Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin başçısı Hikmət Hacıyev Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa getməsi ilə bağlı suallara aydınlıq gətirib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, H.Hacıyev bu səfərlə bağlı Trend-in suallarını cavablandırıb:

– Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş torpaqlarına getməsini necə dəyərləndirirsiniz?

– Ermənistanın baş naziri N.Paşinyanın Azərbaycanın işğal olunmuş torpaqlarına, o cümlədən qoşunların kəsişmə xəttinə getməsini savaşa çağırış kimi dəyərləndiririk. Ermənistan prezidentinin ardınca bu ölkənin baş nazirinin Azərbaycanın işğal olunmuş torpaqlarına getməsi təxribatdır, hərbi avantüradır və qəsdən durumun gərginləşdirilməsinə hesablanmış addımdır.

Bunlar açıq şəkildə göstərir ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində və nəticə etibarilə, Azərbaycana qarşı davam edən hərbi təcavüz və işğalına son qoymaq və işğal edilmiş Azərbaycan torpaqlarından öz qoşunlarını çıxarmaqda maraqlı deyildir.

Ermənistanın məqsədi müxtəlif bəhanələrlə danışıqlar prosesini iflic etmək, təxribatlar yolu ilə durumu gərginləşdirmək, Azərbaycan torpaqlarının işğalını davam etdirmək və işğala əsaslanan status-kovunu saxlamaqdır.

Danışıqların alternativinin nə olduğunu hamı çox yaxşı bilir və buna görə də məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

– Ermənistanın qoşunların təmas xəttində durumu gərginləşdirmək və savaşa çağırış cəhdlərinin daxili siyasi durumla da bağlılığı vardırmı?

– Əlbəttə. Populist və ultra-şovinist millətçi düşüncəsi olan yeni Ermənistan rəhbərliyi bu ölkənin üzləşdiyi ciddi sosial-iqtisadi problemlərin həllində acizliyini başa düşərək savaş və Qarabağ mövzusu ilə ictimai fikri manipulyasiya etməyə çalışır.

Yeni Ermənistan hökumətinin təqdim etdiyi utopik və icrası mümkün olmayan proqram bu ölkədə durumun nə yerdə olduğunu açıq şəkildə göstərir. Ancaq Ermənistanın yeni rəhbərliyinin yürütdüyü hərbi avantura siyasəti bölgəni yeni təhlükələrlə üz-üzə qoyur.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın