Xırdalan, Baltika, Əfsanə, Tuborg, 33 Export, Cooler kimi markaların sahibi, ölkənin pivə bazarının 75 faizdən çoxunu tutmuş “Baltika-Bakı” şirkətinin pivə istehsalını dayandırmaq qərarı cəmiyyətdə narahatlıq yaradıb.

“Baltika-Bakı” şirkəti avqustun 15-dən işini müvəqqəti olaraq dayandıracaq. Şirkətin məlumatına görə, Azərbaycanda pivə bazarının həcmi 2015-ci ildə 20%, 2016-cı ilin ilk rübü ərzində isə daha 35% azalıb və bu tendensiya hələ də davam edir.

Şirkətin məlumatında bildirilir ki, bunun əsas səbəbi ölkədəki makroiqtisadi vəziyyət və milli valyutanın dəyərsizləşməsidir: “Bu, əhalinin alıcılıq qabiliyyətini kəskin azaldıb. Şirkətin biznesinə qanunvericiliyin nizamlaması da təsir göstərir: cari ilin ikinci rübündə suyun tarif sistemində dəyişiklik olub, bu isə 2016-cı il ərzində istehsalat xərclərinin 500 min manat artmasına gətirib çıxaracaq”.

“Bundan başqa, sentyabrın 1-dən aksiz markası ilə markalanmalı olan malların nağd vəsait ilə dövriyyəsini qadağan edən və mütləq şəkildə öncədən ödəmə tələb edən qanun qüvvəyə minir. Bu, şirkət məhsulunun realizasiyasını çətinləşdirir”, — deyə şirkət qeyd edir.

İqtisadçı-ekspert Samir Əliyev Sputnik-ə açıqlamasında bildirib ki, yay aylarında pivə məhsullarına təlabat böyük olur: “Kifayət qədər insan pivədən yararlanır. Qeyr-neft sektorunun inkişafı baxımından isə yerli müəssisənin dayandırılması arzuolunan deyil. Hökumət bu məsələyə həssas yanaşmalıdır, imkan daxilində çalışmalıdır ki, belə müəssisələrin bağlanmasına yol verilməsin”.

İqtisadçı ekspert: Azərbaycan manatı 2-3 dollar ola bilər
İqtisadçı ekspert Samir Əliyev

Ekspertin sözlərinə görə, şirkətin bu addımının səbəbi suyun qiyməti və devalvasiya deyil, məhz kart sistemidir: “May ayında su qiymətləri əhali üçün artdı. Sudan xammal kimi istifadə edənlərin tarifi isə əksinə azaldı. Pivə şirkətləri isə sudan xammal kimi istifadə edir. Ola bilər ki, şirkət sudan xammal istifadəçisi kimi qeydiyyatdan keçməyib”.

Devalvasiya isə alıcılıq qabiliyyətinə təsir edə bilər, lakin bu, əsasən xarici məhsullara aiddir. Onların qiymətləri qalxır, lakin yerli malların qiymətləri əvvəlki səviyyədə qalır. Məncə, burda əsas səbəb, məhz kart sistemidir ki, spitrli içki istehsal edən müəssisələr kart sisteminə keçməkdə qəti maraqlı deyil və bununla bağlı hətta uzun müddət müqavimət də göstəriblər”, — S. Əliyev vurğulayıb.

Sputnik əməkdaşının Baknın Yasamal rayonunda yerləşən, açıq havada pivə təklif olunan bir sıra yerlərdə apardığı müşahidələrsə göstərdi ki, istifadəçilərin pivəyə marağı azalmayıb. Belə ki, günün ikinci yarısı, xüsusən də axşam saatlarına yaxın kafelərdə kifayət qədər sıxlıq müşahidə olunur. Satıcılar deyirlər ki, əvvəlki illərdən fərqli olaraq insanlar daha çox yerli istehsal içkilərə üstünlük verirlər, elə kafelər də bir qayda olaraq yerli pivələr təklif edir.

Xaricdən gətirilən pivələr baha olduğundan, istehlakçılar yerli istehla önəm verirlar. Lakin burada da bir “əmma” var. Rəylərini paylaşan istehlakçılardan bəziləri yerli pivələrin keyfiyətinin, ən azı ötən ilki səviyyədə olmadığını iddia edirlər. Bir çoxları isə qiymətin bahalığını və belə qiymətlərin təklif olunan məhsula adekvat olmadığını deyirlər.

“Baltika-Bakı”dan onu da bildiriblər ki, hazırki şəraitdə əlavə nizamlama metodları və şirkətlərin iqtisadi azadlığının məhdudlaşdırılması ölkədə biznesin inkişafına olduqca neqativ təsir göstərəcək və pivə dövriyyəsi sahəsinin katastrofik ixtisarına gətirib çıxaracaq. Bununla bağlı olaraq, şirkət tərəfdən 15 avqust 2016-cı ildən “Baltika-Bakı” zavodunda anbardan yük boşalmalarının davam edilməsi ilə pivə istehsalatının və süzməsinin iki ay müddətinə dayandırılması və əməkdaşların boşdayanma rejiminə keçirilməsi haqqında qərar qəbul edilib. Bu, istehsalat xərclərini azaltmağa, şirkətin biznesinin rentabelliyini saxlamağa, kütləvi ixtisarların qarşısını almağa və maksimal dərəcədə iş yerlərinin qorunub saxlanmasına imkan yaradacaq.

Qeyd edək ki, Azərbaycanda Xirdalan, Tuborg, Baltika 7, Baltika 9, Baltika 0, Cooler, Əfsanə, 33 Export, Zhigulevskoe (Жигулевское) və Yarpivo markalarının sahibi, pivə bazarının 75%-dən çox hissəsinə malik olan “Baltika-Bakı” Azərbaycanın qeyri-xammal sektorunun ən iri müəssisələrindən biri və yüzlərlə ölkə vətəndaşının iş yeridir. Zavodun istehsal gücü ildə 10 milyon dekalitr təşkil edir. Şirkətdə 250 işçi və 400 vasitəçi çalışır. Şirkətin dövlət büdcəsinə illik ödəmələri 20 mln. manat, zavodun inkişafına ayırdığı ümumi investisiya isə 47 mln. manat təşkil edir.

Xatırladaq ki, martın 18-də keçirilən Milli Məclisin plenar iclasında Cinayət Məcəlləsinə edilən dəyişikliyə görə, pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda almağa görə 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın