Azərbaycan Gürcüstana əlavə 500 mln. kubmetr qazın nəqlini təmin edib

Azərbaycan Gürcüstana nəql olunacaq qazın həcmini artıracaq. Bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

“Bilirsiniz ki, texniki imkanlar buna imkan vermirdi. Biz bu məsələni “Şahdəniz” konsorsiumu ilə müzakirə etdik. Təbii ki, qışda qaza tələbat artır. Bilirsiniz ki, biz “Şahdəniz” konsorsiumundan qaz alırıq və o qazın bir qismi daxili bazara yönəlir, bir hissəsini isə Gürcüstan və Türkiyəyə satmaq ixtiyarımız var. Bununla biz əlavə olaraq “Şahdəniz” xətti ilə 500 mln. kubmetr qazın Gürcüstana nəql olunmasını təmin etdik. Gürcüstana əsasən 800 mln. kubmetr həcmində “Şahdəniz” qazı verilirdi. Bu rəqəmi biz 1,5 mlrd. kubmetrə qədər çatdırdıq. Bununla yanaşı, “Qazax” xətti ilə 1,5 mlrd. kubmetr həcmində qazın nəql olunması imkanı yarandı. Beləliklə, biz hazırkı və gələcək tələbatı ödəyə bildik”, – deyə R. Abdullayev bildirib.

Bakıda səfərdə olan Gürcüstanın energetika naziri Kaxa Kaladze də bildirib ki, rəsmi Tiflis Azərbaycan qazının əlavə həcmləri barədə razılığa gəlməyə ümid edir. Onun sözlərinə görə, Gürcüstan Azərbaycan qazının tədarüklərinin həcminin artırılması məsələsi üzrə “Şahdəniz” konsorsiumu ilə bir neçə aydır danışıqlar aparır: “Fikrimcə, bu günlərdə biz bu məsələni razılaşdıracağıq və Azərbaycandan əlavə qaz həcmləri almaq imkanı olacaq”.

O, “Qazprom” və Gürcüsran arasında qaz üzrə danışıqları adi illik prosedur adlandırıb: “Biz Rusiya tədarüklərinin həcminin 10 faizini alırıq və hər il müqaviləni yeniləyirik. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və çoxillik dostluq əlaqələrimiz var”.

Nazir diqqətə çatdırıb: “Təəssüf ki, bəzi qüvvələr iki ölkə münasibətlərini korlamaq üçün belə məqamlardan istifadə edir. Lakin onlarda heç alınmayacaq”.

“Cənub Qaz Dəhlizi”nə gəlincə, K.Kaladzenin sözlərinə görə, Gürcüstan ölkəyə əlavə qaz həcmləri almağa imkan verəcək bu layihəni yüksək qiymətləndirir: “Gürcüstanda bu layihə üzrə bütün işlər plana uyğun gedir və ümid edirəm ki, o, 2018-ci ildə işə salınacaq”.

Gürcüstanın Energetika naziri Kaxa Kaladze fevralın 4-də Azərbaycana gözlənilmədən səfər edib. O, SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşüb.

Şirkətin prezidenti Rövnəq Abdullayevlə aparılan danışıqlarda ikitərəfli əməkdaşlıq məsələləri, Cənub Qaz Dəhlizinin inkişaf perspektivləri, Cənubi Qafqaz Boru Kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinin tikintisinin gedişi, həmçinin Azərbaycan qazının Gürcüstana nəqlində yaranmış problemlər və onların həlli yolları müzakirə olunub. Tərəflər danışıqların və müntəzəm görüşlərin davam etdirilməsi barədə razılığa gəliblər.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir