Azərbaycanda dərslərin 15 sentyabradək təxirə salınması yalandır

“Bu gün sosial şəbəkələrdə Nazirlər Kabineti yanında Operativ Qərargaha qaynaqlanaraq guya dərslərin 15 sentyabradək təxirə salınması ilə bağlı yayılan xəbər yalandır”.

Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində bildirib.

Onun sözlərinə görə, belə yanlış xəbərlərin yayılması cinayət tərkibi yaradır:

“Rəsmi qurumların xəbərlərinə istinad edin, doğrusunu bizimlə bölüşün”.

Qeyd edək ki, sosial şəbəkələrdə koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının təmin olunması məqsədilə bütün təhsil müəssisələrində dərslərin 15 sentyabr 2020-ci il tarixinədək dayandırılması ilə bağlı yalan məlumat yayılıb.

Sosial Şəbəkələrdəki Yalanlara Aldanmayın və Yaymayın

“Sosial şəbəkələr doğru xəbərlərin yayılma sürətinə necə müsbət təsir edirsə, yanlış və təxribat xarakterli məlumatların ötürülməsinə də bir o qədər geniş imkan yaradır. Təhsillə bağlı xəbərlər isə, adətən, kütləvi xarakter daşıyır və hər bir Azərbaycan ailəsinə təsir edir, çünki bir çox ailələrdə ən azı bir şagird, tələbə və ya müəllim var”.

Bütün bunları Təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib. O qeyd edib ki, mart ayı boyunca təhsil müəssisələrində fasilə müddətinin uzadılmasına, tələbə və şagirdlərə aid bir sıra başqa məsələlərlə bağlı bir neçə dəfə yanlış məlumatlar, o cümlədən, Nazirlər Kabinetinin və Təhsil Nazirliyin rəsmi saytından “skrinşotlar” və sair yayılıb:

“Hər dəfə bununla bağlı Təhsil Nazirliyi məlumatın yanlış olduğunu, bu hərəkətlərin hüquqi məsuliyyət yaratdığını və bütün vətəndaşların yalnız rəsmi məlumatlara istinad etməyini dönə-dönə vurğulayıb. Lakin bu gün yenidən bu saxta məlumatların kütləvi şəkildə yayılmasına başlanıb.

Bu hərəkətlərin arxasında duran insanlardan cəmi iki xüsusiyyət tələb olunur:

  1. İnternetə çıxışın olması.
  2. Vicdanın olmaması.

Hamımızın bildiyi yaranmış durumda vətəndaşlarımızın məsuliyyətli və həmrəy olması sağlamlığımız uğrunda apardığımız mübarizənin önəmli şərtidir. Yalan məlumat psixi sağlamlığı pozur, çaşqınlıq yaradır, insanın vaxt və enerjisini lüzumsuz sərf edir.

Bu həmrəyliyin bir təzahürü olaraq hər birinizdən xahiş edirəm ki, qaynağı bilinməyən məlumatları (skrinşot, səs yazısı, elektron yazışma və başqa) sosial şəbəkə üzərindən bir-birinizə ötürməyin! Məlumatın doğruluğuna özünüz əmin deyilsinizsə, onu SMS-lərə, “Facebook”a, “WhatsApp”a, “Telegram”a, “Instagram”a və başqa şəbəkələrdə kütləvi şəkildə paylaşmayın! Bunu etməklə siz təxribatı törədən şəxsin alətinə çevrilirsiniz və bu prosesdə özünüz bilmədən fəal iştirak edirsiniz.

Məlumatın doğru olub-olmamasını dərhal yoxlamaq üçün dövlət orqanlarının (o cümlədən, Təhsil Nazirliyinin) rəsmi internet və sosial şəbəkədəki səhifələrinə istinad edin! Qəbul olunmuş qərarlar təxirəsalınmadan rəsmi internet resurslara yerləşdirilir. Bu çətin dövrdə əməkdaşlığınıza və məsuliyyətli davranışınıza görə sizə öncədən təşəkkür edirəm”, – deyə müşavir qeyd edib.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir