Bu gün 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

Bu gün 18 Oktyabrda Azərbaycanın Dövlət Müstəqilliyi Günü keçirilir.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, Azərbaycan Respublikası Ali Sovetinin “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul etməsindən 26 il ötür.

XX yüzilliyin sonlarında SSRİ-nin dağılması ilə yaranan əlverişli tarixi durum və taleyin verdiyi imkan sonucunda Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırıb. Bu, xalqımızın siyasi tarixində XX yüzillikdəki ikinci parlaq uğuru idi.

Rusiyadakı demokratik güclərin çalışması sonucunda SSRİ respublikalarında da mərkəzdənqaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz duruma çatmışdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da “Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyannamə qəbul edilib.

Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilib.

Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirilib. Referendum bülleteninə bir sual yazılmışdı: “Siz “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?”

Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxıb.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli dövlət gerbi təsdiq olunub.

1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bu tarixi bayram kimi keçirir.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir