Bir neçə gün öncə Qarabağ münaqişəsi ilə bağlı qalmaqallı açıqlamaları ilə sosial şəbəkələrdə qınaq obyektinə çevrilən türkiyəli yazıçı Adnan Oktar müsahibə verib. Oxu.Az ekskluziv olaraq həmin müsahibəni tam olaraq yayımlayıb.

Proqramınızda Qarabağ münaqişəsi ilə bağlı düşüncələrinizi səsləndirərkən Azərbaycanda ermənilərə nifrət edən hər kəsə “it” dediyiniz iddia edilir. Daha sonra bu videonun montaj olduğunu söyləmisiniz. Bildiyimiz kimi, həmin proqram canlı yayımlanır, bəs bu nə qədər doğrudur?

İlk öncə bütün azərbaycanlılara sevgilərimi göndərirəm, hamısını çox istəyirəm, Azərbaycan bizim canımızdır. Həmin videonun montaj olmasıyla bağlı isə mənim heç bir açıqlamam olmayıb. Mənim danışığım açıq-aşkardır, qulaq asan hər kəs də anlayır ki, orada mənim tənqid etdiyim qrup qan tökən, savaş istəyən və zülm edən insanlardır. Danışığımda savaş edən bir ovuc insanı tənqid etdiyimi özəlliklə vurğulayıram.

Videonun axırında Azərbaycanlı qardaşlarımızın qan içində qalmasını önə çəkərək Ermənistanın zülmünü qınayıram. Mən Qurana tabe olan müsəlmanam, Allahı çox sevən, Allahdan qorxan və hər kəsi Allahın qulları kimi sevib dəyər verən biriyəm. İstəyirəm ki, bütün dünyaya sevgi hakim olsun. Savaşlar dayansın, nifrət bitsin, silahları buraxsınlar və silaha verilən pullar insanların xoşbəxtliyi üçün xərclənsin. Çünki bu, Allahın bizə bildirdiyi qanacaqdır. Ancaq bir müsəlman kimi Quranın buyuruğuna uyğun olaraq zülmkarı hər zaman qınayır və tənqid edirəm. İsrailin də, Ermənistanın da, Azərbaycanın da, Rusiyanın da zalımını qınayır, nifrətin yanlışlığını açıqlayıram. Savaş istəyən, yazıq insanların qanının axmasına səbəb olan və onları yurdlarından didərgin salanlara qarşı müsəlmanlar nə etməlidir? Bu hərəkətlərinin yanlış olduğunu açıqlamalı və barışa səsləməlidir. Azərbaycanlı qardaşlarımız çox çətinlik çəkdilər, şəhidlər verdilər, bu çətinliklər onların Allahın izni ilə şərəfli və şanlı tarixlərinin bir parçasıdır. Azərbaycanlı şəhidlərimiz bizim nurumuzdur. Mən bundan sonra Azərbaycanlı canlarımızın layiq olduqları kimi, xoşbəxt, firəvan, varlı və barış içində yaşamalarını istəyirəm. Bunun üçün də şəfqət, sevgi, mərhəmət və yoldaşlığın bütün bölgəyə hakim olmasını arzulayıram.

2014-cü ildə də siz və “kediciklər”iniz tərəfindən sosial mediada Azərbaycanın ünvanına sərt ifadələr yazıldığı iddia edilir. “Kediciklər” Azərbaycanın Ermənistandan qorxduğunu, buna baxmayaq, ermənilərin üzərinə hücum etdiyini bildirmişdilər. Siz də “kedicik”lərə haqq qazandırmışdınız. 

Bu söylədiyiniz sosial media paylaşımları tamamilə montajdır. Bu paylaşımlardakı sözlər, cümlələr, ifadələr mənim rəfiqələrim tərəfindən əsla istifadə edilməyən üslubdur. Bundan başqa, bu yazı tipi də Twitterdə istifadə edilmir. Rəfiqələrim həm aldıqları təhsil, həm mədəni səviyyələri, həm də inancları baxımından əsla belə üslubdan istifadə etməzlər. Bir türk vətəndaşı kimi Azərbaycanın yeri məndə bambaşqadır.

Allahın izni ilə İstanbuldan çıxıb Xəzərin sahilinə qədər vizasız, pasaportsuz gedəcəyimiz, Xəzərin sahilində birlikdə süfrə quracağımız, iki dövlət, tək millət kimi birləşəcəyimiz günləri həsrətlə gözləyirəm. Mənim xanım rəfiqələrim də bu tərbiyəni alıblar. İnsanlar Türkiyə və Azərbaycan arasında iki qardaş arasında fitnə salmaq istəyən bu şəxslərə əsla güvənməsinlər. Belə montajlar düzəltmək çox asan və ucuz oyundur, özlərinə görə guya Azərbaycan xalqının ağlını ələ salmaq istəyirlər. Bu sevgisiz, ağlı zəif və dava-dalaş istəyən nifrət dolu insanlara qarşı biz həmişə bir olacağıq, Azərbaycanlı qardaşlarımızla daha da birləşərək bunların oyununu hər dəfə pozacağıq, Allah qoysa.

Axırda Ermənistanın uzun illərdir ki, Azərbaycana qarşı törətdiyi soyqırım və vəhşilik mövzusuna münasibət bildirməyinizi istəyirəm …

Zülmün bitməsini və təkarlanmamasını istəyən hər insan bu zülmün kökünə baxmalıdır. Eyni məhlədə, eyni küçədə qonşu kimi yaşayan insanlar bir sabah qalxanda qonşusunun balasına birdən-birə düşmən gözü ilə baxıb qan tökməz. Adamlar bunu təbliğlə əldə edirlər. Darvinist-materialist təbliğatla insanlara “siz heyvanlardan törədiniz, hər şey kor təsadüflərin məhsuludur, güclü olmaq üçün zalım olmalısınız və bir-birinizi düşməncəsinə əzməlisiniz”, – deyə öyrədilir. Biz bu yanlış tədrisi ortadan qaldırsaq, insanlara Quran möcüzələri və iman həqiqətləri ilə Allahın varlığını açıqlasaq, həzrət Adəmin balaları olaraq hamının qardaş olduğunu, Allah sevgisi ilə hər mövzunu dəyərləndirməyi və vicdanlı davranmağı öyrətsək, bütün zülmlər sona çatar. Yer üzündə barışı hakim etmək namaz qılmaq və oruc tutmaq kimi müsəlmanlara fərzdir. Zülmün bitməsini və təkrarlanmamasını istəyən hər insan bu zülmün kökünə baxmalıdır.


Adnan Oktar: Azərbaycan üçün Canımızı Verərik

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın