“Qarabağda aparılan əməliyyatların detalları. Döyüş gecəsinin təfərrüatları. Buraxılan səhvlər. Nəticələr…”

Əslində erməni hərbi birləşmələrinin genişmiqyaslı əməliyyatı Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-da Nüvə Sammitində olanda baş tutmalı idi. Belə ki, Ermənistan tərəfi birinci əməliyyatını hələ sammitdən əvvəl – 25 martdan 26 marta keçən gecə Qazax istiqamətində başlamışdı. 20 martdan başlayaraq Ermənistan ordusu cəbhənin Qazax rayonu istiqamətində olan sərhədinə ağır texnika, canlı qüvvə toplayır və 26 mart gecəsi mövqe döyüşlərinə start verir. Nəticədə hər tərəf itkilər verir, lakin erməni tərəfin əsas məqsədinin hücum yox, Azərbaycan Ordusunun diqqətini Qazax istiqamətinə yönəldərək onun Qarabağ ətrafındakı hərbi qüvvələrini daimi dislokasiya yerlərindən çıxarıb Ermənistanla sərhədə cəmləşdirməklə qarşı tərəfin mövqelərini zəiflətmək planları Azərbaycan Müdafiə Nazirliyinin Kəşfiyyatçılarına bəlli olur…

Eyni zamanda şəxsən Lyova Mnatsakanyan (qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə naziri) tərəfindən planlaşdırılan və həyata keçirilən əməliyyatın əsas hissəsi olaraq erməni hərbi birləşmələri Füzuli, Ağdam, Tərtər istiqamətinə əlavə ağır texnika və canlı qüvvə toplamağa başlayırlar.

Bunların içində istifadəyə yararlı BTR-80, BMP-1, BMP-2 və T-72 ağır tanklarla yanaşı, tam şəkildə hərbi əməliyyatlar aparmağa qadir olmayan və yalnız hücum kəmiyyətini çoxaltmaq məqsədi ilə BTR-70 və hətta T-55 tankları Ermənistandan və erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Qarabağın digər regionlarından toplanaraq səfərbər olundu.

Bu məlumatlar da tam təfərrüatı ilə Azərbaycanın mövcud peyk imkanları və daimi işləyən kəşfiyyat kanalları ilə Müdafiə Nazirliyinin rəhbərliyinə daxil oldu. Dərhal Ermənistan tərəfindən fərqli olaraq hər an hücumları dəf etmək məqsədi ilə  müəyyən qaydada dislokasiya edilən və kifayət qədər ağır texnika və digər sursat və canlı qüvvə ilə təchiz olunmuş Azərbaycan ordusunun hissələri döyüş hazırlığına gətirildi və mövcud çatışmazlıqları aradan qaldırmaq üçün mərkəzdən əmrlər aldı.

Martın 29-u və 30-u Füzuli, Ağdam və Tərtər cəbhələrində yerləşən erməni postlarının qarşısında potensial hücumlara qarşı yaradılmış süni təpələr traktorlar vasitəsilə ləğv edilərək təcili surətdə 4,5 metrlik dəhlizlər açılır. Bu dəhlizlərin açılması Azərbaycan kəşfiyyatçılarına artıq erməni tərəfin ağır texnika ilə hücum əməliyyatlarına hazırlıqları haqda tam aydın məlumat verir və Müdafiə Nazirliyinin yaratdığı səyyar  qərargahda  hərbi analitiklər tərəfindən ermənilərin ehtimal olunan hücum taktikaları proyeksiya olunur. Eyni zamanda mövcud müdafiə planı təkmilləşdirilərək ordu hissələrinə çatışmayan və ya sıradan çıxan texnika və cihazların arxa cəbhədən gətirilməsi təmin olunur.

Amerika Birləşmiş Ştatlarının paytaxtında artıq Nüvə Sammiti işinə başlayıb və Azərbaycan Prezidenti İlham Əliyev iştirakçı olaraq Vaşinqtondadır. Bu fürsətdən istifadə edərək və bu barədə hələ 2016-cı ilin yanvar ayından məlumatı olan erməni tərəfi 31 martdan 1 aprelə keçən gecə yuxarıda adıçəkilən istiqamətlərdə genişmiqyaslı hücuma başlayır. Lakin bu əməliyyat yalnız artilleriya hazırlıqları ilə müşayiət olunur və məqsədi Azərbaycan tərəfini panikaya salmaq və mövcud sursat bazasını tükəndirmək xarakteri daşıyır. Uzunmüddətli və şiddətli artilleriya hazırlığı zamanı erməni hərbi birləşmələri bütün cəbhə boyu 5 saat ərzində D-30 tipli 122 mm haubitsa, ML-20 152 mm haubitsa-top, 2A36 152 mm top, D-44 85 mm divizion topu, minomyotlar və Qrad reaktiv atəş sistemlərindən istifadə edərək əsasən Azərbaycan ordusunun dislokasiya yerləri və panika yaratmaq məqsədi ilə yaşayış məntəqələrinə də zərbələr endirirdi.

Lakin əvvəlcədən aparılan uğurlu hazırlıq işləri nəticəsində Azərbaycan tərəfinin mövcud dislokasiyaları artıq yerdəyişmələri etdikdən ordu həmin gecə ciddi itkilər vermədən cavab atəşi ilə erməni tərəfini susdura bildi və 1 aprel səhər saat 08:00 radələrində artıq erməni tərəfinin artilleriyası susdu. Artilleriya hazırlığından sonra gözlənilən hücum da baş tutmadı. Bunun bir neçə səbəbi ola bilər, ya bu mövcud planın birinci hissəsi idi – onda sual olunur, niyə əvvəlcədən tankların hücumu üçün təpələrdə dəhlizlər açılırdı, ya da erməni tərəfi Azərbaycan ordusunun hazırlığını gözləmirdi və şiddətli cavab atəşi onların mövqelərinə  ciddi xətər yetirərək yenidən qruplaşmağa məcbur etdi.

1 aprel, səhər tezdən cəbhə xəttində yerləşən bəzi hərbi hissələrə azərbaycanlı gənclərin axışması müşahidə olunur. Bu yerli sakinlər də hərbçilərdən silah tələb edirlər ki, onlara silah verilsin. Daim bu cür artilleriya zərbələrinə məruz qalaraq problemlər yaşayan sakinlər kütləvi şəkildə Azərbaycan ordusuna yazılaraq döyüşə atılmaq və 24 il davam edən işğala son qoymaq istəyirlər.

Burada balaca bir haşiyəyə çıxmalıyam. 1990-cı illərdə həmin ərazilərdə erməni tərəfindən bu cür şiddətli artilleriya hazırlığı mülki insanları yerlərindən didərgin salıb uzun köç karvanları yaradırdısa, bu gün, 22 il sonra yerli əhalini əlinə silah alıb evləri, vətənləri uğrunda vuruşmağa sövq edir.

Həmin günün ikinci yarısınadək əldə olunan kəşfiyyat və analitik məlumatlara görə, 1 apreldən 2 aprelə keçən gecə erməni tərəfi öz qüvvələrini yenidən qruplaşdırıb heç nəyə baxmayaraq ağır texnikanın müşayiəti ilə hücuma keçəcək. Bu əməliyyat məlumatları da Bakıya çatdırıldı. Vəziyyət gərginləşirdi… Belə qısa müddətdə cəbhəyanı ərazilərdən əhalinin evakuasiyası mümkün olmazdı. Bakıdan gecəyədək kifayət qədər əlavə qüvvə çəkmək üçün də vaxt qalmırdı. Eyni zamanda, ikinci Xocalının törədilməsinə də imkan vermək olmazdı. Beləliklə, Prezident İlham Əliyev hələ də Sammitdə olan zaman çox zəruri və dürüst qərar verilməli idi…

Və Qərar verildi! Bütün cəbhə boyu külli miqdarda ağır texnika ilə gücləndirilmiş erməni hərbi birləşmələrinin hücumunun qarşısını həm də havadan aviasiya vasitəsilə saxlamaq və əhalini xilas etmək olardı. Orduya könüllü müraciətlərinin sayı durmadan artırdı. Azərbaycan pilotları bir nəfər kimi cəbhəyə yollanmağa və əhaliyə dəstək olmağa hazır olduqlarını  bildirdilər. Təşkil olunmuş heyət təcili surətdə cəbhə bölgəsinə ezam olundu.

1 apreldən 2 aprelə keçən gecə erməni silahlı birləşmələri bütün cəbhə boyu hücuma başladılar. ANS-in Qarabağ bürosunun rəisi Ramin İbrahimov ilk məlumatı yollayanlardan oldu. Bu, gecə saat 03:00-a təsadüf etdi! Digər tərəfdən isə ilk məlumat Ermənistan Müdafiə Nazirliyinin bəyanatı şəklində, həmişə olduğu kimi bütün məsuliyyətı Azərbaycan tərəfinin üzərinə qoyaraq yalnız səhər saat 08:00-da elan edildi. Bu da öz növbəsində erməni tərəfinin əvvəlcədən hazırladığı press-relizləri elan edə bilmədiklərinin sübutu idi və ona görə də 5 saat ərzində gözlənilmədən düşdükləri vəziyyəti araşdıraraq yeni məlumat və press-reliz hazırlamalı oldular. Belə ki, erməni hərbi hissələrinin hücumu bütün cəbhə boyu məğlubiyyətə uğradı və bu azmış kimi əllərində olan əsas və strateji yüksəklikləri tam itirdilər.

Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi erməni tərəfinin hücumu və ümumiyyətlə gözlənilən əməliyyatı iki əsas hissəyə böldü. Birinci mərhələdə əsas məqsəd erməni hərbi birləşmələrinin hücumunun qarşısını almaq idi və Şumlama texnologiyası ilə pərakəndə salınmış erməni tərəfinin hərbi qüvvələrinə yenidən qruplaşmağa imkan verməyərək yeni və təzə qüvvələrlə ikinci mərhələyə keçib daim cəbhəyanı Azərbaycan yaşayış məntəqələrini gülləbaran edən Lalə İlahi Təpə, Talış kəndi ətrafındakı yüksəklikləri və Seysulan məntəqəsini ələ almaqla birdəfəlik adıçəkilən yüksəkliklərə Azərbaycan bayrağını sancmaqdı.

Plan cızılmışdı və indi onu keyfiyyətlə həyata keçirmək lazım idi. Gözlənilən vaxtda erməni ağır texnikası əks tərəfə təzyiq göstərmək məqsədi ilə dəhşətli səs-küy salaraq Azərbaycan yaşayış məntəqələrinə hücuma başladı. İstiqamətləri və marşrutları əvvəlcədən bəlli olduğundan və kəşfiyyat məlumatlarına arxalanaraq Azərbaycan tərəfinin artilleriya qurğu və toplarının nişangahları irəliləyən ağır texnikanın düz alınlarına nişanlanmışdı və eyni zamanda açılan atəş nəticəsində bir neçə tanklara xətər yetirildi, ən əsası isə texnika quruluşu sıralarında ciddi panika yarandı. Lakin artilleriya toplarının əsas təyinatı tanklara qarşı mübarizə olmadığından hərəkət bir müddət ləngisə də sıralar qruplaşıb hücuma davam etdilər.

Bu zaman Azərbaycan ordusunda mövcud olan tanklara qarşı xüsusi silahdan istifadə edilməyə başlandı. Bu reaktiv silah 5 km məsafəsində yerləşən tankların yerlərini özü müəyyənləşdirir və avtomatik rejimdə onu məhv edir. Bu silahın daha ibtidai variantı “Səhrada Fırtına” əməliyyatında ABŞ ordusu tərəfindən istifadə nəticəsində İraq ordusunun ağır texnikasını hərəkətdən məhrum edərək tam şəkildə iflic etmişdi. Silahın iş prinsipinə gəldikdə – 5 km radiusunda yerləşən ağır texnikanın aparat tezlik və dalğalarını müəyyən edərək onların mühərriklərinin istilik mübadiləsinə tuşlanaraq kumulyativ zərbə ilə tankı salamat saxlayaraq hərəkətsiz edir və içindəki ekipajı tam şəkildə məhv edir. Məhz bu xüsusi silahın işə salınması ilə erməni tərəfə məxsus 4 ədəd müxtəlif çaplı ağır texnika məhv edildi və bundan sonra onlara yardım məqsədi ilə gələn daha bir tank vuruldu. Erməni ordusunun hücum taktikasından bəlli oldu ki, onlar Azərbaycan ordusunda mövcud olan bu xüsusi silahın olmasından xəbərdar deyildilər. Məhz bu hərəkətlər nəticəsində hücumun qarşısı alındı və Azərbaycan Müdafiə Nazirliyi tərəfindən hazırlanan müdafiə planının 1-ci mərhələsi sona çatdı.

2-ci mərhələyə görə, 10 illərlə erməni tərəfinin mövqeləri sayılan və onlarla km aran məsafələrinə nəzarət edən, daim Azərbaycan yaşayış məntəqələrinə atəş yağdıraraq hər həftə 3-5 mülki  insanın həyatını aparan yüksəkliklərin ləğv olunması və nəticə olaraq Azərbaycan ordusunun nəzarətinə keçməsi idi. Bu, çox çətin mərhələ idi. İş burasındadır ki, 10 illərlə bu yüksəkliklərdə erməni hərbi qüvvələri məskunlaşmış, səngər, post və blindajlarını beton sərdabələrə çevirərək ətək hissələri tam şəkildə minalamışdılar və bununla onlara yaxınlaşmaq imkanlarını sıfra endirmişdilər.

Bu andan plan üzrə döyüşə Azərbaycan hərbi hava qüvvələri qoşulur və dəqiq, əvvəlcədən korrektə olunmuş zərbələrlə adıçəkilən yüksəkliklərin ətəklərini və blindajla səngərləri şumlamağa başlayırlar. Hərbi helikopterlərin bu əməliyyatlarına iriçaplı artilleriya da yardımçı olur. Bu anlar erməni hərbi birləşmələri üçün əsl cəhənnəm idi. Düz 50 dəqiqə erməni səngərlərindən heç bir reaksiya yox idi – onlar bunu gözləmirdilər. Lakin əməliyyatın gedişində Azərbaycan ordusunun bir hərbi Mi-24 tipli helikopterini vurmağa müvəffəq oldular. Erməni tərəfindən buraxılan Stinger tipli raketin helikopterin arxa pərlərini sıradan çıxarmasına baxmayaraq Lalə İlahi Təpə yüksəkliyini təmizləyən ekipajın hələ də  sağ-salamat özünü xilas etmək imkanları var idi. Lakin Mayor Təbriz Musazadə, Mayor Urfan Vəlizadə və Baş Leytenant Bəkir İsmayılov yanan 12 tonluq helikopteri erməni blindajlarına çırpmağı qərara alaraq, doğrudan da qəhrəmancasına həlak oldular. Helikopter sürətlə yüksəklikdə olan mövqelərə çırpılandan sonra hələ bir müddət də digər mövqeləri şumlayaraq ermənilərin arxa cəbhəsinə düşdü. Pilotların bu hərəkəti və ümumiyyətlə helikopterin vurulması tankçıların səbr kasasını daşdırdı və onlar əvvəlcədən planlaşdırılmış yürüşlə yüksəkliyə tərəf hərəkətə başladılar. Azərbaycan ordusunun əsgər və zabitləri zəncir çeynəyərək 95 dəqiqə ərzində bütün cəbhə boyu Lalə İlahi Təpə, Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan məntəqəsini ələ almaqla əsas yüksəkliklərə sahib oldular.

Bu ərəfədə Ermənistan politoloqları bir sıra internet informasiya saytlarında Lyova Mnatsakanyanın rəhbərlik etdiyi bu əməliyyatı hərbi uğursuzluq kimi qələmə verdilər. www.armtoday.info, www.regnum.ru, www.news.am, www.panarmenian.net kimi saytlar əvvəlcə öz ordularını ifşa edirdilərsə, artıq günorta saatlarında bir ağıza Azərbaycan ordusunu işğalçı adlandıraraq erməni ordusuna reveranslar yağdırmağa başladılar. Düşünürəm, bu, Ermənistan Prezident aparatının məsul şəxsinin zəngindən sonra baş tutdu. Bu fakt öz növbəsində yenə də qədim tezisi təkrarladı – Ermənistan establişmentində müxtəlif yönümlü və fikir ayrılıqlı liderlər olsa belə – onlar hamısı bir mənbədən qidalanırlar.

Dediyim kimi cəbhədə gedən mövqe döyüşləri informasiya sahəsində də müşahidə olunurdu… Və burada Azərbaycan tərəfinin guya helikopterin vurulmaması haqda yanlış məlumatı dərhal erməni mediasının əlində bayraq oldu və buna görə bütün gələn informasiyaları da şübhə altına salmaq üçün zəmin yarandı. Lakin həmin günün axşamı səhv etiraf olunaraq azərbaycan tərəfinin itkiləri haqda, o cümlədən helikopterin vurulması haqda dəqiq açıqlama yayıldı. Belə ki, Azərbaycan tərəfi bu əməliyyatlar zamanı 12 əsgər itkisi haqda məlumat verdi, erməni tərəfi isə 18. Nəzərə alsaq ki, bu məzmunlu rəsmi məlumatlarda bəzi rəqəmlər əsasən azaldılmış olur – ola bilər ki, əslində həlak olanların sayı hər iki tərəfdən bir qədər çox olub, amma yenə də erməni tərəfin itkiləri daha çox kimi görünür. Hərb elmindən başı çıxan hər bir kəs bilir ki,  hücum edən tərəfin itkisi daha çox olur.

Bir şeyi dəqiq demək olar ki, erməni tərəfin Azərbaycan Prezidenti və Baş Komandan İlham Əliyevin Azərbaycanda olmaması və gözlənilməzlik amilindən istifadə edərək hücum və əlavə torpaqlar əldə etmək cəhdi boşa çıxdı. Bu azmış kimi onlar hələ vacib yüksəklikləri də əldən verdilər. Sözsüz ki, bu, erməni tərəfin planlarına daxil deyildi. Bəs bu əməliyyatın əsl səbəbləri nə idi və niyə ermənilər məhz bu gün, bu ay, bu il hücuma start verdi?

Səbəblər müxtəlif ola bilər – Serj Sarkisyanın Ermənistan və Qarabağ əhalisi arasında son vaxtlar mövcud iqtisadi böhran və millətin kütləvi şəkildə müflisləşməsi fonunda reytinqinin aşağa düşməsindən, Rusiyaya dəstək olaraq Ermənistanın hərbi provokasiyaları nəticəsində Azərbaycanın regiondakı strateji müttəfiqi olan Türkiyəni daha bir sərhədyanı münaqişəyə düçar etməklə daha da zəiflətmək, bundan əlavə Azərbaycanın son vaxtlar dünyaya inteqrasiyası, aprelin sonunda Bakıda keçiriləcək BMT-nin Qlobal Forumu və bu ilin ortasında start götürəcək Beynəlxalq Formula 1 yarışları fonunda respublikanın sabit ölkə kimi imicinə xələl gətirmək və bununla da onu bütün beynəlxalq tədbirlərdən təcrid etmək. Serj Sarkisyan və onun komandasının Ermənistanın dövlət büdcəsindən iddia edilən Qarabağ uğrunda gedən döyüşlərə ayrılan külli miqdarda vəsaitlərin mənimsəmələrini də hesabdan silmək lazım deyil.

Burada vacib olan bir faktor da Rusiyanın bu münaqişəyə olan münasibətidir. Bir tərəfdən Rusiya ilə ikitərəfli hərbi və siyasi dəstək haqqında sazişi olan ac və iqtisadi cəhətdən zəif və milyardlarla borcu olan Ermənistan var və digər tərəfdən artıq 3 milyarddan çox Rusiya hərbi sənayesinə vəsait yatıran və bunu davam etdirməyə hazır olan Azərbaycan. Düşünürəm ki, Rusiya bu məsələni həmişə olduğu kimi ümumi regional vəziyyətdən çıxış edərək, lakin heç bir halda gəlirlərinin itkisinə getmədən həll edəcək.

Bütün yuxarıda yazılanlar oxucumun qarşısında iki əsas sual qoyur və onlara cavab verməyi tələb edir. Sözsüz ki, vəziyyətin hansı məcrada inkişaf edəcəyi Allahın və Azərbaycan xalqının əlindədir, mən isə yalnız öz subyektiv fikrimi sizə çatdıra bilərəm.

Beləliklə, birinci əsas sual – erməni tərəfi yenə də Azərbaycan yaşayış məntəqələrinə mərmi atəşi yağdıraraq vətəndaşlarımızı narahat edəcəkmi?
Münaqişə tərəfindən müharibə zamanı hər bir addım gözləniləndi və məhz bu səbəbdən Azərbaycan ordusu əsgər və zabit heyətinin canı bahasına onları yaşayış məntəqələrindən maksimum uzaqlaşdırır və mövcud yüksəkliklər uğrunda döyüşlər aparır ki, dinc əhalini  bombardman etməyə qarşı tərəfin sadəcə fiziki imkanı çatmasın.

Ümumiyyətlə münaqişə tərəfləri bir-birinə yox, mülki əhaliyə zərbələr endirməyə başlayanda bu sonuncunun zəifliyinin nümayişidir, lakin bunun qarşısını almaq üçün əsrlərlə yoxlanılmış texnologiyalar var. Bu dəfə də artıq ciddi itkilər verən erməni tərəfi vəziyyəti özünün xeyrinə sabitləşdirmək və Azərbaycan ordusunun əks-hücumunu dayandırmaq məqsədi ilə iriçaplı top və haubitsalardan Tərtər, Horadiz və digər böyük və kiçik yaşayış məntəqələrinə atəş açmağa başladı… Yadımdadı, qabaqlar belə zərbələr nəticəsində dağıdılan mülki obyektləri, əsasən də ölən və yaralı vətəndaşları görən onların yaxınları və qalan əhali narazılıq edirdi və nəticədə Azərbaycan ordusu məqsədinə çatmadan döyüşü dayandırırdı. Bu dəfə artıq belə olmadı. Bir tərəfdən artilleriya zərbələri və onların nəticəsində dağıntılara və  ölüm hallarına əhalinin münasibəti fərqli oldu – hamı bir nəfər kimi öz dövlətinin gücünə inanaraq əksinə qisas almaq tələbini irəli sürürdü, ordu isə Tərtər əvəzinə – Mardakert (Ağdərə), Horadiz əvəzinə isə Hadrut və Stepanakert (Xankəndi) yaşayış məntəqələrinə artilleriya atəşi ilə xəbərdarlığını çatdırdı. Həmin an erməni tərəfi Azərbaycan şəhər və kəndlərinə artilleriya zərbələrini dayandırdı.

Ümummilli qüvvələrimizi səfərbər edib Baş Komandan İlham Əliyevin əmrini alan kimi uşaqlı-böyüklü, qadınlı-kişili ayağa qalxıb işğal olunmuş torpaqları geri almaq əzmini ortaya qoydu. Bütün millət, on milyona yaxın olan və maşallah, daim artmaqda davam edən əhali hətta əliyalın, silahsız da səsini ucaltsa, iki milyon yarım insana öz sözünü deyə bilər və bu söz eşidiləcək!

İkinci əsas sual – ümumiyyətlə, hökm sürən vəziyyətin inkişafı necə olacaq və tərəflərdən nəyi gözləmək olar?

2016-cı ilin Bahar Döyüşlərində erməni tərəfi 24 il ərzində ilk dəfədir ki, ciddi tərs cavab və külli miqdarda ərazi, texnika və canlı qüvvəsinin itkisi ilə rastlaşandan sonra özünü yığışdırar və gələcək ikitərəfli görüşlərdə daha əlverişli olaraq münaqişəni sülh yolu ilə həll etməyə cəhdlər göstərməyə başlayar və ya növbəti səhv addım ataraq bu hadisələrdən heç bir nəticə çıxartmayaraq diversiya və anneksiya cəhdlərinə davam edəcək və bu halda Azərbaycan ordusunun növbəti əks zərbələri nəticəsində yenə də itkilərlə rastlaşaraq qısa müddətdə Qarabağı və digər əraziləri tam şəkildə itirəcək.

Vahid Mustafayev
ANSPRESS

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın