24 iyul 2020-ci il tarixində Avropa Birliyinin (AB) Azərbaycan Respublikasındakı nümayəndəsi Kestutis Yankauskas və Belçika Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bert Şufs Xarici İşlər Nazirliyinə çağırılıb və Xarici İşlər Nazirinin müavini Xələf Xələfovla görüş keçirilib.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə X.Xələfov Ermənistanın Azərbaycan-Ermənistan sərhədində törədilmiş son hərbi təxribatın həm iki ölkə arasında, həm də bölgədə gərginliyin alovlanmasına xidmət etdiyini vurğulayıb.

Son zamanlar radikal ermənilərin Avropanın bir çox ölkələrinin paytaxtlarında və böyük şəhərlərində azərbaycanlılara qarşı vandalizm aktlarının törətdiyi, eləcə də Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarına müdaxiləyə çalışdığını, həmin ölkələrdə çalışan diplomatlarımızın təhdid edildiyi, soydaşlarımıza qarşı hücumların təşkil edildiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Bu ilin 22 iyul tarixində Belçika Erməniləri Komitəsinin çağırışına uyğun olaraq, Brüsseldəki Səfirliyimizin qarşısında ciddi təxribat və vandalizm aktları ilə izlənən kütləvi nümayişin keçirildiyi Belçika səfirinin və AB nümayəndəsinin diqqətinə çatdırılıb. Öncədən Belçikanın bütün aidiyyəti hökumət orqanlarına dəfələrlə xəbərdarlıqların edilməsinə baxmayaraq, bu təxribatların qarşısının istənilən səviyyədə alınmadığı vurğulanıb.

Nazir müavini olaylar zamanı “REAL” televiziyasının Avropa müxbiri də daxil olmaqla, altı azərbaycanlı diaspor nümayəndələrinin ciddi xəsarət aldığını və xəstəxanaya yerləşdirildiyini bildirib.

X.Xələfov vurğulayıb ki, Belçikanın uyğun orqanları məsələni ciddi şəkildə araşdırılmalı, məsələyə hüquqi dəyər verilməli, cinayət və vandalizm aktı törətmiş şəxslər məsuliyyətə cəlb edilməlidirlər.

Nazir müavini, eyni zamanda Kestutis Yankauskasa müraciət edərək, Avropa Birliyinin dünyada insan hüquqlarının pozulması ilə bağlı bəyanatlar verdiyi halda, çox açıq şəkildə baş vermiş ksenofobiya, vanadalizm, irqi ayrı-seçkilik zəminində baş vermiş son hadisələrlə bağlı hər-hansı açıqlama vermədiyini bildirib. O, bunun Azərbaycan ictimaiyyətində ciddi rahatsızlığa səbəb olduğunu və suallar doğurduğunu vurğulayıb.

Belçika Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bert Şufs ilk öncə Azərbaycan-Ermənistan sərhədində baş vermiş olay nəticəsində həyatını itirmiş Azərbaycan hərbçilərinin və mülki vətəndaşının həlak olması ilə bağlı Azərbaycan xalqına və həyatını itirmiş şəxslərin yaxınlarına başsağlığı verib.

Səfir B.Şufs Brüsseldə keçirilən aksiyanın icazəsiz olduğunu, bununla bağlı məlumatlı olduqlarını və məhz bu səbəbdən Səfirliyin ərazisinə çox sayda polislərin yerləşdirildiyini bildirib. Bununla belə, səfir, polislərin yetərli sayda olmadığını və dinc nümayişçilərə qarşı hücum edildiyini vurğulayıb.

Brüsseldə 200-ə yaxın diplomatik missiyanın fəaliyyət göstərdiyini vurğulayan səfir, onların güvənliyinin təmin edilməsi ilə bağlı tədbirlərin görülməsinin olduqca önəmli olduğunu bildirib. O, Səfirliyin inzibati binasının güvənliyinin təmin edilməsi ilə bağlı yerli hakimiyyət orqanlarına uyğun təlimatların verildiyi diqqətə çatdırıb.

Səfir B.Şufs bu məsələnin Belçika hökuməti tərəfindən ciddi bir hal kimi qəbul edildiyini, görüşdə qaldırılan məsələlərin uyğun şəkildə Mərkəzə çatdırılacağını bildirib, məsələnin araşdırılacağını, uyğun tədbirlərin görüləcəyini və görüləcək işlərlə bağlı Azərbaycan tərəfinin məlumatlandırılacağına söz verib.

Avropa Birliyinin Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas da cəbhədə baş vermiş olaylar zamanı həyatını itirmiş hərbçilər və mülki vətəndaşla bağlı Azərbaycan xalqına və onların ailə üzvlərinə başsağlığı verib.

K.Yankauskas hadisələri yaxından izlədiyini son günlərdə Avropanın müxtəlif şəhərlərində keçirilən etiraz aksiyaları zamanı baş vermiş qarşıdurma hadisələrinin davam etməkdə olduğunu təəssüflə bildirib.

AB nümayəndəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabaş münaqişəsi ilə bağlı məsələlərin Avropa Birliyi tərəfindən yaxından izlənildiyini və beynəlxalq sərhəddə baş vermiş son hadisələrlə bağlı bəyanat verildiyini vurğulayıb. O, Brüssel ilə mütəmadi qaydada videokonfransla bağlantı yaradıldığını vurğuladı və indiki görüşdə qaldırılan məsələlərin uyğun qaydada AB rəsmilərinin diqqətinə çatıdırlacağına söz verdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın