“Zirə” Futbol Klubunun baş məşqçisi Ayxan Abbasov Türkiyənin Antalya bölgəsində Rumıniya təmsilçisi “Volnutari”ni 2-0 hesabı ilə udduqları yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

37 yaşlı mütəxəssis Türkiyə toplanışı çərçivəsində baş tutan ilk yoxlama görüşündə yuxarı tempdə çıxış etməyi qarşılarına məqsəd qoyduqlarını söyləyib. Onun fikrincə, futbolçular tapşırığın öhdəsindən gəliblər:

“İstəkli oynadılar. Duyulur ki, öncəki yoxlama oyunlarında buraxdığımız səhvləri haradasa azaltmışıq. Ancaq yenə də çatışmazlıqlarımız var. Qarşıdakı iki oyunda bu səhvlər üzərində işləməyə çalışacağıq. Məqsədimiz çempionata hazır olmaqdır”.

Komandanın indiki durumundan danışan baş məşqçi bildirib ki, hər şey normaldır:

“Zədəlilərimiz sağalıb. Orxan Əliyev bu gün 45 dəqiqə oynaya bildi. Qapıçımız Anar Nəzirov komanda ilə məşqlərə başlayıb. Bu, bizi sevindirir. Yeni transferlərimiz Elşən Abdullayev, Mirsahib Abbasov və Tellur Mütəllimov öz klublarında az oynamışdılar. Onlar da bizim kollektivə uyğunlaşırlar. Ümumən götürsək, durumumuz normaldır. Bilirik ki, Premyer Liqanın qalan iki dövrəsi gərgin keçəcək. Başqa klubların da gücləndiyini görürük”.

Gənc mütəxəssis baxışa çağırılan malili yarımmüdafiəçi İbrahimi Tandia barəsində də düşüncələrini bölüşüb. O, deyib ki, əcnəbi futbolçu tam hazır deyil:

“Sıradakı yoxlama oyununda da 45 dəqiqə baxacağıq. Bu gün onu yormadıq. Pis oyunçu deyil. Malinin 23 yaşadək futbolçulardan ibarət komandasında çıxış edib”.

A.Abbasov “Zirə”nin heç bir futbolçusunun Azərbaycan millisinin Antalya toplanışı üçün açıqlanan heyətində yer almamasından da danışıb:

“Bu, ilk təlim-məşq toplanışıdır. Futbolçularımıza da söylədim, özlərindən çoş şey asılıdır. Bu o demək deyil, il boyu indi dəvət alan futbolçular oynayacaqlar. Kim hazır olsa, dəvət alacaq. İnanıram ki, baş məşqçi Qurban Qurbanov və köməkçiləri nəzarət edəcəklər. “Zirə”dən heç kimin çağırılmaması futbolçularımıza nəzər yetirmədikləri demək deyil. Bilirəm ki, bəzi futbolçular diqqətdə saxlayırlar. Gələcək toplanışlarda dəvət alacaqlarına inanıram”.

Yoxlama qarşılaşmasında “Zirə”nin qollarına Elşən Abdullayev və Ülvi İsgəndərli imza atıblar.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın