Azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranski İstanbulda öldürüldü

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski) Türkiyədə öldürülməsi xəbərini doğrulayıb. “Biz bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə də məlumat vermişik”, – deyə konsulluqdan vurğulanıb. Azərbaycan XİN-dən isə açıqlama almaq olmayıb.

Rövşən Canıyevin (Rövşən Lənkəranski) İstanbulda öldürülməsi ilə bağlı bir sıra detallar

İstanbulun Florence Nightingale Xəstəxanasından APA-nın Türkiyə bürosuna verilən məlumata görə, avqustun 18-də gecə saat 00:30 radələrində xəstəxanaya taksi sürücüsü tərəfindən üstündə heç bir sənədi olmayan naməlum şəxs gətirilib.

Onu xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriblər. 20 dəqiqə ərzində həkim müdaxiləsi olsa da, onu xilas etmək olmayıb.

Daha sonra polis əməkdaşları onun ölkəyə Rövşən Əliyev adı ilə gəldiyini öyrənib.

R. Lənkəranski xəstəxanaya yerləşdirilərkən bədənində 20-ə yaxın güllə yarası olub.

Prokurorluq əməkdaşları hadisəyə cəlb olunub və R. Lənkəranskinin güllə yaralarından öldüyünə şübhə qalmadığına görə onun nəşinin Məhkəmə Tibbi Ekspertizasına göndərilməsi zəruri sayılmayıb. Mərhumun qohumları da bu qərarla razılaşıblar.

Hazırda R. Lənkəranskinin nəşinin Azərbaycana gətirilməsi ilə bağlı hazırlıq görülür və müvafiq sənədlər hazırlanır.

Sənədlər Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda təsdiqlənəndən sonra cənazə ölkəyə gətiriləcək.

R. Lənkəranski ilə birlikdə maşında olmuş başqa şəxs isə indi İstanbulun Şişli Hamidiye Tədris və Araşdırma Xəstəxanasının reanimasiya bölməsində polis nəzarəti altında saxlanılır.

Qeyd edək ki, Rövşən Canıyev kriminal aləmdə “Rövşən Lənkəranski” kimi tanınır. O, ilk dəfə 1996-cı ildə 2 illlik həbs edilib. Buna səbəb isə, Rövşən Caniyevin atasının qatilini elə məhkəmə zalındaca güllələməsi olub. Səbail Rayon Məhkəməsinin 4 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Qəsdən adam öldürməyə cəhd və qanunsuz odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə R. Canıyev cinayət məsuliyyətindən azad edilib.

Rövşən Lənkəranski 2009-cu ilin dekabrında Ukraynada həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya edilib. Dövlət ittihamçısı R. Canıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib.

İtaliya məhkəməsi də Rövşən Lənkəranski barəsində beynəlxalq axtarış elan edib. Bu səbəbdən o soyadını dəyişərək Əliyev edib. İtaliya məhkəməsi onu mütəşəkkil cinayətkarlıq, qəsb, rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədləri saxtalaşdırmaqda günahlandırıb.

Zaxari Kalaşovun (Şakro Molodoy) düşməni Rövşən Lənkəranski

“Rövşən Lənkəranski Rusiyada kriminal aləmin lideri “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovun həbsindən sonra baş verən kriminal müharibənin qurbanı olub”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə “Rosbalt” agentliyinə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Mənbəyə görə, bu ilin iyul ayında Rusiya mafiyasının lideri Zaxari Kalaşov həbs olunandan sonra onun rəqibləri Merab Suxumski (Canqveladze) və Rövşən Lənkaranski fəallaşmağa başlayıb. Onlar Şakro Molodoyun Aslan Usoyan (Ded Xasan) və Tariel Oniani (Taro) arasında olan münaqişə ilə əlaqədar “qanuni oğru” tituluna qoyduğu qadağını ləğv ediblər.

Hüquq-mühafizə orqanlarındakı mənbə hesab edir ki, Rövşən Lənkəranski məhz bu fəallığın qurbanı olub.

Qeyd edək ki, bir müddət öncə İrəvanda keçirilən “qanuni oğrular”ın “sxodka”sında Rövşən Lənkəranskinin səlahiyyətlərinin müvəqqəti dayandırılması ilə bağlı qərar qəbul olunması barədə məlumat yayılıb. Həmin “sxodka”da onu 2013-cü ildə Ded Xasanın ölümündə də günahkar biliblər.

“Ded Xasan”ın qətlində adı hallanan gürcü qanuni oğrular – Cemal Mikeladze (Cemo) ötən ilin fevralından narkotik saxlamaq ittihamı ilə həbsdədir. Digər qanuni oğru Merab Canqveladze də ötən ilin iyununda Avropada Rusiya mafiyasına qarşı keçirilən əməliyyatda həbs edilib. Qeyd edək ki, hər iki qanuni oğru “Rövşən Lənkəranski”nin ən yaxın adamlarından hesab olunurdu. Beləliklə, Şakro Molodoyun azadlığa çıxması ərəfəsində hədəf “Rövşən Lənkəranski” olub.

“Merab Canqveladze” Tariel Oniani ilə (Taro) Ded Xasana qarşı çıxan qruplaşmaya başçılıq edib. Bu qruplaşmanın lideri isə Rövşən Lənkəranskidir. Merab və Taro arasında telefon danışığından məlum olub ki, onlar 2012-ci ildə qətlə yetirilən Ded Xasanın vurulmasına hökm veriblər. “Bu bizim hamımız üçün ad günüdür. Biz irəli yüz addım atdıq”, – deyə “kriminal generallar” telefon danışıqlarında seviniblər.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir