilməsi də məhz bu məqsədi güdürdü ki, münaqişə ilə bağlı mümkün olan razılaşmanı əngəlləsinlər və beləliklə, status-kvonu saxlaya bilsinlər.

Azərbaycana qarşı yenə təxribat törədilərsə onlar yenə də öz cəzalarını alacaqlar. Biz Ermənistan torpağını işğal etməmişik. Biz öz torpağımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun.

Dövlət başçısı qeyd edib ki, Ermənistan bütün beynəlxalq normaları pozub

“BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur, digər təşkilatların qərar və qətnamələrini saymır. İşğal edilmiş torpaqlarda bütün binaları, tarixi, dini abidələrimizi vəhşi kimi dağıdıb. ATƏT-in faktaraşdırıcı missiyası işğal edilmiş torpaqlarda iki dəfə olmuşdur.

Onların məlumatları bizdə var. Bizim məscidlərimiz, qəbirlərimiz, tarixi abidələrimiz, binalarımız, muzeylərimiz dağıdılıb. Bütün qiymətli əşyalar talan edilib. Bu, misli görünməmiş vəhşilikdir. Bu gün İrəvanda ən yüksək kabinetlərdə oturan cəlladlar vəhşicəsinə Xocalı soyqırımını törətmişlər. Onlar bunun cavabını verməlidirlər, yoxsa yox?!

Biz səbr, dözümlülük, konstruktivlik göstəririk. Baxmayaraq ki, biz 20 ildən artıqdır atəşkəs rejimində yaşayırıq. Yenə də çalışırıq ki, məsələ sülh yolu ilə öz həllini tapsın.

Mən bunu dəfələrlə bəyan etmişəm, bu gün də deyirəm ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Biz müharibə istəmirik. Biz istəmirik ki, qan tökülsün. İstəmirik ki, gənc insanlar həlak olsunlar.

Biz istəmirik ki, anaların göz yaşları tökülsün. Azərbaycan, Ermənistan analarının göz yaşları tökülməsin. Ancaq biz öz haqqımızı tələb edirik”, – deyə, İlham Əliyev bildirib.

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan öz itkilərini pərdələmək üçün hər növ saxtakarlığa əl atır

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı

Report xəbər verir ki, bu sözləri Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.
“Ermənilər öz itkilərini pərdələmək üçün hər növ saxtakarlığa əl atırlar. Bu ilk dəfə deyil dəfələrlə bunun şahidi olmuşuq. Gün ərzində erməni mətbuatının yaydığı məlumatlar yalandır, saxtakarlığa yol verilir, real vəziyyəti və həqiqəti əks etdirmir”, – deyə o bildirib.
Nazirlik rəsmisinin sözlərinə görə, ermənilərin internet saytlarında yaydığı həlak olmuş Azərbaycan əsgərlərinin meyitlərinin və vurulmuş pilotsuz uçuş aparatının (PUA) görüntüsü saxtadır:
“Həmin videoların erməni tərəfinin öz itkilərini pərdələmək üçün növbəti saxtakarlığı olduğunu videokadrlardan görmək olar.
Videoda göstərilən həlak olmuş əsgərlər yay geyimindədir. Hazırda Azərbaycan Ordusunun şəxsi heyəti qış geyimindədir və ərazidə hava şəraiti yay geyimində gəzməyə imkan vermir.
Videoda göstərilən PUA isə Azərbaycan Silahlı Qüvvələrinin balansında mövcud deyil. Azərbaycan Ordusunda bu PUA modeli yoxdur. Bu video erməni tərəfinin növbəti saxtakarlığıdır”.

Tərtər RİH başçısı Müstəqim Məmmədov: Tərtər rayonunda vəziyyətə nəzarət olunur

“Tərtər rayonunda hər şey normaldır”. Bunu Report-a açıqlamasında Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədov bildirib.

İcra başçısı Tərtərin cəbhəboyu kəndlərinin boşaldılması ilə bağlı məsələyə də aydınlıq gətirib. O qeyd edib ki, kəndlərin boşaldılması ilə bağlı yayılan informasiyalar yanlışdır: “Rayonda vəziyyət sabitdir, panikaya əsas yoxdur. İnsanlar adi qaydada işləyir, sakinlər hamısı yerindədir, vəziyyətə nəzarət olunur”.

Polad Bülbüloğlu Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoymalı olduğunu dedi

“Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoymaq lazımdır. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında da qeyd edib ki, biz münaqişənin sülh yolu ilə həll olunmasında maraqlıyıq. Lakin münaqişə həllini tapmazsa, biz öz torpaqlarımızı azad etmək üçün gücdən istifadə etmək məcburiyyətindəyik”. Bunu Rusiyanın “Dojd” telekanalının efirində çıxışı zamanı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Dağlıq Qarabağ bölgəsində gərginliyin artmasına münasibət bildirərkən deyib.

Səfir bildirib ki, ölkənin 20%-dən artıq ərazisi işğal altındadır: “Hansı ölkə, xalq bununla razılaşar?! Münaqişənin həlli üçün ilk növbədə onun səbəbini aradan qaldırmaq lazımdır. Səbəb isə Ermənistan tərəfindən Azərbaycan ərazisinin işğal olunmasıdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində, o cümlədən başqa beynəlxalq təşkilatların onlarla sənədində birmənalı olaraq qeyd edilib ki, Ermənistan işğalçı qüvvələri Azərbaycan ərazisini tərk etməlidirlər. Həqiqətin gözünə baxmaq lazımdır! Azərbaycan tərəfi illərdir Ermənistana Dağlıq Qarabağın beş rayonunun azad olunmasını, ardınca dinc yolla danışıqların aparılmasını təlkif edir.

Heç kim Dağlıq Qarabağda yaşayan erməniləri oradan didərgin etmək niyyətində deyil. Lakin orada azərbaycanlılar yaşayıb. Mən özüm Qarabağdanam. Söhbət ondan gedir ki, azərbaycanlılar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bundan sonra hər iki icma ortaq dil tapmalı, birgə yaşamağı bacarmalıdır. O ki qaldı gərginliyin artmasına, işğalçı qüvvələr Azərbaycan torpaqlarında olduğu müddətdə bu cür hallar baş verəcək və bunu kimsə gizlətmir. Ölkə başçısı səviyyəsində də bu dəfələrlə səsləndirilib, xarici işlər nazirimiz də bunu deyib, bir səfir kimi mən də demişəm. Lakin bizi eşitmirlərsə, bu cür hallar baş verəcək. Münaqişə həll olunmalıdır”.


Polad Bülbüloğlu Rusiyanın Dojd (Дождь) telekanalında

İTV proqramını dəyişdi: 3 gün…

Turkistan.info: İctimai Televiziya və Radio Yayımları şirkəti efir proqramında dəyişiklik edib.

Televiziyanın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar bu gündən 3 gün müddətində öz proqramına dəyişiklik edib.

Musiqili və əyləncəli xarakterli verilişlər proqramdan çıxarılıb.

Döyüşlər Azərbaycanın Güneyində də böyük narahatlıqla izlənilib

Qarabağda – Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində gedən şiddətli döyüşlər Azərbaycanın Güneyində də böyük narahatlıqla izlənilir.

Turkustan.info xəbər verir ki, bir sıra Güney Azərbaycan kəndlərinin sakinləri Qarabağla sərhəd ərazilərə, Arazboyuna çıxaraq əsgərlərimizlə həmrəyliklərini nümayiş etdiriblər. Ordumuzun qələbəsi üçün dualar ediblər.


Təbrizdə nümayişlər

AŞPA Prezidenti Pedro Aqramunt Ermənistanı Azərbaycan torpaqlarından çıxmağa çağırdı

AŞPA Prezidenti Pedro Aqramunt: Ermənistan Işğalı Durdursun
AŞPA Prezidenti Pedro Aqramunt: Ermənistan İşğalı Durdursun

Azərbaycan və Ermənistanın 2001-ci ildə Avropa Şurasına üzv olarkən Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsinə çalışacaqlarıyla bağlı öhdəlik götürdüklərini bildirən Aqramunt iki ölkəyə də savaşdan uzaq durmaları çağrışını etdi. Azərbaycanın birtərəfli şəkildə elan etdiyi atəşkəs xəbərini məmnunluqla qarşıladığını bildirən AŞPA prezidenti Ermənistandan işğala son qoymağı tələb etdi.

AŞPA prezidenti açıqlamasında Ermənistanı BMT-nin Təhlükəsizlik Şurasının qərarına uyğun olaraq işğal altında olan Azərbaycan torpaqlarından geri çəkilməyə çağırıb.

Baş katib: Avropa Şurası Qarabağ münaqişəsi tərəflərini lazımsız qan tökülməsini dayandırmağa çağırır

Avropa Şurasının baş katibi Turbjorn Jaqland (Thorbjørn Jagland)
Avropa Şurasının baş katibi Turbjorn Jaqland (Thorbjørn Jagland)

Avropa Şurasının baş katibi Turbjorn Jaqland (Thorbjørn Jagland) şənbə günü Dağlıq Qarabağ münaqişəsi zonasında qoşunların təmas xəttində gedən hərbi əməliyyatlardan dərin narahatçılığını ifadə edib. Bu barədə Avropa Şurası baş katibinin bəyanatında bildirilir:

“Avropa Şurası hər iki tərəfi zorakılıq və insanların ölümünə, eləcə də çoxsaylı mülki şəxslərin həyatlarını itirməsi ilə nəticələnən tamamilə lazımsız qan tökülməsini dayandırmağa çağırır”, – deyə bəyanatda qeyd olunub.

“Mən tərəfləri təkidlə insan haqları üzrə Avropa Konvensiyasında zəmanət verilmiş yaşamaq hüququnu qorumağa, atəşkəs rejiminə qayıtmağa və sülh danışıqlarını bərpa etməyə çağırıram. Bu, humanitar bir imperativdir”, – deyə T.Yaqland bildirib.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik ali nümayəndəsi Federika Mogerini narahatdır

F. Mogerininin yaydığı bəyanatda deyilir ki, o, tərəfləri atəşkəsə əməl etməyə çağırıb
F. Mogerininin yaydığı bəyanatda deyilir ki, o, tərəfləri atəşkəsə əməl etməyə çağırıb

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik ali nümayəndəsi Federika Mogerini Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı dərin narahatlığını ifadə edib. Məlumata görə, F. Mogerininin yaydığı bəyanatda deyilir ki, o, tərəfləri atəşkəsə əməl etməyə çağırıb:

“Cəbhə xəttində gərginliyin artması ilə bağlı xəbərlər məni olduqca narahat edir. Mən tərəfləri atəşkəsə riayət etməyə çağırıram. Tərəflər dözümlülük nümayiş etdirməli və gərginliyin artmasına səbəb ola biləcək hərəkət və bəyanatlardan çəkinməlidir. İnsan itkilərinin olması da məni olduqca məyus edir. Avropa İttifaqı ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir. Ümid edirik ki, tərəflər atəşkəs rejiminə qəti şəkildə əməl edəcək və sülh danışıqlarını bərpa edəcək”.

Pakistan xalqı Azərbaycanı dəstəkləyir

Azərbaycan-Ermənistan problemi: Dağlıq Qarabağda səbhə xəttində baş verənlərlə bağlı kim nə dedi
Pakistan Müdafiə Nazirliyinin Facebook səhifəsi örtük şəklinə Azərbaycan bayrağını qoydu

Azərbaycan və işğalçı Ermənistan arasından cəbhə bölgəsində baş verən gərgin münaqişədən sonra Pakistan rəsmi olaraq Azərbaycanın yanında olduğunu açıqlayıb. Ölkənin Müdafiə Nazirliyinin Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində örtük şəkli dəyişdirilərək, Azərbaycan bayrağı yerləşdirilib və belə yazılıb: “Pakistan xalqı Ermənistanla münaqişədə Azərbaycanı dəstəkləyir, Dağlıq Qarabağ regionu Azərbaycana məxsusdur”.

Aleksandr Lukaşenko İlham Əliyevə zəng edib

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Xəbər verilir ki, Lukaşenko Qarabağda təmas xəttində baş vernələrdən narahatlığını dilə gətirib.

“İki ölkə lideri baş verən hadisələri ətraflı müzakirə ediblər. Əliyev Lukaşenkonu insidentin bütün detalları barədə ətraflı məlumatlandırıb”.

Türkmənistan prezidenti “dəstəyə hazırıq” dedi

İnterAz xəbər verir ki, Türkmənistan dövlət televiziyasında açıqlama verən prezident Qurbanqulu Berdiməhəmmədov “Azərbaycan istərsə, dəstəyə hazırıq”, – deyib.

Erməni kilsə rəhbəri keşişi Parqev: Azərbaycan bir neçə postumuzu ələ keçirib, lakin o postları geri ala bilmişik

Ermənistan Apostol kiləsinin Artsax (Dağlıq Qarabağ) Yeparxiyasının rəhbəri axiyepiskop Parqev (Martirosyan) cəbhə xəttindəki döyüşlər barədə detallı məlumat verib.

Modern.az Ruisiya KİV-nə istinadən xəbər verir ki, erməni kilsə rəhbəri öz itkiləri barədə danışıb.

“Azərbaycan ordusu bir neçə isitqamətdə ağır artilleriya ilə hücum edərək bir neçə postumuzu ələ keçirib, lakin sonradan o postları geri ala bilmişik. “Dağlıq Qarabağ” ordusunun 3 ölüsü, 15 yaralısı var”.

Atrxiyepiskov Parqev döyüşlərin dayanması üçün Allaha dua etdiyini deyib.

ABŞ-ın dövlət katibi Con Kerri: Münaqişənin hərbi yolla həlli yoxdur

ABŞ-ın dövlət katibi Con Kerri
ABŞ-ın dövlət katibi Con Kerri

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu  ABŞ-ın dövlət katibi Con Kerri deyib.
“ABŞ dinc əhali arasında da ölümlə nəticələnən Dağlıq Qarabağda qoşunların təmas xətti boyunca atəşkəs rejiminin genişmiqyaslı şəkildə pozulmasını qətiyyətlə pisləyir”, – deyə Kerri qeyd edb.

“Biz bütün tərəfləri təmkinlik göstərməyə və atəşkəs rejiminə ciddi riayət etməyə çağırırıq… Biz bir daha təkrarlayırıq – münaqişənin hərbi yolla həlli yoxdur. Həmsədr ölkə olaraq ABŞ dayanaqlı və razılaşdırılmış sülhə nail olmaq üçün münaqişə tərəfləri ilə işləməyə sadiqdir”, – deyə Kerri əlavə edib.

ESC2011-in qalibi Eldar Qasımov: Qarabağ Azərbaycandır (“Karabakh is Azerbaijan”)

2011-də Eurovision mahnı müsabiqəsinin qalibi olmuş müğənni Eldar Qasımov “Karabakh is Azerbaijan” (Qarabağ Azərbaycandır) kampaniyasına qoşulub. O, Facebookda öz şəklini paylaşaraq “Özümü həmişə dünya vətəndaşı kimi hiss etmişəm” – qeydini yazib:
“Hər bir ölkədə özümə aid olan nələrsə tapmışam və bunlar mənim evim kimi olub. Tarixi köklərim azərbaycanlıdır və mən bununla fəxr edirəm. Ölkəmin hər hansı bir yerindən “müharibə” sözü eşidəndə bədənim ağlayır.
Biz başqa ölkə ilə savaşmırıq, məqsədimiz digər millətləri alçatmaq deyil. Sadəcə olaraq bizə aid olan torpaqları, gözəllik və möhtəşəmliyi geri qaytarmaq istəyirik. Dünyada insanlarla birgə sülh şəraitində yaşamaq istəyirik”.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir