Əbdürrəhim Bəy Haqverdiyevin Həyatından: Yalançı Xortdan

1907-ci ildə Əbdürrəhim bəy Haqverdiyev Gəncə şəhərində yaşayırdı. Gəncə ziyalıları onu çox yaxşı tanıyırdılar. Onların arasında yazı-pozu ilə işləri görənlər də var idi. Əli Nəzmi də bunlardan biri idi. Onlar öz yazdıqlarını Haqverdiyevə oxuyar, ondan məsləhət alardılar.

Bir nəfər də vardı, ədibi lap təngə gətirmişdi. Bu “ziyalı” gecələri yatmır, ağzına gələn hərzələri yazıb adını da faciə qoyur və səhəri gün Haqverdiyevə oxuyurdu. Haqverdiyev də xasiyyətcə mülayim olduğu üçün özünə əziyyət verib qulaq asırdı.

Bir gün yenə də Haqverdiyev bağda oturmuşdu. Bir də gördü ki, həmin “yoldaşı” əlində də “Molla Nəsrəddin” məcmuəsinin son nüsxəsi ilə gəldi və görüşüb onun yanında əyləşdi. O, həmişəkindən fərqli olaraq çox qürurlu görünürdü:

– Əbdürrəhim bəy, “Cəhənnəm məktubları”nı mütaliə edirsinizmi? – deyə əlindəki “Molla Nəsrəddin” məcmuəsinin “Cəhənnəm məktubları” çap olunan səhifəsini Haqverdiyevə göstərdi.
– Bəli, oxuyuram, – ədib cavab verdi.
– Necə xoşunuza gəlirmi?
– Niyə, pis deyil, yaxşıdır.
– Mən ölüm, Əbdürrəhim bəy, düz deyirsiniz?
– Necə bəyəm? Sizinlə zarafatım var?
– Elə isə mən çox xoşbəxtəm.

Haqverdiyevi maraqqarışıq bir təəccüb bürümüşdü.
– Təəccüblənməyin, Əbdürrəhim bəy, öz aramızda qaısın. Heç kimə deməyin. Nə vaxtdandır ki, “Cəhənnəm məktubları”nı mən yazıram, “Xortdan” mənim gizli imzamdır.
– Çox gözəl, amma, qardaşoğlu, hər bir yazdığın “pyes”i mənə oxuduğun halda, bəs bunu niyə oxumursan, gətir hekayənin mabədini oxuyaq, çox maraqlıdır…
– Yox, mirzə, bu, onlardan deyil, bunu oxumuram.
– Oxumazsan?
– Yox.
– Niyə?
– Ürəyinizə pis gəlməsin, qorxuram…
– Niyə, nədən qorxursan, qardaşoğlu?
– Belə deyirlər ki, qələm sahibləri çırpışdıran olurlar.
– Elə isə qulaq as, sən başa düş.

Haqverdiyev əlini cibinə salıb bir dəftər çıxarır və “Cəhənnəm məktubları”nın mabədini əlyazmasından oxumağa başlayır. “Cəhənnəm məktubları”nın guya müəllifi olan yalançı “Xortdan” özünü itirir, “mirzə, bir balaca işim var” – deyə əkilir və bir daha Haqverdiyevin imzasına sahib çıxmır.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir