Almaniyanın Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayevin koronavirusla (COVID-19-la) bağlı apardığı növbəti elmi araşdırma dünyanın ən nüfuzlu radioloji elmi cəmiyyəti olan Amerika Radiologiya Cəmiyyəti tərəfindən yüksək dəyərləndirilib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Reportun məlumatına görə, araşdırma noyabr ayından videoformatda keçiriləcək dünyanın ən böyük və nüfuzlu radioloji konqresi üçün elmi məruzə kimi qəbul edilib.

Bu, tarixdə ilk dəfə olaraq, qeyd olunan qurumun azərbaycanlı alimdən qəbul etdiyi ilk elmi araşdırmadır. Bundan başqa, Köln Universiteti Klinikasının Radiologiya İnstitutunun COVID-19-la bağlı orada təqdim edəcəyi ilk elmi layihədir. 

Elmi araşdırmada xəstələrdə öncədən aortada və ürəyin tac damarlarında yaranan kirəcləşmənin xəstəliyin proqnozundakı rolu sübut edilib. Bundan başqa xüsusi metodla ölçülən damarların kirəcləşməsinin səviyyəsinin xəstəliyin kliniki gedişinə birbaşa təsiri elmi şəkildə təsdiqlənib.

Qeyd edək ki, Nuran Abdullayev virusun öyrənilməsi, xəstəliyin müxtəlif xəstələrdə öncədən söylənilə biləcək proqnozu və kliniki gedişi barədə bir neçə elmi araşdırma işini tamamlayıb.

Aparılan araşdırmaların nəticələri ictimaiyyətə uyğun elmi jurnallarda yayımlandıqdan sonra tam açıqlanacaq. Azərbaycanlı alimin işçi qrupu ilə birlikdə “COVID-19 diaqnostikasında Süni intellektin rolu” mövzusunda hazırladığı layihə Almaniyanın uyğun elmi distansiyalarında yüksək dəyərləndirilib.

Xatırladaq ki, tibb elmləri doktoru Nuran Abdullayev COVID-19 virusu ilə bağlı dünya elminə önəmli elmi araşdırmalar və tutarlı elmi nəticələr təqdim edən ilk azərbaycanlı alimdir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın