Azərbaycan, Rusiya və İran nazirləri üçtərəfli danışıqlara zarafatla başladı

Azərbaycan, Rusiya və İran xarici işlər nazirləri arasınd Bakıda başlayan üçtərəfli danışıqlardan əvvəl jurnalistlərlə insident yaşanıb.

Virtualaz.org xəbər verir ki, nazirlər danışıqlar masasının arxasına keçəndə 70-yə yaxın jurnalist onları əhatəyə alıb və suallar yağdırmağa çalışıb. Bu zaman mühafizəçilərlə jurnalistlər arasında çəkişmə yaşanıb, habelə jurnalistlər öz aralarında az qala dava salacaqdılar. Mühafizəçilər jurnalistləri birtəhər zaldan çıxarıblar. Nazirlər isə fotoreportyorların onları lentə aldıqları dəqiqələrdə bir-birləri ilə zarafatlaşıblar.

“Mən artıq bu üçtərəfli görüşlərə alışmağa başlayıram”-İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün səhər nazirlərin üçtərəfli formatda işgzar səhər yeməyinə eyhamla bildirib. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə jurnalistləri sakitləşdirməyə çalışıb: “Danışıqların yekunu olaraq bizim əhatəli bəyanatımız olacaq, ona görə də mətbuat konfransını gözləyin”.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə onu çəkən jurnalistlərə eyhamla deyib : “Nə vaxt əlimi burnuma aparsam onda çəkirlər”.

Nazirlərin kefi yerində olub və öz aralarında zarafatlaşıblar. Xatırladaq ki, üçtərəfli görüş əvvəlcədən planlaşdırılmışdı, Azərbaycan, İran və Rusiya arasında üçtərəfli əməkdaşlıq, Şimal-Cənub nəqliyyat dəhlizi və digər mövzular müzakirə olunmalıydı. Lakin Qarabağda başlayan döyüşlər Bakı görüşündə bu münaqişənin də mərkəzi mövzuya çevrilməsinə səbəb oldu.

Azərbaycan, İran və Rusiya XİN rəhbərləri mətbuat açıqlaması ilə çıxış ediblər

Azərbaycan, İran və Rusiyanın xarici işlər nazirləri üçtərəfli görüşün yekunlarına dair mətbuat açıqlaması ilə çıxış ediblər.

Gün.Az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, açıqlamada xarici işlər nazirləri Elmar Məmmədyarov, Məhəmməd Cavad Zərif və Sergey Lavrov bu görüşün ölkələrin regional və beynəlxalq məsələlər üzrə dialoq və qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsinə töhfə verəcəyini vurğulayıblar.

Tərəflər bərabərlik, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında dövlətlərarası münasibətləri daha da inkişaf etdimək və gücləndirmək barədə razılığa gəliblər.

Xarici işlər nazirləri BMT Nizamnaməsinə və beynəlxalq hüququn ümum qəbul olunmuş norma və prinsiplərinə sadiqliklərini təsdiq ediblər. Bu konteksdə onlar, həmçinin regiondakı münaqişələrin həllinin asanlaşdırılmasına dair qərarlı olduqlarını vurğulayıblar.

Tərəflər regional sabitlik və təhlükəsizliyə yeni çağırış və təhdidlərlə mübarizənin gücləndirilməsinin vacibliyini qeyd edib, bununla əlaqədar olaraq terrorçuluq, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlıq və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə sıx fəaliyyət göstərməyə hazırlıqlarını ifadə ediblər.

İqtisadiyyat, enerji, nəqliyyat, infrasturuktur, mədəniyyət, turizm, biznes, gənclər mübadiləsi, eləcə də konsulluq və gömrük sahəsində üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi və üç ölkənin regionları və əyalətləri arasında təmasların təşviq edilməsi barədə razılığa gəliblər.

Xarici işlər nazirləri ticarət-iqtisadi əməkdaşlığın bərabərhüquqlu və qarşılıqlı fayda prinsipləri əsasında təşvıqinin zəruriliyini vurğulayıblar. Sərmayə layihələrinin reallaşdırılması və yeni texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması üzrə maraqlarını ifadə ediblər.

Tərəflər Xəzər dənizinin sülh, dostluq, təhlükəsizlik və əməkdaşlıq dənizi kimi qorunub-saxlanılmasına yönəlmiş hərtərəfli səyləri davam etdirməyə əzimli olduqlarını təsdiq ediblər. Xəzər dənizin hüquqi statusuna dair Konvensiyanın ən qısa müddətdə yekunlaşmasına dair razılığa gəliblər.

Etiraf ediblər ki, təhlükəsiz və etibarlı alternativ tranzit dəhlizləri regionun inkişafı üçün yeni imkanlar yaradılmasına xidmət edəcək və onların xalqlarının rifahına töhfə verəcəkdir. Tərəflər bazar iqtisadiyyatı, azad rəqabət və qarşılıqlı fayda prinsipləri əsasında avtomobil və dəmir yolu, dəniz nəqliyyatının və yüklərin daşınma vasitələrinin şaxələndirilməsinə sadiqliklərini təsdiq ediblər.

Xarici işlər nazirləri Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üzrə layihələrin daha da təşviqi və dəstəklənməsinin vacibliyini vurğulayıblar.

Tərəflər sahəvi qurumlar və təşkilatlar formatında yuxarıda qeyd edilən istiqamətlərin müzakirəsi mövzusunda razılığa gəlib, öz dövlət başçılarının təlimatına uyğun olaraq, birinci zirvə toplantısının hazırlanmasına dair müzakirələrin başlanmasına razılaşdırıblar.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir