Son zamanlara ölkəmizdə yeni tendensiya meydana çıxıb. Belə ki, uşağın anadan olması anı videoya çəkilir, doğuşdan dərhal sonra valideynlərlə birlikdə uşaq fotosessiya edilir. Doğuşdan sonra fotosessiyanı bir sıra özəl kliniklar təklif edir, ya da fotoqraflar bunun üçün özəl olaraq çağırılırlar.

Doğuş zamanı fotosessiyanın qiyməti 300-500 manatır. Bəziləri bunu müasirlik sayır. Başqaları isə Azərbaycanın mənəvi dəyərlərinə, böyük önəm daşıyan ailə institutuna uyğun gəlmədiyini vurğulayır.

Məsələ ilə bağlı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Tahir Rzayev vurğulayıb ki, doğum anının videoya çəkilməsi düzgün deyil:

“İnsanların dünyagörüşləri başqa-başqadır. Bəziləri elə bilir ki, bu, yaxşı haldır, xatirədir. Doğum anının videoya çəkilməsi düzgün deyil, çünki həm xəstənin əhval-ruhiyyəsini korlaya bilər, həm də həkimin diqqətini yayındıra bilər. bundan başqa, doğuş zamanı qadının sağlamlığında bir sıra problemlər olur, ona görə də doğuş zamanı foto, ya da video çəkilməsini doğru saymıram”.

Millət vəkili bildirib ki, doğuşdan sonra onun lentə alınması daha düzgün olardı.

“Ailəyə bir bala gəlir, bunu xatirə kimi çəkmək yaxşı haldır”.

Millət vəkili onu da bildirib ki, qabaqlar qadının dünyaya uşaq gətirməsi utanc gətirən hal kimi qəbul edilib:

“Hətta dünyaya körpə gələndə bəzən kişilər, müəyyən qadınlar doğum baş verən ərazidən uzaq olurdu. Lakin biz ananı hər cür qəbul etməliyik, onun əhvalını qaldırmalıyıq. Keçmişdən yaxşı detalları – abır, ismət, həyanı saxlamaq düzgün olardı. Gül bağışlamaq olar, gözəl bir maşında onu gəzdirmək, çıxanda onu çəkmək yaxşı haldır. Xatirə kimi, gələcəkdə uşağı şad eləmək, həmin günü xatırlamaqdan ötrü çəkiliş yaxşı olardı”.

Sosioloq Cavid Şahmalıyev qeyd edib ki, insan hekayələrinin, özəlliklə də əlamətdar hadisələrin hekayə kimi, şəkil, ya da video halına salınması çox önəmlidir. Onun sözlərinə görə, əlamətlər hadisələrin filmə çəkilməsi, ya da fotosessiyanın hazırlanması ailə bağlarını gücləndirir: “İnanmıram ki, bizdə kimsə uşağın doğulmasını videoya çəksin, lakin uşaq dünyaya gələndən sonra, doğum evindən çıxanda prosessi lentə almaq ənənəyə çevrilib.

Bunun önəmliliyi odur ki, bu, ailə tarixçəsidir, ailənin geclənməsinə qulluq edə bilər. Örnək, ailə genoqramması deyilən bir nəzəriyyə var. O nəzəriyyə tərəfdarları düşünürlər ki, məsələn, il dönümlərini, ilk tanışlıq anını, toylarının il dönümünü, uşaqların doğum günlərini xatırlamayan şəxslərdə münasibət də zəifdir. Onlarda ailə bağlarının zəif olduğunu düşünürlər. Bu, beynəlxalq yanaşmadır. Ailə bağlarının gücləndirilməsinə qulluq edəcək hər bir addım alqışlanmalıdır”.

C. Şahmalıyev doğumdan sonra fotosessiyanın sosial şəbəkələrdə yayılmasını asosial hərəkət sayır:

“Məsələnin problemli tərəfi isə bunun ictimailəşdirilməsidir. Məsələn, sosial şəbəkələrdə, “Whatsapp”da, ya da başqa proqramlarda yayılmasını sırf insani münasibətlərə görə sosial saymıram. Hətta doğulmayan uşağın “UZİ” şəklini “Whatsapp” profil şəklinə qoyan ana görmüşəm, bu, onların sevincidir, ancaq özlüyündə asosial hərəkətdir”.

Onun sözlərinə görə, özəl həyatla bağlı hadisələr, şəxsi kədər, şəxsi sevinc daha çox ailədən olan şəxslərlə paylaşılmalıdır:

“Ailə o zaman güclü olur ki, sevinc və kədər ailə içində müzakirə olunur, vurğulanır, təntənə onda gərəkdir. Çölə göstərirsə, bu xoşbəxt ailə tablosu yox, yarımçıq ailə tablosu görüntüsü bağışlayır”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın