Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri ilə görüşüb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, görüşdə Azərbaycan və ABŞ arasında münasibətlərin indiki səviyyəsindən məmnunluq ifadə olunub və ikitərəfli platformada əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov qonaqlara Azərbaycanın xarici siyasət proritetləri, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılmış və gündəmdə olan genişmiqyaslı enerji layihələri, qeyri-neft sektorunun inkişafı istiqamətləri ilə bağlı bilgilər verib.

Regionda sabitlik və təhlükəsizlik üçün başlıca təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində danışan E.Məmmədyarov beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə cəhdlərin yolverilməz olduğunu bildirib və BMT Təhlükəsizlik Şurasının uyğun qətnamələrinin də tələb etdiyi kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasının labüdlüyünü və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri Robert Qutlat ABŞ-ın Azərbaycanla münasibətlərə özəl önəm verdiyini bildirib və əməkdaşlığın müxtəlif sahələri üzrə əldə edilmiş uğurların yeni perspektivlər söz verdiyini əlavə edib.

Görüşdə həmçinin beynəlxalq və regional gündəliyin müxtəlif məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın