Oktyabrın 16-dan yağmağa başlayan güclü yağışlar paytaxt Bakı şəhərinin yollarını iflic duruma gətirib. Yollarda kanalizasiya sisteminin işləməməsi problemi daha da dərinləşdirib. Hər dəfə yağışdan sonra eyni görüntü (su başmış küçələr, evlər, yollar) ilə qarşılaşsaq da, olay hələ də həllini tapmır.

Problemin həllini tapmamasının günahkarı kimdir? Çıxış yolu nədədir? Aparılan tikintilərin layihəsi doğru verilmir, yoxsa tikinti işləri düzgün həyata keçirilmirmi?

Problemli məsələni ANN.Az-a açıqlama verən şəhərsalma üzrə ekspert, inşaat mühəndisi Rahab Qazıyev problemin kanalizasiya sistemində olduğunu söylədi:

“Başa düşürük, körpülər, tunellər yeni tikilib. Ancaq kanalizasiya sistemi köhnədir. Nə qədər asfaltın üstünü qaşıyıb yol çəkmək olar? Arada yolun altındakı borulara da baxın. Ona görə də, azacıq yağış olan kimi Bakı yağış sularının altında qalır, bütün tunellərin içi su ilə dolur. Niyə? Tunellərin layihələri necə verilib? Layihə rəhbəri hara baxırmış? Tunel tikiləndə elə layihə verilməlidir ki, su gələndə avtomat işləyib suyu vursun. Bunun üçün müəyyən qurğu olmalıdır, ancaq yoxdur. Körpülərdə də eyni durumdur. Körpünün hər iki tərəfinə drenaj, ya da yağış üçün kiçik kanalizasiya sistemi qurulmalı idi. Dünənki durum bir daha göstərdi ki, heç bir iş görülməyib. Ola bilər, tikinti üçün layihə verilsin, amma başdansovdu iş görüldüyü göz qarşısındadır”.

“Mövcud durumla bağlı heç bir qurumu günahlandıra bilmərəm. Burada hamının günahı var. Ancaq başlıca məsələni “Azərsu” Açıq Səhmdar Cəmiyyəti həyata keçirməlidir. Yağış yağan kimi şəhərin su içində batmasının yeganə səbəbi paytaxtda kanalizasiya sisteminin işləməməsidir. Problemi də “Azərsu” həll etməlidir. Ancaq görünür, onların da buna gücü çatmır. Gərək Nazirlər Kabineti tərəfindən yenidən Bakı şəhəri haqqında qərar qəbul olunsun. Bu, bir-iki günün işi deyil, ortada vahid layihə olmalıdır. Bir günün içində şəhərin hər yerini qazıb iş aparmaq olmaz”, – deyə R. Qazıyev əlavə edib.

Şəhərsalma üzrə ekspert indi mərkəzi küçələrdə yağış sularının axması üçün heç bir yerin olmadığını da diqqətə çatdırıb:

“O vaxt şəhərin mərkəzi küçələrində, yolların kənarlarında yağış sularının axması üçün yerlər var idi. Amma nədənsə, son vaxtlar yollar təmir olunanda həmin yerlər asfaltla örtüldü. Demək olar ki, indi şəhərin heç bir yerində yağış suları üçün nəzərdə tutulan belə yerlər yoxdur”.

İnşaat mühəndisi paytaxtın acınacaqlı durumlara layiq olmadığını deyib:

“Vallah ayıbdır. Bakı kimi gözəl şəhərdə yağış yağan kimi küçələri su basır, gölməçələr yaranır, Fövqəladə Hallar Nazirliyinin işçisi gəlib sudan adam çıxarır. Yaxşı ki, Xəzər dənizi var, yoxsa bunlar nə edərdi?”

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılov mətbuata açıqlamasında Bakı şəhərində olan kanalizasiya sisteminin köhnə yəni, 1970-1980-ci illərin olduğunu faktını doğrulasa da, bu gün telefon zənglərimizə cavab vermədi.

16 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın