Azersun Holdinqin başçısı A.Goozal: Azərbaycan malları brendləşməlidir

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının “Aqrar İnkişaf və ailə kəndli təsərrüfatları ilə daimi iş” komissiyasının növbəti toplantısı keçirilib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, toplantıda “Azersun Holdinq”-in başçısı Abdolbari Goozal, “Karat Holdinq”-in icraçı direktoru Taleh Qasımov, heyvandarlıq kompleksinin rəhbərliyi, həmçinin bir sıra kənd təsərrüfatı şirkətlərinin, eləcə də qida istehsalçılarının rəhbərləri və aparıcı media təmsilçiləri iştirak edib.

Toplantını giriş sözü ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse prezidenti Vüqar Zeynalov açıb. Sonra isə söz “Azersun Holdinq”-in rəhbəri Abdolbari Goozala verilib.

Report xəbər verir ki, A.Goozal çıxışı zamanı Azərbaycanda yeni iqtisadi mərhələnin başlaması ilə bağlı olaraq dövlət başçısının atdığı addımları, kənd təsərrüfatı sektorunda verilmiş fərman və sərəncamlarına toxunaraq bunun Azərbaycanın kənd təsərrüfatı sektorunun uzunmüddətli inkişafına yardım olacağını bildirib.

Sonra isə “Azersun Holding”-in Azərbaycanın kənd təsərrüfatı sektorunda çalışmaları, həyata keçirdiyi layihələrdən danışıb. Həmçinin yerli xammal ehtiyatlarının genişləndirilməsi ilə əlaqədar atılan addımlara da toxunub. Bu sahədə olan çətinliklərə də göz atan A.Goozal iqtisadiyyatda son dərəcə qənaətcil siyasət yürüdülməsi, şirkətlər tərəfindən və yerli xammalın milli şirkətlərin dəstəklənməsinin önəmli olduğunu vurğulayıb və dünya təcrübəsindən də örnəklər gətirib.

Çıxışında Azərbaycan mətbuatının cəmiyyətin, eləcə də sahibkarların güzgüsü olduğunu vurğulayan A.Goozal, mediadan öz yazılarında obyektivliyə üstünlük verməyi və faktları olduğu kimi ictimaiyyətə çatdırmağın zəruri olduğunu deyib.

Bununla yanaşı, 10 il öncə Azərbaycan Prezidentinin neft kapitalının insan kapitalına çevirməsindən və bu yöndə atılması gərəkli olan addımlardan danışan A.Goozal Azərbaycan bazarında baramaçılıq, pambıqçılıq, taxılçılıq sektrunda hazırlanmış təkliflərin dövlət başçısına və dövlətin uyğun qurumlarına çatdırıldığını, dövlət tərəfindən uyğun addımlar atıldığını, bu sahənin inkişafı istiqamətində effektiv qərarlar qəbul olunduğunu vurğulayıb.

A.Goozal çıxışı zamanı bildirib ki, idxal rüsumunun tətbiq olunduğu sahələr də uzunmüddətli inkişaf mərhələsində müsbət nəticəsini göstərəcək və yerli istehsalçılar ixrac rüsumları ilə qorunan sahələrin inkişafına daha da maraq göstərəcəklər. O, həmçinin bu sahədə şəkər çuğunduru əkinlərinin də “Azersun Holdinq”-in fəaliyyət göstərdiyi sahələrlə yanaşı, bütün sahələrin şirkət tərəfindən dəstəkləndiyini söyləyib, “Azersun Holding”-in fəaliyyət göstərdiyi və istehsal etdiyi məhsullardan, sadəcə şəkər çuğunduru məhsulunun bu siyahıya daxil edilməsinin faydalı olacağını bildirib.

“Azersun Holdinq”-in başçısı çıxışında Azərbaycanın ən uğurlu istiqamətlərindən biri brend yaratma olduğunu, yerli məhsulların brendləşməsinin günün tələbi olduğunu deyib. Bu istiqamətdə dövlət başçısının “Made in Azerbaijan” brendinin formalaşdırılması və təşviqi-təbliği ilə bağlı atdığı addımları, bu istiqamətdə Ulu Öndər Heydər Əliyev tərəfindən “Azərçay” brendinin yaradılması istiqamətində verdiyi tapşırıqları yada salıb: “Məhz bunun sayəsində bu gün “Azərçay” dünya brendinə çevrilib. Yerli media öz yazılarında milli şirkətlərin maraqlarını qorumalıdır və milli məhsulların tanıdılmasına daha geniş yer ayırmalıdır. Çünki yerli şirkətlər inkişaf edərsə, Azərbaycanın reklam bazarı da inkişaf edər və media sahəsində çalışan şirkətlər iqtisadi baxımdan daha azad və daha güclü olar.”

Eyni zamanda vurğulamaq lazımdır ki, görüş sual-cavab xarakterli keçib və Azərbaycanın qida bazarında geniş çeşiddə müxtəlif yerli və xarici şirkətlərin məhsullarının satışının həyata keçirildiyi nəzərə çatdırılıb.

Görüş iştirakçılarına təqdim olunan filmdə Azərbaycan bazarında yerli istehsalçılardan olan “Azərsun Holdinq”-in rəf payının 10-15% olduğu və hər bir yerli məhsulla yanaşı, bazarda yüzlərlə alternativin olduğu da nümayiş olunan filmdə doğrulanıb. Görüşə qoşulan media işçilərinin bütün sualları cavablandırılıb, görüş səmərəli işgüzar mühitdə sona çatıb.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir