Almaniya qondarma erməni soyqırımı layihəsini qəbul etdi

Almaniya Bundestaqı Türkiyənin etirazlarına baxmayaraq erməni “soyqırımı”nı səsverməyə çıxarıb və qətnaməni qəbul edib. Qətnamə “101 il öncə Osmanlı İmperiyasındakı erməni və başqa xristian azlıqların soyqırımının anılması” adlanır.

Səsverməyə Almaniya kansleri Angela Merkel qatılmayıb. Qətnamə bir əleyhinə, bir bitərəf səslə qəbul edilib.

Türkiyə və Almaniya arasında iqtisadi və siyasi əlaqələr yüksəkdir. Hər iki ölkə Suriyadan olan miqrantlar probleminin həllinə çalışırlar. Onlar bir müddət əvvəl miqrant məsələsinin həlli ilə bağlı razılığa gəliblər. Razılığa əsasən Türkiyə Avropaya qeyri-qanuni yollarla daxil olan  miqrantların qarşısını kəsməli, Avropa Birliyi isə rəsmi Ankaraya bunun əvəzində 6 milyard dollar pul verməlidir. Türkiyə bu məbləği qaçqınların həyat şəraitinin yaxşılaşdırılmasına xərcləməlidir. Həmçinin razılaşmanın digər bəndinə görə, Avropa Birliyi Türkiyə vətəndaşlarına viza rejimini ləğv etməlidir.

Bəs niyə belə bir dövrdə Almaniya Bundestaqı belə bir addım atdı?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə,  Türkiyənin regional siyasəti Avropa Birliyini və Almaniyanın maraqlarına cavab vermədiyinə görə Ankaranı bu şəkildə cəzalandırılır. “Biricisi, Almaniya “erməni soyqrımını” tanıya biləcək sonuncu ölkə olmalı idi. Çünki Osmanlı Türkiyəsinin Birinci Dünya Müharibəsinə qoşulması məhz Almaniyanın təşəbbüsü ilə baş verib. Yəni 100 il əvvəl Osmanlı Türkiyəsində baş verənlərə görə elə birbaşa Almaniya cavabdehdi. İkincisi, Fransadan fərqli olaraq Almaniyada güclü erməni lobbisi də yoxdur ki, deyəsən Berlin bu lobbinin təsiri ilə “qətnaməni” qəbul edib”.

Elxan Şahinoğlu Türkiyənin lobbiçilik fəaliyyətinin zəif olduğunu bildirdi. “Almaniyada 3 milyon türkün yaşamasına baxmayaraq bu ölkə rahatlıqla ermənipərəst qətnamə qəbul edir, üstəlik Almaniyada məktəblər üçün yazılan tarix kitablarına “erməni soyqırımıyla” bağlı bölmə salınacaq. Çünki, Almaniyada yaşayan türklərin böyük əksəriyyəti siyası baxımdan fəal deyil. Orada yaşayan türklərin çoxu  özü üçün və biznesi üçün yaşayır. Əks halda alman deputatlar ermənipərəst qətnamənin qəbulundan öncə ehtiyat etməli, türk seçicilərinin səslərini itirə biləcəklərini düşünməliydilər”.

Siyasi ekspert qətnamənin Dağlıq Qarabağ münaqişəsinə təsirindən də danışıb. “O, deyib ki, Almaniyanın bu hərəkəti ATƏT-in hazırki sədri olaraq Dağlıq Qarabağ münaqişəsinin həllindəki tərəfsizliyinə də kölgə salacaq.

Layihənin səsverməsini Türkiyə rəsmiləri böyük etirazla qarşılayıblar. ANS PRESS-in məlumatına görə, Türkiyənin baş naziri Binali Yıldırım mətbuata açıqlamasında Almaniya Bundestaqında erməni “soyqırımı” ilə bağlı səsvermə keçirilməsini absurd adlandırmışdı.

O bildirib ki, ermənilərin iddia etdiyi hadisələr 1915-ci ildə Birinci Dünya Müharibəsi zamanı baş verib. “Türkiyəni ittiham etməyə çalışanların yaxşı niyyəti yoxdur. Biz bunu bilirik. Gizlədəcəyimiz heç nə yoxdur”.

Həmçinin, səsvermədən öncə Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan Almaniya kansleri Angela Merkellə “soyqırım”la bağlı zəng edib.

Türkiyənin bu hadisə ilə bağlı həssaslığına diqqət çəkən Ərdoğan “Almaniyadan məsələyə ağıllı yanaşma gözləyirik”, – deyə Merkelə xəbərdarlıq edib. Merkel “məsələ ilə bağlı əlimizdən gələni edəcəyik”, – deyə prezidentə bildirmişdi.

Qanun layihəsinin Almaniya Bundestaqında səsverməyə çıxarılmasına Ermənistan prezidenti Serj Sarkisyan da münasibət bildirmişdi. O deyib ki, Almaniya Bundestaqı Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğanın “Ankara-Berlin əlaqələrinə zərər gələr” sözlərinə əhəmiyyət verməyərək 1915-ci ildə baş verən erməni “soyqırımı”nın tanınması ilə bağlı qanunu qəbul etməlidir: “Bir çox deputatlar səsvermə zamanı bitərəf qalmağı düşünürlər. Onlar Ərdoğanın münasibətindən qorxurlar. Mən əminəm ki, Almaniya Bundestaqı vəziyyəti yaxşı qiymətləndirir. Amma qanunun qəbul olunmaması Almaniya, Avropa və dünya üçün mənfi addımdır”.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir