Azərbaycan diasporunun yaşı haradasa 100 ildir. Bu illər boyunca onun formalaşmasında çox ciddi çətinliklər olub. SSRİ-nin yaranması ilə diasporda nəsil dəyişməsi prosesi dayanıb. Azərbaycan müstəqilliyini yenidən qaytardıqdan sonra onun tərkibi yenilənib, gəncləşib, hədəfləri aydınlaşıb.

İndi Azərbaycan diasporunun başlıca hədəfləri Qarabağ həqiqətlərini, Ermənistanın işğalçı olduğunu yaşadıqları ölkənin cəmiyyətinə və dünya ictimaiyyətinə çatdırmaq, habelə Azərbaycanın regional və beynəlxalq əhəmiyyətini təbliğ etməkdən ibarətdir.

Diaspor həm də Azərbaycanın mədəniyyətinin, milli adət-ənənələrinin, problemlərinin daşıyıcısıdır.

İyulun 12-də Azərbaycanın dövlət sərhədində Ermənistanın törətdiyi təxribatdan sonra dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar həmin hadisəyə etiraz olaraq aksiyalar keçirməyə başladı.

Ermənilər də Ermənistan hakimiyyətinin işğalçılığını və təxribatçı olduğunu ört-basdır etməkdən ötrü Azərbaycana qarşı çıxışlar etdilər. Erməni vandallarının ölkəmizin diplomatik missiyalarının binası önündə aksiyalarının qarşısı soydaşlarımız tərəfindən bir qayda olaraq alınıb. Azərbaycanlıların keçirdiyi mitinq və piketlərə ermənilər hücum çəkir, onlara fiziki güc tətbiq edirlər.

Əvvəllər belə hadisələr, demək olar ki, çox nadir hallarda baş verirdi. Son günlər dava-dalaşın sayı artıb. Tanıyanlar ermənilərin dava-dalaşa nə vaxt meyilləndiyini yaxşı bilir. Onlar sayları çox olanda, arxalarında güc hiss etdikdə, polis, təhlükəsizlik orqanlarından dəstək alanda dava-dalaş arxayın başlayırlar.

Azərbaycan diasporuna hücumlar olan ölkə və şəhərlərə diqqət etsək, bunu aydın görmək olar. Erməni diasporunun vəhşiliklərinə olayların gerçəkləşdiyi ölkələrin hüquq-mühafizə orqanları və asayiş keşikçiləri niyə göz yumur? Həmin ölkələr həm də ATƏT-in Minsk qrupunun həmsədrləri, yaxud Minsk Qrupunun üzvləridir. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların azad edilməsinə həmin ölkələrin münasibəti necədirsə, erməni diasporunu da elə himayə edirlər.

Dinc və razılaşdırılmış aksiya keçirən soydaşlarımıza qarşı hücumlarda erməni terror təşkilatlarının dəst-xətti açıq-aydın görünür. Ermənilərin ASALA terror qurumunun ən fəal olduğu yerlər ABŞ və Avropa ölkələridir. Onların hədəfi Türkiyə, türk diplomatlar, iş adamları idi. Bu cinayətkar qruplaşma onlarla türk diplomatı və iş adamını qətlə yetirib. 1988-ci ildə bu terrorçu dəstə fəaliyyətini dayandırdığını elan etsə də, başqa qiyafədə bu gün cinayət əməlləri törədir.

Erməni Terrorçuları ASALA ABŞ-da Azərbaycana qarşı mitinqdə

ASALA-nın, daşnakların törəmələri, davamçıları indi Azərbaycan diasporuna qarşı vandalizm aktları törədir, hücumlar təşkil edirlər. Onların ABŞ, Belçika, Fransa və başqa ölkələrdə azərbaycanlılara qarşı törətdiyi cinayətlər ASALA-nın taktikası ilə eynidir. 

Odur ki ABŞ, Rusiya, Avropa Birliyinə qoşulmuş ölkələr erməni diasporu ilə özünü buraxdığını elan edən ASALA arasında bağlantıya da diqqət yetirməlidirlər, buna ciddi ehtiyac yaranıb. Çünki ASALA mövcud olduğu ölkələrin siyasi rəhbərliyinin xeyir-duası ilə fəaliyyət göstərirdi. Həmin dövlətlər bu terrorçu qruplaşma vasitəsilə Türkiyəyə təzyiqlər edir, onu zəiflətməyə, özlərindən asılı duruma salmağa çalışırdı. Yəni adlarını çəkməyə gərək duymadığımız, Azərbaycan ictimaiyyətinin yaxşı tanıdığı həmin ölkələrin təhlükəsizlik qurumları erməni diasporundan Azərbaycana qarşı təzyiq vasitəsi olaraq yararlanır. Onlar bir sıra hallarda bu kimi qarşıdurmanın yaranmasında maraqlı görünürlər.

Azərbaycan diasporunu erməni terrorundan qorumaq üçün, ilk növbədə, Azərbaycan Xarici İşlər Nazirliyi ilə Diasporla İş üzrə Komitəsinin birgə fəaliyyət göstərməsi zəruridir. ABŞ, Fransa, Rusiya və Avropa İttifaqına üzv dövlətlərin səfirliklərinə məsələnin ciddi və təhlükəli olduğunun çatdırılması önəmlidir. Azərbaycanın səfirliklərinin həmin ölkələr və ittifaqa üzv dövlətlərin uyğun qurumları ilə daha sıx işləməsi zərurəti yaranıb.

Qeyd edək ki, iyunda Fransanın Dijon şəhərində çeçen mühacirlərlə ərəblər arasında kütləvi qarşıdurma baş vermişdi. Onda Fransanın daxili işlər naziri Kristof Kastaner bildirmişdi ki, Dijonda ictimai asayişin pozulması, qorxu mühitinin yaradılması yolverilməzdir və bu hadisələrə qarşı sərt tədbirlər görülməsinı ehtiyac var.

İlkin araşdırmalara əsasən, Çeçenistan əsilli gəncin ərəblər tərəfindən döyülməsindən sonra qarşı tərəf qisas almaq qərarına gəlib. Hadisələr bundan sonra güclənib.

Ermənilərlə Azərbaycan diasporu arasında vəziyyətin o həddə çatmaması üçün müvafiq yerli qurumların diaspor nümayəndələri ilə görüşməsinə də ehtiyac yaranıb. Bu görüş və müzakirələr Azərbaycan diasporunun dinc tədbirlər keçirməsinin qarşısını almamalıdır.

Beləliklə, bu gün Azərbaycan diasporu ASALA tərbiyəsi alan, güclü havadarı və himayədarı olan erməni terrorçuları üz-üzə qalıb. 

ASALA və başqa Erməni Terror Qurumları haqqında qısa məlumat

Elmi araşdırmalar beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğunu göstərir. Erməni millətçiləri XIX əsrin sonunda – 1885-ci ildə Marseldə “Armenakan”, 1887-ci ildə Cenevrədə “Hınçaq”, 1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun” partiyalarını yaratdılar. Bundan sonra ermənilərin “Böyük Ermənistan” yaratmaq iddiaları yeni mərhələyə qədəm qoydu. Erməni terror qurumları bu planı həyata keçirmək üçün siyasi terror aksiyalarından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tutmuşlar. 

1885-ci ildə – Marseldə yaradılan  və erməni terror qurumlarının birincilərindən olan “Armenakan” partiyası İran və çar Rusiyasında yaşayan ermənilərlə geniş əməkdaşlıq edərək Türkiyənin Van, Muş, Bitlis, Trabzon bölgələrində, eləcə də İstanbulda silahlı toqquşmalar və terror aktları törətmişdir.

1887-ci ildə – Cenevrədə yaradılan “Hnçaq” partiyasının isə əsas məqsədi Türkiyənin Anadolu bölgəsini, “Rus” və “İran” Ermənistanı adlandırdıqları əraziləri birləşdirməklə “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. Partiyanın proqramının 4-cü bəndində göstərilirdi ki, “qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir”.

1890-cı ildə – Tiflisdə yaradılan və erməni millətçilərinin ən aparıcı qurumu sayılan “Daşnaksütyun” – erməni federativ inqilab partiyasının əsas qayəsi Azərbaycanın Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında “Böyük Ermənistan” dövləti qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən “Daşnaksütyun” türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır. Məhz bu qurultaydan sonra “Daşnaksütyun” partiyası “türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!” əmrini vermişdir.

XX əsrdə “Daşnaksütyun” partiyası tərəfindən yaradılan bir sıra terror qrupları mövcuddur ki, bu erməni terror təşkilatlarının fəaliyyəti keçən əsrin 70-80-ci illərində daha da genişlənmişdir:

1972-ci ildə – ASALA-nın yaradılmasından öncə, Vyanada “Daşnaksütyun” partiyasının qurultayı zamanı yaradılmış “Erməni soyqırımı ədalət komandosları”nın məqsədi erməni əsilli gənc Livan vətəndaşlarını hərbi birləşmələrdə cəmləşdirmək, türklər və azərbaycanlılara qarşı qanlı terror aksiyaları təşkil etmək olmuşdur.

1973-cü ildə – yaradılan “Erməni “soyqırımının” intiqamçıları” qrupu 1980-82-ci illər ərzində Avstriya, Danimarka və Portuqaliyada türk diplomatlarını qətlə yetirmiş, eləcə də daşnakların məxfi terror qrupu DRO və onun DRO-8, DRO-88, DRO-888, DRO-8888 kimi bölmələrinin hal-hazırda bu istiqamətdə geniş fəaliyyəti davam edir.

1975-ci ildə – Livanda yaradılan “Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu” (ASALA) adlı qurumun üzvləri həmin dövrdən başlayaraq Türkiyədə və Avropa ölkələrində bir sıra terror aktları törətmişlər ki, nəticədə günahsız insanlar erməni terrrorizminin qurbanı olmuşlar. Qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşən ASALA terror qurumunun məqsədi Türkiyənin Şərqi Anadolu bölgəsi, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində “Böyük Ermənistan” qurmaqdır. Yarandığı vaxtdan təşkilat əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir.
ASALA-nın “Əbu Nidal”, “Qara sentyabr” kimi terror qrupları ilə əməkdaşlıq etməsində əsas fiqurlardan biri təşkilatın lideri Akop Akopyan olmuşdur. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan “Nyu-York Tayms” qəzetinə verdiyi müsahibədə bildirmişdir: “Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir”.  Bununla yanaşı, 1980-ci ilin aprelində Livanda ASALA birgə terror aksiyalarının keçirilməsinə dair PKK ilə razılığa gəlmiş və bu niyyətlərini rəsmiləşdirmişlər. Beyrut şəhərində 1993-cü il avqustun 28-də açıqlanan bəyanatında ASALA “pantürkist neft borusu” (Bakı-Tbilisi-Ceyhan nəzərdə tutulur) adlandırdığı layihənin həyata keçirilməsinə imkan verməyəcəyini bildirmişdir.

1979-cu ildə – yaradılan və ASALA-nın tərkib hissəsi sayılan “Erməni azadlıq cəbhəsi” də eyni zamanda, Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır.

1980-ci illərin ikinci yarısı – 1990-cı illərdə ASALA ilə yanaşı, uzun illərdir Qərbdə və bir sıra Şərq ölkələrində kök salmış erməni terror təşkilatları müxtəlif vaxtlarda bir sıra terror aktları həyata keçirmişdir:

1981-ci ildə  – Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılmış “Orli qrupu” 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirmişdir. Avropanın bir çox ölkəsində fəaliyyət göstərən “İsveçrə qrupu” Fransa, İtaliya və Yunanıstanda keçirilmiş 4 terror aktının məsuliyyətini öz üzərinə götürmüşdür.

1981-ci ildə – Parisdə yaradılmış “İntiharçılar eskadronu” həmin ildə Türkiyənin Fransadakı baş konsulluğunun zəbt edilməsində iştirak etmiş, nəticədə qrupun 4 nümayəndəsi, həmçinin keçmiş rəhbəri Yan Kaşkayan həbs edilmişdir.

1987-ci il – Xankəndi, Azərbaycan. Erməni lobbisinin maliyyə dəstəyi və iştirakı ilə “Dağlıq Qarabağın İnqilabi İdarə Komitəsi” – “KRUNK” (“Комитет Революционного Управления Нагорного Карабаха” sözlərinin baş hərfləri nəzərdə tutulur) yaradılmışdır. “KRUNK”-un sıralarında Yaxın Şərqdən olan xarici muzdlular da döyüşürlər. Təşkilatın ideoloji işlərinə Ermənistanın sabiq prezidenti Robert Koçaryan rəhbərlik edirdi. Hazırda təşkilat dünyanın müxtəlif ölkələrində Dağlıq Qarabağ münaqişəsinin tarixi və qondarma “erməni soyqırımı”na aid materialların yayılması ilə məşğul olan “Erməni mədəniyyət mərkəzi” kimi fəaliyyət göstərir.

1988-ci ildə – Moskvada yaradılmış “Erməni birliyi”nin ASALA ilə sıx əlaqələri olmuş və keçmiş sovet məkanında ASALA terror təşkilatı üzvlərinin fəaliyyəti üçün onları saxta sənədlər və pulla təmin etmiş, eləcə də Qarabağa silah və muzdluların ötürülməsində iştirak etmişdir.
1990-cı ildə – Fransada yaradılmış “Gənc ermənilər ittifaqı” diplomatların oğurlanması ilə məşğul olmuşdur.

1991-ci ildə – İsveçrədə yaradılmış “9 iyun qrupu”nun  əsas məqsədi həbsdə olan erməni terrorçularının azad edilməsinə çalışmaq olmuşdur.

1991-ci ildə – Fransada yaradılmış və ASALA ilə sıx əlaqədə fəaliyyət göstərən “Erməni azadlıq hərəkatı” (AOD) Avropanın bir sıra ölkələrində çoxsaylı insan tələfatına səbəb olan terror aksiyaları həyata keçirmişdir.

1991-ci il – “Azadlıq pələngləri” (“Freedom Tigers”) təşkilatı yaradılmışdır. Təşkilatın üzvləri Qarabağda gedən döyüşlərdə iştirak etmiş, dinc əhaliyə qarşı cinayətlər törətmişlər.

1997-ci il – Paris, Fransa. “Erməni Müqavimət Təşkilatı” (“Armenian Resistance Organization”) təsis olunmuşdur. Təşkilat öz fəaliyyətində sosialist ideologiyasını rəhbər tutmuşdur.

2001-ci ilin fevralında – ASALA tərəfindən yaradılmış “Geqaron” terror təşkilatının məqsədi Cənubi Qafqaz və Orta Asiya ərazilərində türk mənşəli siyasi lider, diplomatlara qarşı terror aktlarının keçirilməsidir.

2001-ci il aprel ayının 29-da – əsasən Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılmış “Apostol” təşkilatının məqsədi Türkiyə və Azərbaycan ərazilərində terror aktların həyata keçirilməsidir.

ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərən “Demokratik cəbhə” qrupunun başlıca məqsədi Türkiyə dövlətinin parçalanmasıdır. Avropanın bir çox ölkəsində fəaliyyət göstərən “İsveçrə qrupu” adlı təşkilat Fransa, İtaliya və Yunanıstanda keçirilmiş 4 terror aktının məsuliyyətini öz üzərinə götürmüşdür. Adı çəkilən erməni terror təşkilatları öz “missiyalarını” yerinə yetirdikdən sonra da qeyri-leqal şəraitdə fəaliyyətlərini davam etdirmişlər.

Ermənistan dövlətinin və erməni diasporasının maliyyə və təşkilati yardımı ilə dünyanın müxtəlif  ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarsı həyata keçirdikləri terror aktları 1980-ci illərin ikinci yarısından başlayaraq ardıcıl xarakter almışdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun isğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hətta hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur.

Minlərlə insanın tələfatı ilə nəticələnən  bu terror aktlarından sonra müxtəlif bəhanələrlə azadlığa buraxılan bu məşhur terrorçular beynəlxalq terrorizmə qarşı mübarizə aparılan müasir dövrdə çox rahat şəraitdə yaşayır və Ermənistan Respublikası davamlı olaraq dövlət terrorizmi siyasəti  yürüdərək onları himayə edir.

Monte Melkonyan –  Məşhur terrorçu, Suriya mənşəli ABŞ vətəndaşı, 1957-ci ildə Kaliforniya ştatında anadan olmuş, Qərbi Avropada “ASALA-nın inqilabi hərəkatı” adlı qruplaşmanın rəhbəri, uzun illər axtarışda olmuş, 1985-ci il noyabrın 28-də 6 il müddətinə həbs olunmuşdur. Lakin erməni lobbisi, eləcə də erməni terror təşkilatlarının təzyiqi nəticəsində Fransa həbsxanasından 1990-ci ildə vaxtından əvvəl azadlığa buraxılaraq Ermənistana gəlmiş və terror fəaliyyətini davam etdirmək üçün buradan Dağlıq Qarabağa göndərilərək dinc azərbaycanlılara qarşı həyata kecirilən terror əməliyyatlarının iştirakçısı olmuşdur. O, Avropada, xüsusilə Fransada neçə illər ərzində türk diplomatlarına, Türk Kültür Ocaqlarına qarşı həyata keçirilən terror aktlarına birbaşa başçılıq etmişdir. Beynəlxalq terrorçu M.Melkonyan Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı erməni terror dəstəsinin komandiri olmuşdur. O, xüsusilə 1992-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində, Xocalıda azərbaycanlıların xüsusi qəddarlıqla qətlə yetirilməsinə başçılıq edənlərdən biri olmuşdur.1993-cü il iyunun 12-də Dağlıq Qarabağda öldürülən “Avo” ləqəbli bu beynəlxalq terrorçunun Yerevanda keçirilən dəfn mərasimində rəsmi şəxslər, o cümlədən Ermənistan prezidenti də iştirak etmişdir.

Ermənistanın milli qəhrəmanı elan olunmuş terrorçunun adı Müdafiə Nazirliyinin diversiya mərkəzlərindən birinə verilmiş, eləcə də onun Xankəndi və Yerevanda heykəli qoyulmuşdur.

Varjuan Karapetyan – ASALA terror təşkilatının Fransa bölməsinin başçısı. Orli hava limanında törətdiyi terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmiş, 2001-ci ilin aprelində Fransadan Ermənistana ekstradisiya olunmuş Fransa məhkəməsi tərəfindən azad olunmuşdur. Baxmayaraq ki, o, Ermənistan vətəndaşı da deyildi, ancaq Ermənistan prezidenti onu əfv etmişdir.

Misak Torlakyan – “Daşnaksütyun” partiyasının üzvü. Azərbaycan Xalq Cümhuriyyətinin Daxili işlər naziri Behbud xan Cavanşiri Türkiyənin İstanbul şəhərində qətlə yetirmiş, lakin həmin dövrdə İstanbul şəhərini nəzarətə götürmüş İngiltərə qoşunlarının hərbi məhkəməsi tərəfindən ruhi xəstə adı ilə cinayətkara bəraət verilmişdir.

Soqomon Teyleryan – Osmanlı imperiyasının Daxili işlər naziri Tələt paşanı Berlində qətlə yetirmiş bu cinayətkar həbs edilsə də, sonradan Berlin məhkəməsi tərəfindən ona bəraət verilmişdir.

Akop Akopyan – ASALA-nın lideri. Münhendə keçirilən Olimpiya oyunlarında İsrail idmançıların öldürülməsinin fəal iştirakçısı olmuşdur. Akop Akopyanın 1982-ci ildə həlak olması barədə verilmiş xəbərlər sonradan təkzib edilmiş, onun həm Dəməşqdə, həm də Afinada yaşadığı və  burada ona hər cür şərait yaradıldığı bildirilmişdir.

Qurgen Yanikyan – Türkiyənin Los-Ancelesdəki Baş konsulu Mehmet Baydar və bu şəhərdəki konsulu Bahadır Dəmir bu erməni terrorçusutərəfindən qətlə yetirilmişlər. Məhkəmənin ömürlük həbs cəzası haqqında qərarına baxmayaraq  Qurgen Yanikyan “səhhətinə görə” bir müddətdən sonra azadlığa buraxılmışdır.

Caan Oqanesyan – Ermənistan Respublikası Milli Təhlükəsizlik Bas idarəsinin şöbə rəisi. Onun rəhbərliyi ilə 1992-1994-cü illərdə Rusiyadan Bakıya gələn sərnişin qatarlarında silsilə partlayışlar törədilmişdir. 1994-cü il mayın 13-də Rusiya xüsusi xidmət orqanları tərəfindən Moskvada həbs olunmuşdur.

Aşot Qaloyan – Ermənistan Respublikasi Milli Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı ”Moskva-Bakı” sərnişin qatarlarında partlayışların təşkilatçılarından biri olmuşdur. 1994-cü il mayın 13-də Rusiya xüsusi xidmət orqanları tərəfindən Moskvada həbs olunmuşdur.

Boris Simonyan – Rusiya Federal Əks-kəşfiyyat Xidmətinin terrorizmlə mübarizə idarəsinin baş əməliyyat müvəkkili. Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuşdur. ”Moskva-Bakı” sərnişin qatarlarında partlayışların təşkilatçılarından biridir. 1994-cü il mayın 13-də Rusiya xüsusi xidmət orqanları tərəfindən Moskvada həbs olunmuşdur.

Qaynaq: Elçin Əhmədov “Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011)”. Ensiklopedik nəşr. Bakı, 2012, 912 s.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın