“Azərbaycanla Türkiyənin Bakının azad olunmasının 100 illiyini birgə keçirmək hazırlığı sarsılmaz qardaşlığın örnəyidir”.

Bu düşüncələri Yenicag.az-a açıqlamasında Bakının bolşevik-daşnak birləşmələrindən təmizlənməsinin 100-cü ildönümünə yönəlik hazırlıq işlərini dəyərləndirən “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib.

Zəlimxan Məmmədlinin dediyinə görə, Bakının Qurtuluş gününün keçirilməsi çərçivəsində genişölçülü tədbirlərin düşünülməsi yaxşı anlamda təəccübləndirici addımlardır:

“Təbii ki, tariximizin ən dəyərli olaylarından biri 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə ordularının birgə çalışmaları ilə Bakının bolşevik-daşnak işğalından azad olunmasıdır. Bu tarixi olayın baş verməsi üçün canlarından keçən Azərbaycan və Anadolu əsgərlərinin xatirəsini sayğıyla anırıq.

Doğrudur, 15 sentyabr tarixi gününün bu millətə bəxş olunmasında misilsiz xidmətləri olan Nuri Paşa, o cümlədən Ənvər Paşa və başqa şəxsiyyətlərin adlarının əbədiləşdirilməsi, bu olayın 100-cü ilinə yetişmədən də onlara Bakının ən görkəmli yerlərində heykəllərin ucaldılması ola bilərdi. Ancaq bu, ya da başqa səbəblərdən hələki o işlər həyata keçirilmədi.

Bununla belə, müəyyən susqunluqdan sonra Bakıda haqqında danışdığımız 100 illiklə bağlı genişölçülü tədbirlərin hazırlanması, hətta hərbi keçidin düşünülməsi alqışlanası addımdır.

Bildiyimiz qədər, bu tədbirlərə Türkiyə Silahlı Qüvvələrinin bölmələri də qatılacaqlar. Hətta deyilənə görə, Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın da Bakıdakı 100 illik mərasimlərinə qoşulacağı planlaşdırılır.

Bütün bunlar Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını, “Bir millət, iki dövlət” prinsipinin sözdə yox, əməldə olduğunu göstərməklə yanaşı, dünyaya verilən çox ciddi mesajdır. İnanırıq ki, bu tədbirlər ən yüksək səviyyədə, qəhrəmanlarımızın adlarına layiq şəkildə keçiriləcək”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın