Azərbaycan Respublikasında 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bununla bağlı məlumat veriblər.

İndi Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 147 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan altı nəfərin durumu ağır, 11 nəfərin durumu isə orta ağır dəyərləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı gərəkli işlər davam etdirilir.

Ölkədə infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi üçün müxtəlif karantin zonalarına yerləşdirilən 3485 nəfərin müayinəsi ilə bağlı uyğun işlər görülür. Azərbaycanda koronavirusa yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır.

Bundan başqa, ölkəmizin müxtəlif bölgələrində yaşayan insanlar arasında da infeksiyaya yoluxma halları qeydə alınır. İnfeksiyanın geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, başqa şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur.

Vətəndaşlarımızı bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Qurumunun, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq. Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub.

Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və başqa yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda toplaşması qadağan edilmiş, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insnalararası təmaslarda iki metrlik ara saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların duyulduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın