Akademik: Müasir Azərbaycan Dilinin Qrammatikası Yenidən Yazılmalıdır

“Müasir Azərbaycan dilinin qrammatikası” adlı kitaba ciddi ehtiyac yaranıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli “Azərbaycan” qəzetinə yazdığı məqalədə söz açıb.

Onun sözlərinə görə, bu adda axırıncı çoxcildlik dərgini XX yüzilliyin yetmişinci illərində Azərbaycan Dövlət Universitetində çalışan görkəmli alimlər yaradıb:

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə “Müasir Azərbaycan dili” çoxcildlik nəşrinin müəllifləri olan görkəmli dilçi alimlər Dövlət mükafatı laureatı adına layiq görülmüşdülər. Bununla belə, həmin qrammatika kitabının nəşrindən keçən yarım əsrdən çox müddətdə, xüsusən ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra Azərbaycan dilinin leksik tərkibi daha da zənginləşmiş, dildə müəyyən bir milliləşmə prosesi gedib.

Ona görə də ölkəmizin tanınmış dilçi alimlərinin cəlb olunması ilə müstəqillik mərhələsinin tələbləri əsasında müasir Azərbaycan dilinin qrammatikası yenidən yazılmalıdır. Bu, həm ali məktəblərin filologiya fakültələri üçün dərslik kimi istifadə olunmaq, həm də ümumiyyətlə dil normalarını xalqımıza çatdırmaq üçün son dərəcə əhəmiyyətli bir addım ola bilər”.

“Nəsimi adına Dilçilik İnstitutunda “Müasir Azərbaycan dilinin qrammatikası” kitabının plan-prospekti hazırlanıb. Azərbaycan dilinin qrammatikasının bütün şöbələrini: leksika, fonetika, morfologiya və sintaksis bölmələrini əhatə edəcək bir kitabın yüksək elmi-nəzəri səviyyədə hazırlanması üçün ölkəmizin dilçi alimlərinin yaradıcılıq potensialını birləşdirmək lazımdır.

Bundan başqa, Azərbaycan dilinin daxili zənginliyini, söz ehtiyatının rəngarəngliyini xalqımıza, yeni nəsillərə çatdırmaq üçün Azərbaycan dilinin sinonimlər lüğətinin hazırlanmasına da diqqət yetirməyimizə böyük ehtiyac var”, – akademik məqalədə vurğulayıb.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir