Azərbaycan Respublikası Baş Prokurorluğundan verilən məlumata görə, “ANS Müstəqil Yayım və Media Şirkəti” MMC-nin fəaliyyətinin bərpası müzakirə predmeti deyil.

Bir sıra kütləvi informasiya vasitələrində “ANS Müstəqil Yayım və Media Şirkəti” MMC-nin vəzifəli şəxslərinin barəsində Baş Prokurorluğun Ağır Cinayətlərlə bağlı işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işinin yerinə yetirilməsinə bəraətverici əsaslarla xitam verilməsi ilə bağlı informasiyalar yayılmışdır.

Həmin məlumatlar tərəfimizdən təkzib olunmaqla bildiririk ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 iyul 2016-cı il tarixli qərarı ilə Milli Televiziya və Radio Şurasının “ANS Müstəqil Yayım və Media Şirkəti”nə qarşı kütləvi informasiya vasitəsinin fəaliyyətinə xitam verilməsi barədə iddiası təmin edilərək şirkətə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsinə və telekanalın fəaliyyətinə xitam verilmişdir.

Baş Prokurorluqda istintaq edilən “ANS Müstəqil Yayım və Media Şirkəti” MMC-nin vəzifəli şəxslərinin vətəndaşların hüquqlarını pozan, habelə qanunla müəyyən edilmiş vəzifələri yerinə yetirməkdən yayındıran və başqa cinayət  əməllərinin törədilməsi üzrə cinayət işinin icraatına şəraitin dəyişməsi ilə əlaqədar onlara aid hissədə xitam verilmişdir.

Xatırladaq ki, 18 iyul 2016-cı il tarixdən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının qəbul etdiyi qərara əsasən ANS Müstəqil Yayım və Media Şirkətinin, həmçinin, telekanalla birlikdə ANS ÇM radiosunun işləməsi dayandırılıb. Buna səbəb ANS TV-in ABŞ-dakı əməkdaşının Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Güləndən müsahibə alaraq, həmin müsahibəni yerli və xarici KİV-lər vasitəsilə anons etdirməsi olub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın