Britaniyada artıq ciddi şəkildə Brexitdən imtina məsələsi müzakirə olunur.

Bir il öncə Böyük Britaniyanın Avropa Birliyindən çıxması Avropa üçün faciə kimi görünürdü. Yarım il öncə aydın oldu ki, AB Britaniyanın çıxmasını, Britaniya isə AB-dən çıxmağı minimal itkilərlə (bəlkə də hətta müəyyən fayda ilə) “uda” edəcəklər. İndi əksər düşüncələr belədir ki, AB üçün Brexit prosesi həqiqət ciddi zərər vurmadan ötüb keçəcək, Britaniyanı isə ciddi problemlər gözləyir.

İngiltərənin İqtisadi və Sosial Araşdırmalar üzrə Milli institutu bildirib ki, Krallıqda iqtisadi geriləmə birbaşa olaraq Brexitlə bağlıdır. İnstitutun hesablamalarına görə, Brexitə görə yaranmış geriləmə nəticəsində ölkənin hər ev təsərrüfatı ildə 600 funt sterlinq zərərə düşəcək. Əgər Britaniya AB-də qalmağa səs versəydi, indi ev təsərrüfatlarının gəlirləri ən azı 2% artıq olacaqdı. İnstitutun hesablamalarında iqtisadi geriləmə anlayışı kimi iqtisadi artımın azalması nəzərdə tutulur. Belə ki, İnstitut hesab edir ki, bu və gələn il Böyük Britaniyanın iqtisadi artımı 1,5% olacaq. Qarşılaşdırma üçün: 2016-cı ildə Britaniyanın iqtisadi artımı 1,6%, 2015-ci ildə 2,1%, 2014-cü ildə 3,3% təşkil edib. Əyani olaraq azalma görünür və bu azalma ötən ildən (AB-dən çıxması ilə bağlı referendum ilindən) başlayıb. Müxtəlif araşdırmalar aparılıb və onlar həm makroiqtisadi göstəricilərdə, həm sosial məsələlərdə, həm maliyyə bazarında – hər mənada Britaniyada problemlərin yarandığını göstərir.

AB ölkələrinin vətəndaşlarının Brexitdən sonra sərbəst işləmək imkanından məhrum olması bəzi sənaye sahələrdə ciddi problemləri yaradacaq, çünki bir çox sahələrdə, o cümlədən kənd təsərrüfatı, emal, bəzi xidmət sahələrində əsas olaraq kontinental Avropadan əmək miqrantları (özəlliklə yaşayış səviyyəsi nisbətən aşağı olan Şərqi və Cənubi Avropa ölkələrindən) işləyir. Brexit nəticəsində maliyyə mərkəzləri Londondan Frankfurt, Paris, Brussel və bəzi digər AB şəhərlərinə köçürülür, əksər iri maliyyə və transmilli maliyyə korporasiyalar qərargahlarını və əksər maliyyə əməliyyatları mərkəzlərini Londondan kontinental Avropaya köçürür. Deutsche Bank, HSBC, UBS və başqa böyük maliyyə korporasiyaları minlərlə iş yerlərini Londondan AB-yə keçirmək istəyir (daha dəqiq – keçirmək məcburiyyətindədir, çünki əksər əməliyyatlar və qərargahlar oraya keçirilir). Belə misallar çoxdur.

Brexitin AB üçün ciddi problemlərin olmadığını dərk etdiyindən sonra, Britaniya hökumətinin öz qərarından geri çəkilməyəcəyini başa düşən AB rəhbərliyi Brexit üzrə danışıqlara təşəbbüs etdilər. Hətta AB istəyir ki, proses mümkün qədər tez başa çatdırılsın ki, keçid dövrü qısa olsun. Oktyabrın 31-də Brexit üzrə danışıqlara dair AB qrupunun rəhbəri Mişel Barnye bəyan edib ki, Brexit üzrə danışıqları sürətləndirməyə hazırdır və gözləyir ki, danışıqların növbəti raundu “yaxın saat və günlərdə” yenidən başlayacaq. Nəticədə artıq Britaniya tərəfi Brexitin nə dərəcədə düzgün olub-olmaması barədə düşünməyə başlayıb. Öncə prosesə müxalif olan Leyboristlər Partiyası bəyan edib ki, əgər layihəyə müxtəlif dəyişikliklər edilməzsə, Brexit üzrə növbəti qanun layihəsinin əleyhinə səs verəcəklər. Ümumilikdə, Leyboristlər Partiyası “yumşaq Brexit” deyilən variantın tərəfdarlarıdır ki, həmin variant həm mərhələliyi, həm də müəyyən məsələlərdə kompromis mövqeləri nəzərdə tutur.

Bloomberg agentliyində çox maraqlı bir təhlil dərc edilib, burada Brexitdən imtina üçün siyasi imkanları təhlil edilir, üç mümkün yol qeyd edilir. Hər variant Tereza Meyin baş nazir postunu tərk etməsinə əsaslanır ki, bu da ya öz təşəbbüsü ilə, ya da öz Mühafizəkar Partiyanın  nümayəndələri tərəfindən həyata keçirilməlidir. Ondan sonra isə üç variant təhlil edilir.

Birincisi onunla əsaslandırılır ki, bu partiya içərisində baş verənlərin fonunda leyboristlər növbədənkənar seçkilərdə qalib gəlir. Həmin proses pisləşən iqtisadi vəziyyətlə, müəssisələrin kontinental Avropaya keçirilməsi və kütləvi sosial aksiyalarla müşahidə olunur. Nəticədə sosial təzyiqi və həmkarlar birliklərinin təzyiqi altında hakimiyyətə gələn leyboristlər təkrar referendum (oxu – Brexiti ləğv edilməsi üzrə) elan edir.

İkinci variant ondan ibarətdir ki, bu nəticəyə təzyiqlər altında məhz mühafizəkarlar özləri gəlirlər. Əgər Meyin gedişindən sonra partiya hakimiyyətdə qala bilsə, Brexit məsələsində leyboristlərlə kompromisə gedir və sərt Brexit ideyasından “əl çəkir”.

Üçüncü variant daha radikaldır. Bu varianta görə Avropa ilə yenidən birləşmək lehinə olan yeni partiya yaradılır və sosial narazılıqlar və iki partiya arasında mübahisə fonunda üçüncü partiya hakimiyyətə gəlir. Hər üç variantın gedişi çərçivəsində Britaniyada siyasi problemlərə görə danışıqlar mütəmadi olaraq dayandırılır. Bu da AB-də narazılıq yaradır və öz növbəsində Britaniyada siyasi gərginliyi daha da kəskinləşdirir.

Bütün variantları birləşdirən bir amil var: iqtisadi və sosial vəziyyətin pisləşməsi, müəssisələrin kontinental Avropaya kütləvi şəkildə köçməsi, Avropa Birliyinin prosesə sakitcə tamaşa etməsi və bir tərəfdən danışıqları sürətləndirmək niyyətini, digər tərəfdən isə Britaniyanın Avropa Birliyinə qayıtmaq imkanına baxılmasına hazır olduğunu bəyan etməsi (paradoksal görünsə də, siyasətdə belə bir-birini istisna edən mövqe tutmaq ola bilər – müəl.) və sonunda hər üç variantda Brexitin ya referendum yolu, ya da parlamentin qərarı ilə ləğv edilməsi. Belə Anti-Brexit əhval-ruhiyyəsi Britaniyada, deyəsən, o dərəcədə güclüdür ki, belə təhlil “ağılsız və əsassız” görünmür.

Britaniya artıq indidən AB ilə danışıqları müxtəlif səbəb və əsaslar taparaq gecikdirir. Bəhanələr ya ekologiya məsələləri, ya AB-nə ödəniləcək kompensasiya məbləği, ya istənilən başqa mübahisəli məqamla bağlı ola bilər. Necə deyərlər, istəyən bəhanə də tapar. AB isə öz növbəsində yada salmağı unutmur ki, Brexitin son tarixi 2019-cu ilin mart ayıdır ki, o vaxta qədər bütün məsələlər həll olunmalı və Böyük Britaniya rəsmi, formal və faktiki şəkildə AB-dən çıxmalıdır. Ya da o vaxta qədər rəsmən Brexitdən imtina edib AB-də üzvlüyünü bərpa etməlidir…

Yazar: Vahab Rzayev, APA Analitik Mərkəzi

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın