Avropa Komissiyasının Ticarət üzrə Baş direktorluğunun rəsmi internet səhifəsində bazara giriş haqqında məlumat bazasında Avropa Birliyi (AB) şirkətlərinin Azərbaycanın işğal olunmuş torpaqlarında biznes yaradacağı məsuliyyət ilə bağlı xəbərdarlıq yerləşdirilib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, sözügedən xəbərdarlıqda deyilir:

“Azərbaycan qanunvericiliyinə görə Dağlıq Qarabağ və/ya da ətraf ərazilərdə birbaşa, ya da filialları ilə biznes fəaliyyəti göstərən Avropa Birliyi (AB) şirkətləri mülki və cinayət məsuliyyətinə cəlb olunma riski daşıyır. Bu cür fəaliyyət Azərbaycanda həmin fəaliyyəti aparan fərdlərə və uyğun biznes barəsində cinayət təqini, ya da başqa hüquqi tədbirlərin görülməsi ilə nəticələnə bilər; həmçinin gələcəkdə Azərbaycana səfər etmə imkanına təsir edə bilər”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Reporta açıqlamasında bildirib ki, bu xəbərdarlıq mətnində Azərbaycan qanunvericiliyinə istinad edilməsi işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlar üzərində Azərbaycanın yurisdiksiyasının tanınması anlamına gəlir.

Onun sözlərinə görə, Avropa Komissiyasının bu xəbərdarlığı AB fiziki və hüquqi şəxslərinin işğal olunmuş torpaqlarda qanunsuz fəaliyyətinin qarşısının alınması ilə bağlı Azərbaycanın legitim tələblərinin yerinə yetirilməsi yönündə atılmış ilkin addımdır: “AB ilə bütün səviyyələrdə, habelə mövcud dialoq formatları, eyni zamanda AB üzv ölkələri ilə ikitərəfli iqtisadi-ticarət əməkdaşlığı üzrə Müştərək Komissiyalar çərçivəsində məsələ ilə bağlı prinsipial mövqeyimizin təbliğinin davamlılığı ilkin nəticənin əldə olunmasında önəmli rol oynamışdır. Bu tendensiyanın saxlanılması gələcəkdə AB tərəfindən növbəti və daha təsirli tədbirlərin görülməsini istisna etmir”.

Onun sozlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsi kontekstində AB-nin Azərbaycanla bağlı siyasi qərarlar qəbul edilərkən AB-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsinin (EUSR) ofisinin rəyi əsas götürülür. EUSR öz fəaliyyətində AB Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinə (AB üzv ölkələrinin səfirləri) hesabat verir və ondan tövsiyələr alır.

“Bu isə o deməkdir ki, harada dərc olunmasından asılı olmayaraq yuxarıdakı xəbərdarlığa bütün AB üzv ölkələri birmənalı şəkildə riayət etməlidir. Əcnəbi hüquqi və fiziki şəxslərin işğal olunmuş torpaqlarda qanunuz iqtsadi-ticarət fəaliyyətindən çəkindərilməsinin önəmliliyi ilə bağlı ölkəmizin üzv olduğu Avropa təsisatlarında aparılan danışıqlar zamanı yuxarıdakı xəbərdarlıqdan istifadə edilməsi prinsipial mövqeyimizin irəlilədilməsi istiqamətində yardımçı rol oynaya bilər”, – deyə, Hikmət Hacıyev bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın