Azərbaycanda oynanılan qəribə lotereya: məcburiyyətdən doğan bir ənənə

Azərbaycanda insanlar çox zaman maddi ehtiyacını lotereya ilə təmin etməyə çalışır. Bu bir növ məcburiyyətdən doğan qəribə ənənəyə çevrilib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Azərbaycanda pul toplamaq məqsədi ilə oynanılan qəribə lotereya növü var. Bir qrup insan aybaay ümumi kassaya razılaşdırılmış məbləği ödəyir. Hər ay yığılan vəsait qrupun bir üzvünə verilir. Bu, bir növ hansısa böyük problemi həll etməyin asan yoludur.

Kiçik bizneslə məşğul olan 22 yaşlı Cavid Məmmədov Reporta müsahibəsində pul toplaya bilmədiyindən lotereyaya qoşulduğunu deyir: “Haradasa 2-3 ildir lotereya oynayıram. Hər il insanların sayı, oynanılan məbləğ fərqli olur. Özüm pul yığmağa cəhd etmişəm, alınmayıb. Bu oyun mənim üçün ona görə əlverişlidir ki, on bir nəfərlə oynayanda birdən-birə əlimə min manat pul gəlir. Hər ay bunu yüz manat şəklində ödəməyim mənim üçün xeyirlidir. Bir növ faizsiz kredit kimidir. Lotereya oyununun ən əsas vacib cəhəti oyunçuların bir-birlərinə güvənməsidir”.

Bir çox müəssisədə, dostlar arasında geniş yayılan lotereya insanların bir-birinə sosial dəstəyi kimi anlaşılsa da, bəzən oyun hər hansı şəxsin özünə olan güvənsizliyi və iradə zəifliyi kimi də qəbul edilir.

Psixoloq Könül Telmanqızının fikrincə, prosesə oyun kimi baxan insanlarda güvənsizlik yarana bilər: “İnsan beyni bir motordur və sistemli bir şəkildə idarə olunur. Əgər, insan beynində olan sistemli gedişatın planlaşdırılmasını düzgün qura bilmirsə, o zaman müəyyən psixoloji problem yarana bilər. Bunu lotereya ilə bağlılığı ondan irəli gəlir ki, insanlar çox zaman bu tip oyunlara aludə olurlar. Onlar elə hesab edirlər ki, bu oyunu oynamasalar, onlar maddi cəhətdən sarsıntı içərisində yaşayacaqlar. Çünki onlar proqramı düzgün qura bilmirlər. Təbii ki, bunu hamıya şamil etmək olmaz. Bəzi insanlar var ki, proqramını düzgün qurur və bu oyun sadəcə onda həyəcan yaratdığı üçün oynayır.

Maddi balansını düzgün qura bilməyən insanlar lotereya və bu tip oyunlara, onların reklamına aldanırlar. Onların həddindən artıq arzu və istəyi olur. Aldıqları kiçik məvaciblə böyük arzularını tez bir zamanda həyata keçirmək istəyirlər. Məhz bu səbəbdən bu kimsə də belə oyunlara və ya bank reklamına aldanır. Bu oyuna aludə olan insanlar 1-2 ay oynamasalar, onlarda özlərinə qarşı güvənsizlik yaranacaq. Çox zaman bu cür insanlar pulu sonda almağa üstünlük verirlər. Vəsaiti əvvəldə götürdükdə, artıq oyunun onlar üçün həyəcanı qalmır. Bu sırf psixoloji durumdur.”

Bu oyunu bəyənməyən, özəl müəssisədə çalışan 30 yaşlı Arzu Əliyeva qeyd edir ki, işlədiyi müəssisədə həmkarları lotereya oynayır, hər dəfə ona iştirak etmək təklifi də gəlir: “Düşünürəm, insan öz pulunu özü yığmalıdır. Bununla həm səbirli olmağı, həm də nəfsini idarə etməyi öyrənmək olar. Bu vaxta qədər heç bir bankdan kredit götürməmişəm, lotereya da oynamamışam. Mən də bankdan kredit götürərək, ya da lotereya oynayıb istədiyim hər bir şeyi almaq istəyirəm. Bunu etməməyimin səbəbi maddi durumu normal olduğu halda bankdan götürdüyü kredit, ya da bu cür oyun nəticəsində səfalət həyatı yaşayan insanların nümunəsidir. Bəzən arzuladığım əşyanı heç vaxt ala bilməmişəm. Çox zaman buna təəssüflənmişəm. Ancaq sonda özümü heç kəsə borclu olmadığıma görə təsəlli etmişəm”.

Məsələyə münasibətini bildirən sosioloq Sahib Altay bu tip oyunların insanların maddi ehtiyacını ödəmək məcburiyyətindən doğan bir ənənə adlandırır: “Məsələn, aylıq 400 manat maaş alan bir vətəndaşın əgər evdə xəstəsi varsa, ya bir toya çağırılıbsa, artıq onun əməkhaqqı öz tələbatını ödəmir. Bu baxımdan lotereya yaxşı üsuldur. Lotereya oynayan işçilər nəticədə heç nə itirmir. Əlavə pul faizi ödəmir, həmin pul ümumi qoyulan zaman kəsiyində bütöv pul şəklində vətəndaşın özünə qayıdır. İqtisadiyyatı inkişaf etmiş ölkələrdə bu problem yoxdur. Bu ölkələrdə gəlir yüksək səviyyədədir. Vətəndaş ehtiyacı olduqda rahat şəkildə aşağı faizlə kredit götürə bilir. Bizdə isə banka müraciət etdikdə, həmin şəxs yüksək faizli krediti ödəməli olur. Bu baxımdan müəssisədaxili lotereya məqsədəuyğundur”.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir