Cavid Hüseynov azadlıq həyatına və futbola geri dönür

Bakı Apellyasiya Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə tutulan Qəbələ Futbol Klubunun keçmiş kapitanı Cavid Hüseynovla bağlı olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi sürdürülüb.

Futbolçunun vəkili Adəm Məmmədov bildirib ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olunub və C.Hüseynovun cəzası 1 il 2 aya endirilib. Həmin müddət bitdiyindən, C.Hüseynov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Bakı şəhər sakini, Ann.tv-nin əməkdaşı Rasim Məmmədəli oğlu Əliyev 2015-ci ilin avqust ayının 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda, Qəbələ futbol klubunun keçmiş kapitanı C.Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirilməsi ilə bağlı açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun quraşdırdığı ağır cinayətin hazırlanmasını bilərək bununla bağlı xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı keçən il dekabrın 22-də tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

2016-cı il aprelin 1-də keçirilən iclada hökm oxunub. Məhkəmənin hökmü ilə E.İsmayılov 13, A.Əliyev 12 il 6 ay, C.Məmmədov 11 il, S.Mustafayev və K.Mədətov 9 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və Qəbələ futbol klubunun oyunçusunun işi Səbail Rayon Məhkəməsinə göndərilib. May ayının 31-də Səbail Rayon Məhkəmənin hökmü ilə C.Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan C.Hüseynov apellyasiya şikayəti verib.

Xatırladaq ki, oktyabrın 16-da Bakı Apellyasiya Məhkəməsində hakim H.Əhmədovun sədrliyi ilə keçirilməli olan proses təxirə salınıb. Buna səbəb C.Hüseynovun vəkili A.Məmmədovun ilkin qərardaddan kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etməsi olub. Daha sonra C.Hüseynov kassasiya şikayətini geri götürüb.

Cavid Hüseynov futbol karyerasına davam etmək istəyir

Bu gün azadlığa çıxan Cavid Hüseynov indi Mehdiabaddakı evindədir.

Futbolçunun vəkili Adəm Məmmədov Qafqazinfo-ya açıqlamasında bildirib ki, C.Hüseynov həbsdən azad olunan kimi qızının bağçasına gedib. Oradan isə qızı ilə birlikdə evinə yollanıb.

Vəkil qeyd edib ki, C.Hüseynov gələcək planlarından danışarkən, futbol üzrə milli yığmanın və klubu ilə Azərbaycanın adını daha da yüksəklərə ucaltmaq istədiyini deyib.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir