Bu il mayın 9-da faşizm üzərində qələbənin 71 ili tamam olur. Kapitalizm, faşizm və kommunizm quruluşlarının bir-birini məhv etmək üçün girdiyi ikinci dünya müharibəsinə, o dövrdə SSRİ-nin tərkibində olan Azərbaycan da birtərəfli şəkildə qoşulmuş oldu.

Bu müharibənin tarix ədəbiyyatında “Vətən müharibəsi” adlanan 1941-1945-ci illər dövründə Azərbaycan xalqı, istər ön, istərsə də arxa cəbhədə misilsiz döyüş və əmək rəşadəti göstərib. 640 min azərbaycanlı cəbhəyə səfərbər olub. Azərbaycanlılardan ibarət 416-cı, 271-ci, 77-ci, və 223-cü milli diviziyalar təşkil edilib.

Bu diviziyalar Qafqaz dağlarından Berlinədək şanlı döyüş yolu keçərək qəhrəmanlıqları ilə xalqımızın hərb tarixinə yeni şərəfli sətirlər yazıb. Bu şanlı qələbənin canlı şahidlərinin sayı, təəssüflər olsun ki, ildən-ilə azalmaqdadır.

Faşist Almaniyasının təslim olmasını Berlində bayram edənlərdən biri də Daşkəsən rayonunun yaşayan yeganə “Vətən müharibəsi” veteranı İdris Əhmədovdur. O, 1925-cı ildə Ermənistanın Amasiya rayonunun Düzkənd kəndində anadan olub. 18 yaşına çatanda digər soydaşlarımız kimi vətənin müdafiəsinə yollanıb.

İlk olaraq Qori şəhərinə gətirilərək, hərbi hazırlığı öyrənib. Bir müddət sonra isə 416 Taqanroq diviziyasının tərkibinə daxil olaraq Berlinədək döyüş yolu keçib. Yaşla əlaqədar yaddaş və eşitmə zəifliyi olsa da, veteranla söhbətimiz onun ailə üzvlərinin köməyi ilə baş tutdu.

Müharibə zamanı “PTR” (tank əleyhinə silah) silahından, Berlinin alınmasında isə karabindən istifadə etdiyini deyir İdris Əhmədov. Berlin şəhərində gedən küçə döyüşləri getdiyini, hər ev uğrunda mübarizə aparıldığını, şəhəri qarış-qarış ələ keçirdiklərini nəql edir.

“Berlində küçə davaları gedirdi, açıq döyüş yoxuydu. Komandirin əmri ilə bir-birimizdən aralı gedirdik ki, atəş açılanda çox adama dəyməsin. Küçənin ortasında güllənin hardan gəlib-hara dəyəcəyini bilmək olmurdu”, —deyir İdris baba.

9 mayda Almaniyanın təslim olmasına baxmayaraq, hələ bir müddət şəhərdə döyüşlərin getdiyini deyən müsahibimizin sözlərinə görə, döyüşlər qurtardıqdan sonra Belarusa qədər günlərlə piyada yol qət ediblər: “Hər saatda bir dəfə dayanırdıq. 5 dəqiqə uzanaraq ayaqlarımızı yuxarı qaldırıb dincəlirdik ki, ayağa yığılan qan bədəndə hərəkət eləsin. Çox vaxt beyin yatsa da, ayaqlar yeriyirdi”.

1947-ci ilə kimi Belarusda saxlanıldıqdan sonra tərxis olunaraq Amasiyaya qayıdıb. Sovxozda çoban, sonra isə baş çoban kimi fəaliyyət göstərib. Müharibədə gördüyü dəhşətləri bir də 80-ci illərin sonlarında görmək qismətinə düşüb İdris Əhmədovun.

“1988-ci ildə ermənilər azərbaycanlıları sıxışdırmağa başladılar. Əvvəl gəlib mal-qaranı əlimizdən aldılar, sonra kənddə bir neçə nəfəri öldürmək istədilər. Yerevandan böyüklər gəldilər ki, “ay türklər, getməyin, mal-heyvan verək, yaşayın”. Onlar gedəndən sonra ermənilər kəndə hücum elədilər. Neçə adamı öldürmək istədilər”, —deyir.

İdris babanın sözlərinə görə, həmin vaxt Ermənistanda zəlzələ olduğu üçün, ermənilərin başları qarışıb: “Yoxsa salamat adam buraxmayacaqdılar. Nə qədər adamın yolda qabağını kəsib hər şeyini əlindən aldılar. Heç o vaxt almanlar tutduqları yerlərin əhalisi ilə belə davranmırdılar”.

Qaçqınlıq vaxtı gəlib Daşkəsən rayonunun Yuxarı Daşkəsən kəndində məskunlaşıblar. İdris kişinin 4 oğlu, üç qızı olub. Oğlanlarından biri cavan vaxtı dünyasını dəyişib. 2008-ci ildə həyat yoldaşını da itirib. Hazırda kiçik oğlu Gəray və ailəsi ilə birlikdə yaşayır.

Yazar: İlham Mustafa (Sputnik Azərbaycan)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın