İngiltərə bankı 20 funt sterlinq ($ 28,7) nominallı əsginasın yeni dizaynını təqdim edib. Yeni banknotun arxa hissəsində rəssam Uilyam Törnerin (William Turner) əsərinin fonunda onun öz şəkli təsvir olunacaq.  O, həmin əsərini 1839-cu ildə çəkib.

Yeni əsginas 2020-ci ildə dövriyyəyə buraxılacaq. Burada Törnerin fotosu Britaniya iqtisadçısı və publisist Adam Smiti əvəzləyəcək. Əsginasın ön hissəsində isə II Yelizavetanın şəkli var və bu yeni əsginasda da dəyişməz olaraq qalacaq.

“Törner bütün zamanların ən nüfuzlu britaniyalı rəssamı sayılır. Onun fəaliyyəti dəyişkən idi. O, klassik və müasir dünyaları birləşdirən əsərlər yaradıb”, – deyə İngiltərə Bankının rəhbəri Mark Karni bildirib.

ANS PRESS-in məlumatına görə, Əsginasın yeni dizaynı üçün Böyük Britaniyanın görkəmli nümayəndələrinin seçim prosesi 2013-cü ildən başlayıb. Məsləhət şurası banka britaniyalıların təklif etdiyi 29 min namizəddən  590-nın adını təqdim edib. Bundan sonra qısa siyahı tərtib olunub və onların içərisindən də Törner seçilib.

Romantik peyzaj ustası və akvarelçi Törner öz dövrünün novatoru idi. Onun yaradıcılığı realizmdən  impressionizmə keçən bir körpü olub. Onun əsərlərində təfərrüatların verilməməsi onun digərləri tərəfindən tez-tez tənqidlərə məruz qalmasına səbəb olub. Ölümqabağı Törner bütün əsərlərini britaniya xalqına vəsiyyət edib.

Bu il aprelin 21-də daha bir əsginasın dəyişdirilməsi haqqında məlumat verilib. Belə ki, 20 dollar əsginaslarının üzərində ABŞ-ın 7-ci prezidenti Endrü Ceksonun portreti dəyişdirilərək Qarriet Tabmenin portreti ilə əvəz olunacaq.

Bu barədə ABŞ-ın maliyyə naziri Ceykob Lyu bildirib. Yeni əsginasların 2020-ci ildən dövriyyəyə buraxılması nəzərdə tutulur. 2020-ci ildə ABŞ Konstitusiyasında qadınlara səs hüququ verən 19-cu düzəlişin 100 illiyi qeyd ediləcək.

Hazırda mövcud olan dollar əsginaslarının başlıca dizaynı 1928-ci ildə təsdiqlənib. Əsginaslarda ABŞ-ın dövlət xadimlərinin portretləri əks olunur:

ABŞ-ın birinci prezidenti Corc Vaşinqtonun (George Washington) portreti 1 dollarlıq əsginası, üçüncü prezident Tomas Cefferson (Thomas Jefferson) 2 dollarlıq,  ABŞ-ın 16-cı prezidenti Şimal-Cənub müharibəsinin qalibi Abraam Linkoln 5 dollarlıq,  ABŞ-ın əsasını qoyanlardan olmuş və ilk maliyyə naziri Aleksandr Hamilton 10 dollarlıq, ABŞ-ın yeddinci prezidenti və müasir dolların yaradıcılarından olmuş Endrü Cekson (Andrew Jackson) 20 dollarlıq,  ABŞ-ın 18-ci prezidenti və vətəndaş müharibəsinin qəhrəmanı Uillis Qrant (Willis Grant) 50 dollarlıq,  alim, publisist və diplomat Benjamin Franklin 100 dollarlıq əsginasda əks olunub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın