Avropa Qran Prisi keçirilərkən Bakının şəhər sakinlərinin fasiləsiz hərəkəti təmin olunacaq. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, şəhər sakinləri Formula1 yarışı ərəfəsində trek ətrafında maneəsiz şəkildə hərəkət edə biləcəklər.

Belə ki, yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün trek ərazisində yerləşən daimi yeraltı keçidlər gün boyu açıq olacaq və bununla yanaşı piyadalar trekin müəyyən yerlərində yeni qurulacaq müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər. Müvəqqəti salınacaq yerüstü keçidlər Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin və Xəqani ilə Rəşid Behbudov küçələrinin kəsişmələrində yerləşəcək.

Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər iyunun 14-ü gecə saat 01:00-dan etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Bu yerlərdə nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyət iyunun 21-i səhər saat 06:00-da aradan qaldırılacaq.

Nəqliyyat hərəkətinin qadağan olunduğu ərazilərin xəritəsini buradan yükləyə bilərsiniz.

Bununla yanaşı, Formula1 Şəhərciyinin olduğu Milli Dənizkənarı Park ərazisi iyunun 15-i gecə saat 00:00-dan etibarən bağlı olacaq. Burada əhalinin girişinə qoyulmuş məhdudiyyət iyunun 20-si günorta saat 12:00-da aradan qaldırılacaq. Yarışa bileti olan azarkeşlər Dənizkənarı Park ərazisinə iyunun 16-sı günorta saat 14:00-dan etibarən daxil ola biləcəklər. Şəhər sakinləri bu günlər ərzində sadəcə Park Bulvar alış-veriş mərkəzindən istifadə edə biləcəklər.

Nəqliyyatın hərəkətinin qadağan olunduğu ərazilər 3 zonaya ayrılır. Birinci zonaya trekin əhatə etdiyi İçərişəhər (1), ikinci zonaya trekin əhatə etdiyi Azadlıq meydanı və ona yaxınlığında yerləşən digər ərazilər (2) aiddir. Üçüncü zona BMT-nin 50 illiyi küçəsini (3) əhatə edir. Bu ərazilərdə yaşayan sakinlərə və işgüzar fəaliyyətlə məşğul olanlara həmin zonalara müvafiq rəqəmlərlə ifadə olunan və yaşayış yerinə giriş icazəsini göstərən nişanlar əlaqədar qurumlar tərəfindən mayın 30-dan başlayaraq iyunun 13-dək təqdim olunacaq. Verilən nişanlar götürülərək avtomobillərin ön şüşələrinə yapışdırılmalıdır. Nişan sahibləri ancaq nişanın aid olduğu zonaya daxil ola biləcəklər.

Məlumat üçün bildirək ki, 1-ci zonaya aid nişanlar İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən, 2 və 3-cü zonalara aid nişanlar isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim olunacaq. 1-ci zonaya dair ətraflı məlumat almaq üçün 497-52-46 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. 2 və 3-cü zonalara aid ətraflı məlumatı isə 492-98-14 və 492-09-02 telefon nömrələri ilə əlaqə saxlamaqla Bakı Şəhər İcra Hakimiyyətindən ala bilərsiniz.

1 və 2-ci zonalarda nəqliyyatın hərəkətinə ancaq gecə vaxtı 24:00-dan 06:00-dək icazə veriləcək. 3-cü zonada isə nəqliyyatın hərəkətinə gün ərzində icazə veriləcək və müvafiq nişana sahib olan avtomobillər istənilən saatda bu zonaya daxil ola biləcəklər. 1-ci zonaya giriş Azneft dairəsi, 2-ci zonaya giriş Azadlıq prospekti və 3-cü zonaya giriş Lermontov küçəsi (Şəlalələr parkı) tərəfdən olacaq.

Əlavədə verilmiş xəritədə qırmızı rənglə göstərilən küçələrdə 14-21 iyun tarixlərində nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, mavi rənglə göstərilən küçələrdə isə nəqliyyatın hərəkətinə icazə veriləcək, ancaq bu yerlərdə parklanma qadağan olunacaq. Çəhrayı rəngdə olan küçələrdə ancaq yarışla əlaqədar akkreditasiyaya sahib nəqliyyat vasitələrinin hərəkətinə icazə veriləcək. Həmin günlər ərzində xəritədə rənglərlə verilmiş bütün küçələrdə nəqliyyatın hərəkətinə nəzarət Dövlət Yol Polisi tərəfindən həyata keçiriləcək.

Avropa Qran Prisi ərəfəsində trekin yaxınlığından keçən ictimai nəqliyyat vasitələri intensiv fəaliyyət göstərəcək. 17-19 iyun tarixlərində Bakının mərkəzi küçələrində baş tutacaq Formula1 Avropa Qran Prisi ərəfəsində tamaşaçıların trekə, dənizkənarı bulvarda yerləşən F1 Şəhərciyinə və bilet aldıqları tribunalara asan şəkildə yaxınlaşmasını təmin edəcək ictimai nəqliyyat vasitələrinin adları bəlli olub.

Yarış ərəfəsində Bakının mərkəzi küçələrində nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədilə hazırlanan Nəqliyyatın İdarə Olunması Planına əsasən trekin yaxınlığından keçən avtobuslar və metronun müəyyən stansiyaları səhər saat 06:00-dan gecə saat 02:00-dək gün ərzində ümumilikdə 20 saat xidmət göstərəcək. Yarış həftəsi ərzində 65, 5 və 53 nömrəli avtobuslar müvafiq olaraq 5, 3 və 6 dəqiqəlik intervalla hərəkət edəcəklər.

Trekə gəlmək üçün 65 nömrəli avtobusun xidmətindən yararlanmaq istəyən tamaşaçılar Azərbaycan prospektində Mərkəzi Univermağın yaxınlığında yerləşən dayanacaqda enərək bilet aldığı tribunaya qədər piyada hərəkət etməlidirlər. Yarış ərəfəsində 65 nömrəli avtobus bu dayanacaqlardan keçəcək: Füzuli Meydanı – M.Muxtrov Küçəsi – Nizami Küçəsi – S.Rüstəmov Küçəsi – Ə.Cavad Küçəsi – Azərbaycan Prospekti – Füzuli Meydanı – Z.Əhmədbəyov Küçəsi – Tbilisi Prospekti – 20 Yanvar Küçəsi – H.Məhərrəmov Küçəsi – Mir Cəlal Küçəsi.

Trekə 5 nömrəli avtobusla gəlmək istəyən tamaşaçılar Rəşid Behbudov ilə Nizami küçələrinin kəsişməsində yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya piyada yaxınlaşmalıdırlar. Yarış ərəfəsində 5 nömrəli avtobusun keçəcəyi dayanacaqlar bunlardır: N.Nərimanov Metro Stansiyası – 28 May Metro Stansiyası – Azadlıq Prospekti – Nizami Küçəsi – R.Behbudov Küçəsi – N. Nərimanov Metro Stansiyası.

Trekə 53 nömrəli avtobus vasitəsilə gəlmək istəyən bilet sahibləri Bakı Əl Oyunları Sarayının qarşısında yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya tərəf piyada getməlidirlər. Yarış ərəfəsində 53 nömrəli avtobus aşağıdakı dayanacaqlardan keçəcək: Bayıl (2-ci sahə) – Milli Bayraq Meydanı – Bakı Əl Oyunları Sarayı.

Bununla yanaşı, tamaşaçılar yarışın keçiriləcəyi məkana metro vasitəsilə də gələ bilərlər. Bunun üçün bilet sahibləri 28 May, Sahil və İçərişəhər metro stansiyalarında düşərək trekə yaxınlaşa bilərlər.


Avropa Qran Prisi – Bakı Formula1 yarışı

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın