40 Yaş – Kritik Dövr: Kişilərdə Orta Yaş Böhranı Nə Deməkdir?

Heç fikir vermisinizmi, ətrafınızdakı vaxtilə evli olan insanlar daha çox hansı yaş aralığında boşanmağa qərar veriblər? Bir az diqqətli olsaq, boşanmış qohuma, qonşuya, tanışın yaşına nəzər yetirsək, bu insanların məhz 40 yaşa yaxın bir dövrdə, yaxud da qırxı haqlayandan sonra bu addımı atdığının şahidi oluruq. Niyə məhz 40 yaş?

Bir az bu barədə fikir mübadiləsi aparaqmı?

Yazıda bu yaşda baş verən psixoloji proseslərə nəzər yetirib, məsələni diqqət mərkəzinə yönəltməyə çalışacağam.

Psixologiyada orta yaş krizisi adlanan bir anlayış var. Orta yaş dedikdə, məhz 40 yaş nəzərdə tutulur.

Ümumiyyətlə, insan doğulduğu andan ölənədək müxtəlif yaş krizislərindən keçməli olur. Müəyyən bir yaşda – istər uşaq olsun, istərsə böyük – yaxınlarının şikayətlərini eşidilir: “Elə bil əvvəlki adam deyil, insan necə 180 dərəcə dəyişə bilər?!”.  Yaxud yeniyetməlik kirzisi zamanı valideynlər başını tutur: “Bu mənim uşağım deyil, o bir il bundan əvvəl sözəbaxan, ağıllı uşaq idi.”

Əgər  yaxınlarınız haqqında bu kimi fikirləriniz varsa, deməli həmin yaxınınız yaş krizisi (böhran) keçirir. Yaş krizisləri haqqında ayrıca mövzuya toxunacağam, amma bu gün məhz 40 yaş krizisi barədə söhbət açmaq istəyirəm.

Hətta məşhur bir filmdə də belə bir söz eşitmişik: “Həyat 40 yaşdan sonra başlayır”. Amma o film xoşbəxt sonluqla bitir. Qırx yaşında iki müdrikləşmiş, həyat dərsi keçmiş insan bir-birinə rast gəlir.

Gəlin baxaq, görək real həyatda nə baş verir?

Krizis həm qadınlara, həm də kişilərə təsir göstərir. 40 yaşında insan bu vaxta qədərki həyatda nələri edib-etmədiyini düşünür. Əgər ailə həyatı qurmayıbsa, mütləq ailə həyatı haqqında fikirləşəcək. Əgər şəxsi özünü təsdiqlə bağlı  – karyerada problemi varsa, həmin ehtiyacı ödəməyə çalışacaq. Bu vaxta qədər həyatında hansı boşluqlar varsa, onları doldurmaq istəyəcək, həyatın bir dəfə verildiyi barədə düşünərək, ondan maksimum dərəcədə istifadə etmək  planları cızacaq.

İndi isə keçək ailə məsələlərinə:

30 yaşa qədər evlilik həyatı uşaqların doğulması, tərbiyəsi, karyera qurulması, ev, maşın alınması və s. müxtəlif hadisələrlə zəngin olur. 40-45 yaşlarında keçmiş illərdə  ailədə yığılmış bütün neqativ hissləri insan artıq gələcəyə daşımaq istəmir və onlardan qurtulmaq üçün yollar axtrır. Əgər  bu vaxta qədər həyat yoldaşından narazılığı vardısa, bu dövr tam böhranlı bir etapa daxil olur və insanı tələsik qərar verməyə məcbur edir.

Gəlin indi kişilərdə və qadınlarda baş verən ayrı-ayrı proseslərə nəzər yetirək:

Kişilər

Bu yaş nəticələri bir yerə toplamaq yaşıdır. Sosial sahədə hansı uğurlar var? Özünü tam şəkildə realizə edibmi? Hansı nəticələri var? Bəs ailə məsələləri hansı səviyyədədir? Həyat yoldaşından razıdırmı? Həyatda özünə dost qazanıbmı? İnsanların ona münasibəti necədir? Hörməti varmı?

Əgər kişi bu yaşda özünü uğurlu hesab edirsə, öz sosial ehtiyacını ödəyibsə – deməli o, qalibdir. Qalibə isə nə tələb olunur? Tərif, mükafat. Xanımı isə ona “afərin” deməklə kifayətlənir və məişət problemləri ilə qalib qəhrəmanın illuziyalarını dağıdır. Bəs həyat yoldaşı olan o xanım kimdir? Bu uğura doğru aparan enişli-yoxuşlu yolda onunla bir yerdə olan, hər yıxılanda ayağa durmağa kömək edən bir dayaq. İndi kişini maraqlandıran bu deyil, onun ancaq bir ehtiyacı var – etdiyi qəhramanlığa heyranlıq, şövq və sevgi ilə baxan gözlər. Uğur əldə etmiş kişinin ətrafında isə belə xanımlar kifayət qədərdir. Kişi düşünür: “İndi də eləməsəm, bəs onda nə vaxt? Artıq 40 yaşım var, bir azdan 50 olacaq, cavanlıq əldən gedir…və s.”

Bir tərəfdən də sağlamlıq problemləri özünü biruzə verməyə başlayır. Kişi başa düşür ki, artıq heç nəyi geri qaytarmaq olmaz, o qocalır. Nəhayət, qərar verir…

Kişilərdə Orta Yaş Böhranı

Indi keçək nisbətən uğurları az olan kişiyə. Onun vəziyyət daha gərgindir. 40 yaşın krizisi azmış kimi, hələ üstəlik bu günə qədər yığılıb qalmış borclar, arvad-uşağın ehtiyacları, məişət problemləri və digər qayğılar onu yorur. İşdə olan problemlər, evdə yaşanan narazılıq… Bu vəziyyətdə də nəfəs almaq üçün yenə kişinin köməyinə ona heyranlıqla və coşğu ilə baxan gözlər gəlir. Həyat yoldaşına xəyanət edərək, keçmiş ruhi və fiziki gücünün dirçəldiyini hiss edir. İndi “yenilənmiş” vəziyyətdə yeganə çıxış yolunu həyat yoldaşı ilə uzun sürən  münasibətlərindən yaxasını qurtarmaqda görür.

Bunun üçün nəyə əl atır? Əvvəlcə xəyanətini həyat yoldaşından gizlətməyə çalışsa da, indi artıq təxribata əl atır. Gah telefonunda müxtəlif yazışmalar “aşkarlanır”, gah evdən çıxıb gedir, həyat yoldaşının hər sözünü, əməlini bəhanə edib, aqressiv davranış nümayiş etdirir. Belə bir halda kişi 16 yaşında olan yeniyetmə kimi nə etdiyini heç özü də bilmir (yeniyetməlik dövründə olduğu kimi, 40 yaşda da hormonlar bu işə lazımınca “kömək edir”), qadın isə nəzarətçi ana kimi davranır. Təbii olaraq burda xanımın qısqanclığı, şübhələri artır, o, ərinə göz-qulaq olmağa cəhd göstərir, nəhayət, telefondakı mesajı görür və “faciə” başlayır… Sözsüz ki, təxribatçı hərəkətə verilən reaksiya emosiyasız, dava-dalaşsız ötüşmür. Beləcə, qadının “ifritə” olduğu sübuta yetirilir…

İndi qərar vermək daha asandır. Mən məsuliyyətli deyiləm – arvadım “ifritədir”. Məsələn, yorğan-döşəyini götürüb ayrı otaqda yatmağa gedir, münasibət tamamilə soyuyur və…bir gün boşanma təklifi edilir.

Indi isə qadına keçək. Düzdür, qadınların ideal olduğunu iddia etmirəm, boşanmaların tək səbəbkarının kişilər olduğunu da düşünmürəm. Hadisələr, həyatlar, xarakterlər müxtəlifdir. Elə olur ki, qadın tiran olur, kişini öz əsassız şübhələri, deyingənliyi, daima narazılığı ilə təngə gətirir və nəticədə kişi boşanmaya qərar verir.

İndi normal, ərini sevən, ona sadiq olan, hər çətin anında ona arxa olan, çətin vəziyyətlərdən çəkib çıxaran, bəzən öz zəif çiyinlərinə həddən artıq ağır yük götürən qadından gedir. Bu vəziyyətlə üzləşən qadın nə etməlidir? Əvvəlcə, o əlbəttə ki panikaya düşür, ərinin soyuqluğunu işlərinin pis getməsi ilə əlaqələndirir, ona gücü çatan qədər kömək etməyə cəhd çalışır. Lakin bir gün əlinə fakt keçir və qadın bu soyuqluğun, aqressivliyin əsas səbəbini anlayır. Onu vahimə basır, suallar qarşısında qalır. Artıq şübhəli fikirlər onu bir an belə sakit qoymur. Ərini daima sorğu-suala çəkir, ona nəzarəti artırır, öz emosiyaları üzərində nəzarəti isə saxlaya bilmir. Sorğu-sualdan “ağ qaşıq kimi təmiz” çıxan ər münasibətlərin pozulmasında  həyat yoldaşını günahkar bilir.

Belə bir kişinin imkanı olsa, qadına bəlkə də ürəyindəki bu sözləri deyər:

  • Sən özünü heç qadın kimi apara bilmirsən;
  • Sənin heç bir marağın yoxdur, ancaq ev işləri ilə məşğulsan;
  • Sən məni başa düşmürsən, mən təkəm;
  • Kökəlmisən, idmanla məşğul olmursan;
  • Məndən ancaq istifadə edirsən;
  • Mən özüm üçün yaşamaq istəyirəm;
  • Mən sənə birtəhər dözürəm, başqası olsaydı, çoxdan çıxıb getmişdi;

Bir sözlə, belə bir kişi üçün həmişəki kimi günahkar yalnız qadındır.

Dəyişikliklər istəyən bu tip kişi bu günə qədər qurduğu hər şeyi dağıtmağa hazırdır. Kişilərdə 40 yaş böhranı güclü zəlzələyə bənzəyir.

Bu yaşda kişi romantik münasibətlər axtarır. Məhz bu dövrdə o nəinki öz gücünü yoxlayır, hətta aşiq olur. Onun ruhu gənclik dövründə ürəyini titrədən ülvi hissləri axtarır. Bunu da ancaq başqa qadın verə bilər, heç nəyi, heç bir cəhəti ilə arvadına bənzəməyən qadın. Kişi düşünür: indi o mütləq son qatarın ötüb-gedən vaqonuna minməlidir…

Get-gedə münasibətlər daha da gərginləşir və kişi qərarını öz illuziyalarının lehinə verir: Azadlıq!!! Sevgi!!!

Başını itirmiş qadın isə ətrafdakılardan məsləhət istəyir. Bəziləri deyir – “öz həyatını yaşa”, bəziləri deyir – “özünə fikir ver”, bəziləri deyir – “onu qısqandır”, bəziləri – “nəbadə boşanmağa razı olasan” deyə ağıl verir. Demək, əlbəttə, asandır. Bəlkə qadın həyatını istədiyi kimi yaşayan rahat, sərbəst tiplərdən deyil?! Fiziki tələbat, psixoloji ehtiyac yaranır, amma qadın bunları öz daxilində saxlamaq məcburiyyətindədir. Qadın üçün mənəvi dəyərlər daha yüksəkdir. Əlbəttə, mentalitet var, qonum-qonşu var, ən nəhayət, yeniyetməlik yaşına çatmış uşaq (bəlkə də uşaqlar) var.

Beləliklə, əslində gücləndiyi, çiçəkləndiyi, özünü həm ana, həm qadın hiss etdiyi, həm də sosial həyatda təsdiqlədiyini düsşündüyü bir dövrdə qadın müxtəlif xəstəliklərdən əziyyət çəkməyə başlayır.

40 yaşdan sonra boşanma ilk növbədə qadına pis təsir göstərir. Bu yaşa qədər əri ilə  birlikdə qurduğu ailəsi, gələcək üçün hazırladığı birgə planları dağılmaq üzrədir. Qadın keçmiş xatirələrə qapılır – xoşbəxt günlər gözünün önündə canlanır,  gəlinlik paltarını necə sevinərək geydiyini, ərinin ona qarşı xoş hisslərini xatırlayır.  Bundan sonra uzunmüddətli depressiya və nevroz onun üçun artıq qaçılmazdır.

Haşiyə: “Əgər qadın bu yaşa qədər karyera qurubsa, müəyyən maddi gəliri varsa, yenə bunun hesabına ayaqda qala bilir, o da yarımçıq olaraq baş verir. Bəs işləməyən, maddi gəliri olmayan qadınlar nə etməlidir? Bu halda fərdlərin valideynlərinin  nə qədər məsuliyyətli olub-olmaması özünü göstərir. Elə qızlarımız var ki, 12 yaşdan ailələri onları nişanlayır. Bəs ailə həyatı alınmayanda bu qızlar necə yaşamalıdır? İnanın ki, belələrini də görmüşəm.”

Əgər boşanma təklifi kişidən gəlibsə, onun üçün bu vəziyyət daha asandır, o indi nəhayət ki “ifritə”nin və “nəzarətçi ananın” zəncirindən qurtarıb çox arzuladığı “azadlığına” qovuşacaq. Onu da deyim ki, kişi üçün krizis zamanı mənəvi dəyərlər öz qüvvəsini itirir.

Tanıdığım boşanmış bir kişinin ilk sözü belə olub: “Boşanmışam, azadam. Nə istəyirəm, onu da edirəm!” Dedim: “Aha, 40 yaş krizisi…” “-Nə krizis, mənim 45 yaşım var!”….

Qeyd edim ki, böhran dövrü 37 yaşından başlayaraq, 45-50 yaşa qədər davam edə bilər.

Kişinin beynində fırtınalar baş verir. Bir tərəfdən arvadını görəndə qıcıqlanır. Bir tərəfdə uşaqlarının qarşısında utanır. Bir tərəfdən də yolunu gözləyən “mələk” onu azadlığa səsləyir. Kişi “Cəhənnəm əzabına dözümmü, yoxsa nə edim?” sualı qarşısında qalır.

Əslində isə, onun öz həyat yoldaşının dəstəyinə ehtiyacı var. Amma bunu necə edəcəyini bilmir. Ona elə gəlir ki, bu problem daimidir. Özünü aqressiv apardığına görə ətrafdakılar kişini mühakimə edir. Bir tərəfdən kişi ictimaiyyət qarşısında utanır da, digər tərəfdən də emosiyalar onu yeyib qurtarmaq üzərədir…

Ardı: 40 Yaşın Krizisi – Faydalı Məsləhətlər

Sizin psixoloq

Nərgiz Hüseynova

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir