Ərdoğanla Putinin 1 İldə 5-ci Görüşü: Ankara və Moskva Tam Anlaşıb

Türkiyə Respublikası və Rusiya Federasiyası prezidentləri Rəcəb Təyyub Ərdoğanla Vladimir Putin noyabrın 13-də Soçidə görüşüb. Bu görüş 2015-ci ildə iki ölkə arasında yaranan böhranın ikinci ilinin tamam olması ilə üst-üstə düşür. Həmin il noyabrın 24-də Rusiyanın “Su-24” təyyarəsi Türkiyənin hava sərhədini pozduğu üçün vurulmuşdu.

Təbii ki, o olaylardan sonra Moskva ilə Ankara arasındakı münasibətlərə vasitəçilik etmək istəyən kənar güclər də, aranı qızışdırıb əlaqələrin düzəlməməsi üçün çalışanlar da vardı. Türkiyə Rusiya ilə əlaqələri bərpa etmək üçün ciddi səylər göstərirdi. Bunun üçün 2016-cı ildə “yol xəritəsi” yaradıldı, əlaqələrin qurulması istiqamətində addımlar atıldı.

Əslində, Türkiyə sərhədini pozan Rusiya təyyarəsinin vurulması bölgədəki gərginliyin göstəricisi də sayılırdı. Artıq iki ölkə arasında iqtisadi əlaqələr iki il öncəki səviyyəyə çatmaqdadır.

Gəlin Türkiyə-Rusiya iqtisadi əlaqələrinə dair təyyarənin vurulmasından öncəki bir sıra faktları yada salaq. Belə ki, 2014-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 31 milyard dollar olub. Ancaq 2015-ci ildə geriləyərək ilk 9 ayda 18,1 milyard dollara düşüb. Bu il isə Rusiya Türkiyəyə 15 milyard dollarlıq, qarşı tərəf isə 3 milyard dollardan bir az çox mal ixrac edib.

Rusiya ilə Türkiyə liderləri ticarət dövriyyəsini 2023-cü ildə 100 milyard dollara çatdırmaq istəyində olduqlarını bildiriblər.

İki ölkə arasında ticarət əlaqələri enerji maraqlarına da dayanır. Türkiyə Almaniyadan sonra “Qazprom”dan ən çox qaz alan ikinci ölkədir. 2014-cü ildə Rusiya Türkiyəyə 27,3 milyard kubmetr, ya da ölkənin təbii qaza olan ehtiyacının 60 faizini ixrac edib.

Türkiyənin yanacaq bazarının başlıca oyunçularından biri də Rusiyanın “LUKoyl” neft şirkəti sayılır. Rusiya KİV-inin bildirdiyinə görə, bu şirkətin Türkiyədə 600-dən artıq yanacaqdoldurma məntəqəsi var və 2008-ci ildə bu sahədən 555 milyon dollar gəlir əldə edib.

Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin

“Rosatom”un Türkiyədə tikəcəyi “Akkuyu” Atom Elektrik Stansiyasının dəyəri isə 20 milyard dollardır.

R.T.Ərdoğanla V.Putin arasında keçirilən görüşlərin statistikasında da maraqlı görüntü var. Onlar bəlkə də ən tez-tez görüşən prezidentlərdir. R.T.Ərdoğan 2014-cü ildə prezident seçiləndən sonra iki lider arasında 10 görüş olub. Onların 7-si qarşılıqlı səfərlər, 3-ü isə beynəlxalq toplantılar çərçivəsində keçirilən görüşlərdir. 2003-2014-cü illərdə Ərdoğan Putinlə hökumət başçısı olaraq görüşüb.

2015-ci il noyabrın 16-da iki ölkənin liderləri Antalyada “Böyük-20”liyin sammitində bir araya gəlmişdi. Həmin görüşdən 8 gün sonra “Su-24” olayı baş verdi. Onlar 2017-ci ildə Soçi danışıqları da olmaqla 5 dəfə görüşüblər.

Rusiya və Türkiyə prezidentləri sonuncu görüşlərində iki ölkə arasındakı əlaqələrin bərpası və inkişaf etidirilməsi ilə bağlı məsələyə geniş yer veriblər. Çünki məlum təyyarə olayı ilə bağlı tərəflər bir-birinə sanksiya qoymuşdu. Hələ də qadağalar tamamilə aradan qaldırılmayıb.

Türkiyəni rahatsız edən və Rusiyanın da fəal iştirak etdiyi məsələlərdən biri Suriyadakı böhrandır. R.T.Ərdoğanla V.Putin Soçi görüşündən sonra keçirdikləri mətbuat konfransında bu problemə də geniş yer ayırıblar.

Təbii ki, bu görüşdə Azərbaycan tərəfini maraqlandıran başlıca məsələ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin müzakirə edilib-edilməməsi idi. Çünki Türkiyə prezidenti Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin işə salınmasının açılışı mərasimindən ölkəsinə qayıdarkən rusiyalı həmkarı ilə keçirəcəyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə edəcəklərini vurğulamışdı. O, həmçinin Soçiyə səfərdən qabaq Ankarada hava limanında keçirdiyi məbuat konfransında da jurnalistin “Dağlıq Qarabağ məsələsini müzakirə edəcəksinizmi” sualına müsbət cavab vermişdi.

ABŞ-ın müdafiə naziri Ceyms Mettis

Ancaq dövlət başçıları görüşün sonucu ilə bağlı keçirdikləri mətbuat konfransında bu məsələyə toxunmayıblar. Ona görə də münaqişənin müzakirəsi məsələsi ilə bağlı yalnız mülahizə yürütmək olar. Belə düşünmək olar ki, görüşdə bu məsələyə toxunulub, ancaq mətbuat üçün açıqlamanın verilməməsi razılaşdırılıb. Ya da Putin Ərdoğana atəşkəsin saxlanılmasının önəmliyiylə bağlı danışıb və b. Bütün hallarda prezidentlərin görüşündə Azərbaycanın işğal altında saxlanılan torpaqları ilə bağlı məsələnin müzakirə edilib-edilmədiyini real proseslər fonunda görmək olar. Bu da yalnız münaqişə ilə bağlı ciddi bir addım atıldığı halda olar.

Yeri gəlmişkən, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə etmək üçün gələn həftə Bakı və Yerevanda olacaq. Ola bilsin, Putin Ərdoğanı bu məsələ ilə bağlı bilgiləndirib. Bununla belə, problemin gündəlikdə olması da az önəm daşımır.

Türkiyə prezidenti Rusiyaya səfərindən öncə hava limanında çox sərt açıqlamalarla çıxış etdi. O, Rusiya və ABŞ-ın Suriyadan hərbi güclərini çıxarmasını istədi. ABŞ və Rusiya prezidentlərinin “Suriya probleminin hərbi yolla həlli ola bilməz” bəyanatının cavabını həmin mətbuat konfransında verdi: “Bunu başa düşmürük. Dünyanı aldatmasınlar. Bəs bu qanı kim tökür? Qoy onlar Suriyadakı hərbçilərini geri çəksinlər. Bizim orada hərbçimiz yoxdur”.

Türkiyə prezidenti vurğulayıb ki, Suriyanın şimalında ABŞ-ın 5 hava və daha 8 hərbi bazası var: “Üst-üstə gələndə hərbi bazaların sayı 13 edir. Birini də Raqqada yerləşdirirlər. Rusiyanın isə Suriyada 5 hərbi bazası var. Ora silah göndərirlər. Bu silahlar kimə göndərilir? Təbii ki, ya “PYD”, ya da “YPG”yə (terrorçu PKK-nın Suriyadakı qolları – S.İ.) göndərilir. Bölgədəki durumu bizdən yaxşı heç kim bilmir”.

Yəqin Rusiya prezidenti türkiyəli həmkarının Suriyadan hərbçilərin çıxarılması istəyini (əgər görüşdə qaldırılıbsa) cavablandırıb.

ABŞ-ın müdafiə naziri Ceyms Mettisin ötən gecəki çıxışını da Türkiyə prezidentinə cavab olaraq dəyərləndirmək olar: “Prinsipcə BMT bizə İŞİD-i ovlamağa icazə verib. Biz orada İŞİD-i dağıtmaq üçün varıq. Ancaq bu, o demək deyil ki, biz oradan (Suriyadan – S.İ.) belə asanlıqla çıxacağıq. Biz istəmirik ki, Suriyadan çıxandan sonra orada ikinci İŞİD ortaya çıxsın və biz də özümüzü buna heyrət edən kimi aparaq”.

ABŞ-ın hərbi rəsmisi bununla Türkiyə də olmaqla bölgə dövlətlərinə hələ uzun müddət Suriyada qalacaqları mesajını verib.

Beləliklə, Ərdoğanla Putin “Su-24” təyyarəsinin vurulmasının ikinci ildönümü ərəfəsində görüşməklə dünyaya iki ölkə arasında münasibətlərin tam bərpa olunduğunu göstərdilər. Ankara və Moskva Suriya böhranının həllində mövqelərində yaxınlaşmanın olduğunu da bəyan ediblər.

İnanaq ki, prezidentlərin görüşündən öncə və sonra yaranan texniki çatışmazlıqlar danışıqlar zamanı əldə edilən razılaşmaların icrasına təsir etməyəcək.

Qeyd edək ki, Rusiya Prezident Administrasiyasının nümayəndə heyətinin Moskva şəhərindəki “Vnukovo” hava limanında prezident Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasındakı danışıqlara yollanmalı olduğu “Tu-204” təyyarəsində texniki nasazlıq aşkar edildiyindən onu başqası ilə əvəz etmişdilər.

Bir də Rusiya və Türkiyə prezidentləri Vladmir Putin və Rəcəb Təyyub Ərdoğanın Soçi görüşündən sonra mətbuat nümayəndələri üçün bəyanatlar səsləndirilən zaman tərcümə problemi yaşanıb. Putin tərcüməçini birbaşa mikrofona çağırmaqla ev sahibi kimi durumdan çıxıb.

Görüş Ruiya ərazisində keçirildiyindən hər iki çatışmazlığın məsuliyyətini də Kremil rəsmiləri daşıyır. Bunları təsadüf sayıb geniş açıqlama vermədən üstündən keçirik.

Təəssüf ki, Soçi görüşü bu iki çatışmazlıqla daha çox yadda qalacaq.

Qaynaq: Sədrəddin İsmayılov (Report)

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir