Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovla müsahibə

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, “ShamkirChess 2018” superturnirinin direktoru Mahir Məmmədov yarışın rəsmi saytına müsahibə verib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı həmin müsahibəni yayımlayır:

– Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018superturniri başa çatdı. Ardıcıl beşinci dəfə keçirilən yarışla bağlı düşüncələrinizi bilmək istərdik…

– Bu il Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2018” turnirinin keçirilməsi dövlət tərəfindən SOCAR-a həvalə edildi. Bu, bizim üçün böyük məsuliyyət idi. Bildiyiniz kimi, Dövlət Neft Şirkəti ölkədə iki böyük federasiyaya sponsorluq edir – futbol və cüdo.

SOCAR Bakıda keçirilən Ümumdünya Şahmat Olimpiadasının keçirilməsində də iştirak edib, eyni zamanda, bu il baş tutacaq Batumidəki Olimpiadaya dəstək olur. Dövlət Neft Şirkəti hər zaman şahmatın inkişafına yardım olub. Digər tərəfdən, “ShamkirChess 2018” superturnirinin əsas təşkilatçılığını etmək heç də çətin deyildi.

İlk olaraq yarışın ardıcıl dörd dəfə keçirildiyini vurğulamalıyıq. Bu, beşinci – yubiley turniri idi. “Synergy Group” dörd il boyunca bu yarışın keçirilməsində böyük işlər görüb. Həm də Şəmkir yarışı Dünya Kuboku və Ümumdünya Şahmat Olimpiadası kimi kütləvi turnirlərlə müqayisə oluna bilməz.

Vüqar Həşimov Memorialında cəmi on iştirakçı doqquz tur ərzində mübarizə aparır. Təşkilat Komitəsi olaraq turnirin Azərbaycanın idman nüfuzuna uyğun yüksək standartlara layiqli səviyyədə keçirilməsi üçün bütün işləri həyata keçirdik.

Sevindirici haldır ki, qonaqlar, rəsmi şəxslər, şahmatçılar təşkilatçılıqdan razı qaldı. Mütəmadi olaraq superturnirlərdə iştirak edən dünya çempionu Maqnus Karlsen də Şəmkir turnirinin təşkilatçılığını xüsusi qeyd etdi…

– Yarışın təşkili zamanı hansı çətinliklərlə qarşılaşdınız?

– Çətinlik ondan ibarətdir ki, superturnir adlandırılan yarışda ən yüksək səviyyəli şahmatçılar iştirak edir və bu turnir Bakıdan kənarda təşkil olunur. Şəmkirin gözəl, səfalı məkan, şəmkirlilərin qonaqpərvər olmasını hər kəs bilir. Ancaq şahmatçı üçün paytaxtdan 400 km məsafədə olan yerə yollanmaq mənəvi cəhətdən asan deyil.

Cari ildə yarış Berlindəki İddiaçılar Turnirindən sonraya təsadüf etdi. Ən güclülər Berlində mübarizəyə qoşulmuşdu. Biz çox istəyərdik ki, Şəmkirdə əsasən FİDE reytinqində ilk onluqda qərarlaşan şahmatçılar mübarizə aparsın. Amma belə ideal heyət çox çətin idi. Çünki əksər yüksək səviyyəli şahmatçılar bir il öncədən iştirak edəcəyi yarışları dəqiqləşdirir.

Azərbaycanın yüksək təşkilatçılıq bacarığı həmişə nümunə sayılıb. Bu mənada, ilk iki yarışda iştirak edən dünya çempionu Maqnus Karlsenin yenidən Şəmkirə gəlməyə razılıq verməsi xüsusi qeyd olunmalıdır.

Dünya şahmat tacı uğrunda matça hazırlaşan Maqnusun çox sıx yarış qrafiki var. Üstəlik, dünya çempionu bütün dəvətlərə müsbət cavab vermir. Adətən, dünya çempionuna 7-8 ay əvvəldən dəvət göndərirlər. Şəmkir turnirinin keçiriləcəyi ilə bağlı son qərar fevralda verildi.

Demək olar ki, Vüqar Həşimov Memorialıyla əlaqədar üç ay əvvəl Maqnusa müraciət olundu. Bununla bağlı Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, turnirin baş hakimi Faiq Həsənov mütəmadi olaraq Maqnusla danışıqlar aparıb, onunla əlaqədə olub. Azərbaycanın idman aləmində yüksək nüfuzu və təşkilatçılıq bacarığı dünya çempionunun Şəmkirə gəlməsində mühüm rol oynayıb.

– Azərbaycan şahmatçılarının yarışda iştirakını necə dəyərləndirirsiniz?

– Azərbaycan şahmatçılarına gəldikdə, onlar həmişə Şəmkir turnirində böyük həvəslə iştirak edirlər. Şəhriyar Məmmədyarov yorğun olmasına baxmayaraq, mötəbər yarışdan kənarda qalmadı. Az sayda yarışlarda iştirak edən Teymur Rəcəbov Şəmkir superturniri ilə bağlı dəvəti böyük sevinc və məsuliyyətlə qəbul etdi.

Azərbaycan yığmasının digər üzvü Rauf Məmmədov üçün Şəmkir turniri böyük etimad oldu. Nəticələrə gəlincə, Şəhriyar Məmmədyarov üçün Şəmkir yarışı çox çətin keçdi. Berlindəki əzmkar mübarizədən sonra yorğunluğunu nəzərə alaraq Şəhriyarın Şəmkirdəki çıxışını normal qəbul etmək olar.

Teymurla Raufda qeyri-adi nailiyyət müşahidə olunmadı. Reytinqlərinə uyğun çıxış etdiklərini söyləmək mümkündür. Sözsüz ki, Maqnus Karlsenin qələbəsini qanunauyğunluq hesab edirəm. Norveçli dünya çempionu hətta ən yaxşı formada olmadığı turnirdə belə hamıdan güclüdür.

İştirak etdiyi bütün yarışlarda maksimum nəticə uğrunda yarışan Maqnus Karlsen Şəmkirdə də yüksək bacarığını və səviyyəsini sübut etdi.

– İlk üç turda bütün görüşlər heç-heçə başa çatdı. Turnirdə belə başlanğıc hamı üçün gözlənilməz oldu…

– Belə böyük yarışda üç turda ardıcıl 15 partiyanın bərabərliklə sona çatması mənfi işarəli sürpriz sayıla bilər. Ümumilikdə, istərdim, Şəmkir turniri daha çox məhsuldar partiyalarla yadda qalsın. Şahmatın gözəlliyi parlaq kombinasiyalar və mübarizədir.

Şahmatdakı gərgin mübarizə isə həmişə nəticə ilə sonlaşır. Bu sayda heç-heçələrin olmasını istəməzdim. İstirahət günündən sonra sanki şahmatçılar dəyişdi və gözlədiyimiz mübarizəni nümayiş etdirdilər.

– Azərbaycan şahmatçıları bir-birləri ilə görüşlərdə heç-heçələr etdilər. Hiss olundu ki, mübarizə aparmadan bərabərlik qeydə alındı. Ümumiyyətlə, belə superturnirlərdə şahmatçılarımızın heç-heçə oynamasına necə münasibət bəsləyirsiniz?

– Azərbaycan şahmatçılarının bir-biri ilə heç-heçə oynamasını istəmirəm. Şahmatçılarımız yarışa həmyerliləri ilə xalı yarı bölmək düşüncəsi ilə yollanmamalıdır. Təəssüflər olsun ki, biz bu halı görürük.

Maqnus Karlsen bütün partiyalarda udmağa çalışır, məhsuldar oyun istəyir. Ancaq bizim şahmatçılar isə cəmi yeddi partiyada mübarizə aparmaq barədə düşünür. Başqa iki oyunda isə öncədən heç-heçəyə razılaşırlar. Bu hal turnir zamanı təşkilatçıları ciddi şəkildə rahatsız etdi.

Şahmatçılarımızın aralarında heç-heçə etməsi turnirə marağı azaldır, yarışın nüfuzuna zərbə vurur. Nəyə görə onlar açıq mübarizə aparmamalıdır? Hamıya maraqlıdır Məmmədyarov – Rəcəbov, Məmmədyarov – Məmmədov, ya da Rəcəbov – Məmmədov partiyaları hansı hesabla başa çatacaq.

Bütün partiyalar rəsmi saytda canlı yayımlanır. Yüz minlərlə insan səbirsizliklə bu oyunları gözləyir. Belə heç-heçələr düzgün deyil. Şahmat həvəskarları canlı yayımda Məmmədyarov – Rəcəbov görüşündə iki güclü şahmatçının mübarizəsini izləmək istəyir. Bunlar isə qısa zamanda heç-heçə edərək tamaşaçının arzuladığı oyunu göstərmir.

Azərbaycan millisində komanda yoldaşı olmaq superturnirdə açıq mübarizəyə mane olmamalıdır. Superturnirlərdə mütləq rəqib sayılırlar. Ona görə mübarizə aparmaq gərəkdir.

– Gələcəkdə Şəmkir turnirində hansı şahmatçıların iştirakını istəyərdiniz?

– Vüqar Həşimov Memorialına hər zaman ən güclülər qoşulub. Bu ildə də belə oldu. Növbəti illərdə, sadəcə, heyəti daha da gücləndirmək olar. Öncəki illərdə iştirak edən Vişvanatan Anand, Hikaru Nakamura, Fabiano Karuana, Uesli So kimi şahmatçıları çağırmaq yaxşı olardı.

Biz sabiq dünya çempionu Vladimir Kramniki yarışda görməyə çox sevinərik. Vladimir Kramnik istənilən rəqiblə istənilən durumda istənilən gündə sona qədər mübarizə aparır. Bu dəfə yorğunluğunu əsas gətirərək son anda qoşula bilməyəcəyini bildirdi. Buna görə Kramnik təşkilatçılardan üzrxahlıq etdi.

Ümumilikdə Vüqar Həşimov Memorialı Şəmkiri şahmat şəhəri kimi tanıtdı. Bu gün dünyada superturnirlər azlıq təşkil edir. Stavanqer, Sent Luis, Veyk-an-Zee, London turnirlərini vurğulamaq olar. “ShamkirChess” öz səviyyəsi ilə bunların arasında özünəməxsus yüksək yeri tutur.

– Sonda yarışa olan maraqdan danışmaq istərdik. Rəsmi saytda izləyicilərin sayı bizə çox maraqlıdır…

– “ShamkirChess” superturnirinin rəsmi saytında partiyalar iki dildə şərh edilirdi. Rəsmi saytda oyunlar Azərbaycan, ingilis, başqa saytlarda isə rus və ispan dillərində təqdim olunurdu. Eyni zamanda, müxtəlif ölkələrin dörd şahmat saytında oyunları, eləcə də, mətbuat konfranslarını izləmək olurdu.

Açılış və bağlanış mərasimləri də bu saytda canlı yayımlandı. Bütün bu saytlarda ümumilikdə turniri 850 mindən çox insanın izlədiyi məlum olub. On günlük yarış üçün çox yüksək göstəricidir.

İnternetlə izləyicilərin sayına görə ABŞ, Almaniya, Norveç, Niderland, Rusiya, Azərbaycan ilk altılıqda qərarlaşıb. “ShamkirChess” həm də Rusiyanın nüfuzlu MATÇ TV kanalında da işıqlandırıldı.

Mütəmadi olaraq MATÇ TV və Azərbaycan Televiziyasında hər gün turnirə həsr olunan on dəqiqəlik icmal yayımlandı. Fürsətdən istifadə edərək ShamkirChess” turniri zamanı yarışı işıqlandıran Azərbaycan mediasına – jurnalistlərimizə təşəkkür edirəm.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir